Maddənin Həqiqi Mahiyyəti – 1


XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür.Allahın varlığını tanımayanların anlamadığı məqam da budur. Bu insanlar Allahı gözləriylə görmədikcə, Onun varlığına iman etməməyə şərtləniblər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən “yaradılış” gerçəyini gizlətmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalırlar və yalanlara müraciət edirlər. Təkamül nəzəriyyəsi, bu mövzuda müraciət edilən yalanların, nəticəsiz çırpınışların ən çox nəzərə çarpan nümunəsidir.

İnkar edənlərin əsas səhv cəhətini, əslində Allahın varlığını inkar etməyən, ancaq yanlış Allah inancına sahib olan bir çox insan tərəfindən də paylaşılır. Cəmiyyətdə çoxluq təşkil edən bu insanlar yaradılışı rədd etmirlər, ancaq Allahın “harada” olduğuna dair qəribə, batil inancları var: Bu insanların çoxu Allahın “göydə” olduğunu hesab edir. Şüuraltındaki düşüncələrinə görə sanki, Allah çox uzaqdakı bir planetin arxasındadır və nadir hallarda “dünya işlərinə” müdaxilə edir. Ya da heç vaxt müdaxilə etmir; kainatı yaratmış və özbaşına buraxmışdır, insanlar isə öz talelərini özləri yazırlar…

Bəziləri də Quranda ifadə edilən Allahın “hər yerdə” olduğuna dair ayəni eşitmiş, lakin bunun mənasını tam olaraq dərk edə bilməmişdir. Şüuraltındaki bu batil düşüncələrinə görə, Allahın sanki radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi maddələrdən ibarət olduğunu zənn edirlər (Allahı tənzih edirik).

Halbuki bu düşüncə və yuxarıda qeyd etdiyimiz Allahın “harada” olduğunu heç cür anlamayan (bəlkə də buna görə Onu inkar edən) düşüncələr ortaq bir səhv cəhətə əsaslanırlar: heç bir təməli olmayan bu önyarqını mənimsəməklə Allahla bağlı zənnə düşürlər. (Önyarqı – qabaqcadan əmələ gəlmiş yanlış fikir, mühakimə edilməmişdən əvvəl əldə edilən nəticə. İngiliscə qarşılığı “prejudice”.)

Bu önyarqı nədir?..

Bu önyarqı maddənin varlığı və mahiyyəti ilə bağlıdır. Maddənin var olduğuna o qədər şərtlənmişik ki, görəsən həqiqətən varmı, yoxsa ancaq kölgə varlıqdır, heç bu haqda düşünməmişik. Halbuki müasir elm bu önyarqını da yıxaraq çox mühüm və təsirli gerçəyi ortaya qoyur. Məqalənin davamında Quranda da işarə edilən bu böyük həqiqəti izah etməyə çalışacağıq.

Elektrik Siqnallarından İbarət olan Dünya

Yaşadığımız dünya ilə bağlı bütün məlumatlar bizə beş duyğu vasitəsiylə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Doğulduğumuz gündən etibarən bu duyğulara bağlı olduğumuz üçün “xarici dünya”nın duyğu üzvlərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç vaxt düşünməmişik.

Halbuki, bu gün bir çox elm sahəsində aparılan araşdırmalar son dərəcə fərqli nəticələrə gəlmiş, hisslərimiz və qavradığımız dünya ilə bağlı ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayışın çıxış nöqtəsi isə belədir: Bizim “xarici dünya” hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, hətta ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu məqalənin sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.

Fridrix Vester (Frederick Vester) elmin bu barədə gəldiyi nəticəni belə ifadə edir:

“Bəzi mütəfəkkirlərin ‘insan xəyaldır, əslində bütün yaşananlar ötəri və aldadıcıdır, bu kainat kölgədir’ kimi sözləri artıq elmi cəhətdən öz sübutunu tapır.”

