Bolşevik Vəhşiliyin Tarixi


20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmayan və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.

20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiya köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan vermişdir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalar mövcud olmuşdur. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.

Kommunizm bu “izm”lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.

İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq…Leninin Qanlı İnqilabı

Karl Marks hər hansı siyasi partiyanın və ya hərəkatın lideri deyildi. Yalnız nəzəriyyəçi idi. İnsanlıq tarixini dialektik materializm qaydalarına görə izah etməyə çalışmış, məhz buna görə tarixə şərh vermiş və gələcək haqqında kəhanətlər uydurmuşdur. Marksın ən böyük kəhanəti isə (gələcək haqqında verdiyi xəbər) inqilab idi. Kapitalizmin qiyam edən fəhlələr tərəfindən yıxılacağını və bu inqilab nəticəsində “sinifsiz cəmiyyət”in meydana gələcəyini vəd etmişdi.

Marks 1883-cü ildə öldü. Aradan bir əsrdən çox keçməsinə baxmayaraq, Marksın xəbər verdiyi inqilab heç cür reallaşmadı. Avropalı kapitalist ölkələrdə nəinki inqilab reallaşmışdı, hətta işçilərin iş və həyat şərtlərində qismən də olsa yaxşılaşma olmuş və fəhlə-burjuaziya gərginliyi azalmışdı. İnqilab reallaşmırdı və heç ümid də yox idi.

Belə vəziyyətdə Marksın ölümündən təxminən 20 il sonra Rusiyada başqa önəmli isim peyda oldu. Marksistlərin qurduğu Rus Sosial-Demokrat Partiyası daxilində getdikcə nüfuz qazanan Vladimir İliç Lenin marksizmə yeni bir baxış ortaya qoyurdu. Leninə görə inqilabın öz-özünə olması mümkün deyildi, çünki avropalı fəhlə sinfi burjuaziya tərəfindən təmin edilən imkanlarla yaradılmışdı və digər ölkələrdə isə onsuz da sözügedən ideologiya daşıyıcısı olacaq dəyərli fəhlə sinfi yox idi. Lenin bu vəziyyətə işin militan variantda həllini təklif edirdi: İnqilab Marksın düşündüyü kimi işçilər tərəfindən deyil, işçilər (yəni marksist ədəbiyyata görə “proleteriat”) adına fəaliyyət göstərən professional inqilabçılardan ibarət, hərbi intizama sahib “Kommunist Partiyası” tərəfindən reallaşdırılacaqdı. Kommunist Partiyası silahlı mübarizə və təbliğat üsullarından istifadə edərək inqilabı reallaşdıracaq, iqtidarı ələ keçirdiyi andan etibarən Leninin “proleteriat diktatorluğu” adını verdiyi avtoritar rejim qurulacaq və rejim müxalifləri “təmizlənəcək”, xüsusi mülkiyyəti ortadan qaldıracaq və cəmiyyətin kommunist nizama doğru keçidini təmin edəcəkdi.

Kommunizm, Leninin ortaya atdığı bu nəzəriyyə ilə əli silahlı terror qruplarının ideologiyasına çevrilirdi. Lenindən sonra da dünyanın hər tərəfində özünü qan tökərək inqilab etməyə həsr etmiş yüzlərlə “kommunist partiyası” və ya “fəhlə partiyası” ortaya çıxdı.

Bəs kommunist partiyası inqilab üçün hansı üsullardan faydalanmalı idi? Lenin bu sualı həm yazıları, həm də hərəkətləriylə cavablandırırdı: Kommunist partiya bacardığı qədər qan tökməliydi…

Lenin, hələ 1906-cı ildə, yəni Bolşevik İnqilabından 11 il əvvəl, Proletari jurnalında belə yazırdı:

Bizi silahlı mübarizə maraqlandırır. Bu mübarizə, fərdlər və kiçik qruplar tərəfindən icra edilir. Bir qismi inqilabçı təşkilatlara aid, digər hissələri (əksəriyyəti Rusiyanın müəyyən hissələrində) hər hansı inqilabçı təşkilata bağlı deyillər. Silahlı mübarizə, bir-birlərindən qəti şəkildə ayrılan, fərqli iki məqsədə yönəlib. Birincisi, bu mübarizə insanlara, liderlərə, ordu və polisdəki vəzifəlilərə sui-qəsd etməyi, ikincisi, həm hökumətə aid, həm də xüsusi fərdlərə aid pul qaynaqlarına yiyələnməyi qarşısına məqsəd qoyur. Əldə olunan pullar qismən partiya kassasına, xüsusi silahlanma məqsədinə və qiyam hazırlığına, qismən də bu mübarizəyə qatılan insanların dolanışığına gedir. Böyük qənimətlər (Qafqazdakı 200.000 rubl, Moskvadakı 875.000 rubl kimi olanlar) həqiqətən də əvvəlcə inqilabçı partiyalara getmişdir -kiçik qənimətlər isə əsasən “əldə edənlərin” dolanışığına gedir. (1)

Leninin də rəhbərlik etdiyi Rus Sosial-Demokrat Partiyasında, 1900-cü illərin əvvəlində önəmli fikir ayrılığı yaşanmışdı. Leninin öndərliyindəki qrup şiddət yoluyla inqilab etməyi müdafiə etdiyi halda, digər qrup da demokratik üsullarla marksizmi Rusiyaya gətirməyi müdafiə edirdi. Leninistlərin sayının əslində az olmasına baxmayaraq müxtəlif təzyiq üsullarıyla “çoxluq” halına gəldilər və rusca “çoxluq” mənasını verən “Bolşevik” sözüylə adlandırılmağa başladılar. Digər qrup isə “azlıq” mənasını verən “Menşevik” sözüylə adlandırıldı.

Bolşeviklər Leninin yuxarıda qeyd olunan sitatında təsvir edilən şəkildə təşkilatlanmağa başladılar. Yəni sui-qəsdlər, hökumətə aid pulların qarət olunması, rəsmi təşkilatların soyulması və s. Bolşeviklərin planlaşdırdıqları inqilab sürgündə keçən illər səbəbiylə 1917-ci ildə reallaşdı. Həmin il iki ayrı inqilab baş verdi. Fevral ayında reallaşan ilk inqilabda Rus Çarı II Nikolay taxtından endirildi, ailəsiylə birlikdə həbs edildi və demokratik hökumət quruldu. Ancaq Bolşeviklər demokratiya deyil, “proletar diktatorluğu” qurmaqda qətiyyətli idilər. 1917-ci ilin oktyabrında gözlədikləri inqilab reallaşdı və Lenin ilə onun ən böyük köməkçisi Lev Trotskinin öndərliyindəki kommunist hərbiçilər əvvəl hökumət mərkəzinin yerləşdiyi Petroqradı, daha sonra Moskvanı ələ keçirdilər. Hər iki şəhərdəki qarşıdurma nəticəsində dünyanın ilk kommunist rejimi quruldu.

Oktyabr İnqilabından sonra Rusiyada böyük vətəndaş müharibəsi oldu. Çarı dəstəkləyən generalların yığdığı “Ağ Ordu” ilə Trotski öndərliyindəki “Qırmızı Ordu” arasındakı döyüş 3 il davam etdi. 1918-ci ilin iyul ayında Leninin əmriylə Bolşevik hərbiçilər tərəfindən Çar II Nikolay və bütün ailəsi (üç uşağı ilə birlikdə) güllələnərək edam edildi. Vətəndaş müharibəsi boyunca Bolşeviklər rejim müxaliflərinə qarşı ən qanlı cinayət, qırğın və işgəncələri tətbiq etməkdən çəkinməmişdi. İstər Qırmızı Ordu, istərsə də Leninin sifarişi ilə qurulan “ÇK” (ЧК – чeрезвычайная комиссия – fövqəladə komisiya) adlı gizli polis təşkilatı, inqilaba qarşı olan bütün qruplara böyük terror tətbiq etdilər.

Bolşeviklər məhv etmək istədikləri hər kəsi müəyyən kateqoriyalarda damğalayırdılar. Məsələn “burjualar” və ya Bolşeviklərdən fərqli sosializm anlayışını müdafiə edən “Menşeviklər” qurulan yeni rejimin əsas düşmənləri idi. Ən çox hədəfə düşən kateqoriya isə “kulak” idi. Kulaklar Rusiyada zəngin torpaq sahiblərinə verilən ad idi. Lenin, inqilab və vətəndaş müharibəsi boyunca, kulaklara qarşı vəhşicəsinə terror tətbiqinə dair yüzlərlə əmr yağdırmışdı. Məsələn, Penza Sovet İcra Komitəsinə göndərdiyi bir teleqrafda belə yazırdı:

Yoldaşlar! Beş qəzanızda cərəyan edən Kulak qiyamı mərhəmətsizcə əzilməlidir. İnqilabın mənfəətləri bunu tələb edir, çünki artıq hər yerdə kulaklarla “ölüm-qalım mübarizəsi” başlamışdır. Bir nümunə  yaratmaq lazımlıdır. Daha az sayda olmamaq şərtilə; 100 Kulak, pullu adam, qaniçənin asılması (insanların görə biləcəyi şəkildə asılmasını deyirəm), adlarının açıqlanması, bütün taxıllarının müsadirəsi… Bunu insanların yüzlərlə metr kənardan görüb titrəyəcəkləri, anlayacaqları… şəkildə edin. Bu təlimatları aldığınızı və yerinə yetirdiyinizi bildirən teleqraf göndərin. Salamlar. Lenin. (2)

Leninin təlimatları Bolşevik hərbiçilər tərəfindən böyük zövqlə yerinə yetirilirdi. Hətta hərbiçilər xüsusi vəhşilik stilləri də mənimsəmişdilər. Məşhur Rus yazıçısı Maksim Qorki şahid olduğu bəzi vəhşilik örnəklərini belə izah edirdi:

Tambovda kommunistlər həbs etdikləri adamları sol əl və sol ayaqlarından yerdən bir metr yuxarıda, ağaclara, dəmiryolu mismarları ilə mıxlayırdılar və bu insanların ağrıdan mələdiyini bilərəkdən izləyirdilər. Bir əsirin mədəsini açıb kiçik bağırsağını götürür və bir ağaca mismarlayırdılar və bağırsağın boşalmasını izləyirdilər. Tutduqları vəzifəliləri soyub çiyinlərindən etibarən dərilərini üzürdülər. (3)

Bolşeviklər, kommunizmi bəyənməyən hər kəsi “təmizləyirdilər”. Leninin yuxarıda qeyd olunan əmrinə bənzər bir çox əmr və əmrin tətbiqi nəticəsində on minlərlə insan heç bir mühakimə olmadan güllələnmişdi. Bir çox rejim müxalifi də “Qulaq” adlandırılan və məhbusların çox ağır şərtlərdə ölənədək işlədildikləri düşərgələrə göndərilmişdi. Onların çoxu bu düşərgələrdə ölürdü… Nəticədə, 1918-1922 illəri arasında Bolşevik rejimə qarşı qiyam qaldıran yüz minlərlə işçi və kəndli qətl edildi.

Tarixçi Riçard Payps (Richard Pipes) gizli Sovet arxivlərinə əsaslanaraq yazdığı The Unknown Lenin (Bilinməyən Lenin) adlı kitabında, Leninin Bolşeviklərə verdiyi saysız cinayət, qırğın, işgəncə əmrlərini ortaya çıxarır və nəticə olaraq belə yazır:

Mövcud dəlillərlə