Məşhur filosof Corc Berklinin (George Berkeley) bu təəccüblü həqiqət ilə bağlı şərhi belədir: “Onları gördüyümüz, toxunduğumuz  və hiss etdiyimiz üçün həmin obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehnimizdə var olan fikirlərdir. Bu halda hisslərimiz vasitəsilə qavradığımız obyektlər fikirlərdən başqa bir şey deyil və bu fikirlər zehnimizdən başqa yerdə ola bilməzlər …Madam ki, bütün bunlar yalnız zehində var olan şeylərdir, o halda kainatı və digər maddələri zehnimizin xaricində olan varlıqlar kimi xəyal etsək, səhv etmiş olarıq… Onda əhatəmizdə olan və maddə dediyimiz hər şeyin zehinimizin xaricində bir varlığı yoxdur.”

Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə xarici dünya haqqında bizə məlumat verən hisslərimizdən danışaq.

Necə Görürük? Necə Eşidirik? Necə Dadırıq?

Görmə prosesi olduqca mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı cisimdən gələn işıq seli (fotonlar)  gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir yolları vasitəsilə beyinin arxa hissəsindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı bir sira ardıcıl proseslərdən keçdikdən sonra beyindəki bu mərkəzdə görüntü olaraq qavranılır. Yəni görüntü əslində beyinin arxasındakı kiçik və işıq şüalarının heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq nöqtədə meydana gəlir.

Bir cisimdən gələn işıq fotonları elektrik siqnalına çevrilərək beyində görüntü meydana gətirirlər. Görürəm deyərkən, əslində zehinimizdəki elektrik siqnallarının meydana gətirdiyi görüntünü seyr edirik.

Ümumilikdə hər kəs tərəfindən qəbul edilən bu fikrə bir daha nəzər salaq: Biz “görürəm” deyərkən, əslində gözümüzə gələn işıq fotonlarının elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi “təsiri” görürük. Yəni “görürəm” deyəndə, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

Həyatımız boyunca gördüyümüz hər görüntü bir neçə kub santimetrlik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Amma daha bir məsələni nəzərdən qaçırmamalıyıq. Yuxarıda ifadə etdiyimiz kimi kəllə sümüyü işığı qətiyyən beyinə  buraxmır, yəni beyinin içi qapqaranlıqdır. Bu səbəbdən beyinin işıqla təmasda olması əsla mümkün deyildir.

Bu maraqlı vəziyyətə aid bir nümunə göstərək. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb ona uzun müddət baxaq. Amma bu müddət ərzində beynimiz şama aid işığın əsli ilə heç bir zaman təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.

R.L. Qreqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:

“Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavab tələb edən sualların olduğunun fərqinə varmaq böyük təxəyyül tələb edir. Lakin buna diqqət edin: Gözlərimizə kiçik, “kəlləmayallaq” görüntülər verilir və biz ətrafımızda bunları mükəmməl varlıqlar olaraq görürük. Retinanın üzərindəki işıq fotonları nəticəsində maddi dünyanı qavrayırıq. Bunun möcüzədən heç bir fərqi yoxdur.”

Bu vəziyyət digər duyğu üzvlərimiz üçün də eynilik təşkil edir. Səs, toxunma, dad və qoxu elektrik siqnalı olaraq beyinə çatır və buradakı müvafiq mərkəzlərdə qəbul edilir. Eşitmə hadisəsi də belə baş verir. Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırır; orta qulaq bu səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərir. Eynilə görmə prosesində olduğu kimi eşitmə prosesi də beyindəki eşitmə mərkəzində reallaşır. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirmir. Bu səbəbdən “xaricimiz” nə qədər səs-küylü olsa da beynin içi tamamilə səssizdir.

Buna baxmayaraq ən dəqiq səslər beyində eşidilir. Sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyir, izdihamlı mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışıltısından tutmuş reaktiv təyyarələrinin səs-küyünə qədər geniş tezlik intervalında bütün səsləri eşidə bilərsiniz. Amma həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada dərin səssizliyin olduğu aydın olar.

Bir cisimdən gələn işıq seli retina üzərinə tərs şəkildə düşür. Burada elektrik siqnalına çevrilən görüntü beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Görmə mərkəzi dediyimiz yer kiçikdir. Beyin işığı keçirmədiyi üçün görmə mərkəzinə də işığın çatması mümkün deyil. Yəni biz parlaq və dərinlikli bir dünyanı kiçik və işığın əsla çata bilmədiyi nöqtədə hiss edir və ya görürük..

Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir. Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burunun epitelindəki titrək tüklərdə olan qəbuledicilərə gəlir və burada qarşılıqlı təsir yaradırlar. Bu təsir beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu kimi qavranılır. Nəticədə bizim yaxşı ya da pis deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində yaratdığı təsirdən başqa bir şey deyil. Parfüm, çiçək, sevdiyiniz yeməyin, dənizin qoxusunu, xoşunuza gələn və ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç zaman çata bilməzlər. Səs və göründə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən beyninizdən xaricdəki obyektlərə aid bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik qıcıqlarıdır.

Bir ocağın işığını və istiliyini hiss etdiyimiz anda belə beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir.

Eləcə də insan dilinin ön tərəfində dörd fərqli tip kimyəvi qəbuledici var. Bunlar duzlu, şirin, turş və acı dadlarına uyğun gəlir. Dad qəbulediclərimiz bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə çatdırır. Bu siqnallar da beyin tərəfindən dad hesab edilir. Şokoladı ya da sevdiyiniz meyvəni yediyinizdə hiss etdiyiniz dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Beyninizin xaricində olan əşyaya isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Beyninizə gedən dadbilmə sinirləri kəsilsə, onda yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dadbilmə hissinizi tamamilə itirərsiniz.

Burada qarşımıza daha bir həqiqət çıxır. Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birisinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmaq mümkün deyil. Bu gerçəklə əlaqədar Linkoln Barnet (Lincoln Barnett) belə deyir:

“Bir insanın qırmızını görməsi ya da Do notunu eşitməsinin başqa bir insanınkı ilə eyni olub-olmadığını bilmək mümkün deyil.” (4)

Toxunma hissimizə gəldikdə də fərqli bir şeyin olmadığını görürük.. Bir cismə toxunduğumuzda xarici dünyanı və əşyaları tanımağımıza səbəb olan məlumatlar, dəridəki sinirlər vasitəsilə beyinə çatdırılır. Toxunma hissi beynimizdə meydana gəlir. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə də beynimizdəki toxunma mərkəzidir. Bizlər əşyalardan gələn elektrik qıcıqlarının beynimizdə şərh olunması nəticəsində sərtlik və ya yumşaqlıq, isti və ya soyuq kimi hisslər qəbul edir və bunları bir-birindən fərqləndiririk. Hətta bir cismi tanımağımızı təmin edən ən incə təfərrüatı belə bu qıcıqlar sayəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B. Rassl (B. Russel) və L. Vitgeynşteyn (L. Wittgeinstein) kimi məşhur filosofların düşüncələri isə belədir:

“…bir limonun həqiqətən var olub olmadığı və hansı müddət ərzində var olduğunu hesaba çəkmək və araşdırmaq mümkün deyil. Limon yalnız dillə aydın olan dad, burunla alınan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və yalnız bu xüsusiyyətlər elmi araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elmin obyektiv dünyanı bilməsi əsla mümkün deyil.” (5)

Yəni maddi dünyanın əslinə çatmağımız qeyri-mümkündür. Əlaqədə, təmasda olduğumuz bütün əşyalar, əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Müvafiq mərkəzlərində məlumatları şərh edən beynimiz, həyatımız boyu maddənin bizim xaricimizdəki “əsli” ilə deyil, beynimizdəki kopiyaları ilə münasibətdə olur. Biz isə bu kopiyaları xaricimizdəki həqiqi maddə zənn edərək yanılırıq.

——————————————————————————–

Qeydlər:

1 Frederick Vester, Düşünmək, Öyrənmək, Unutmaq, İstanbul: Arıdan Nəşriyyat, 1991, s. 6.

2  Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İctimai Nəşrləri, Çev: Enver Aydakın, İstanbul: 1976, ss.38-39-44

3 r. l. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s. 9

4 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq nəşrləri, Çev: Nail Bezel, sf.20

5 Orxan Hançerlioğlu, Düşüncə Tarixi, Remzi Nəşriyyat, İstanbul: 1987, s. 447

Maddənin Həqiqi Mahiyyəti – 1” üzərinə 4 şərh

  1. Deyesen cox ifrata vardiq axi…
    illuziya axi ne vere bilir?
    belke qavraya bilmediyimiz texnologiyalar bizi maddeden ideyani ayirmaqi mecbur edib maddeni inkar etmeye sovq edir?axi biz bundan evvel KITABa istinad ederek……………

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma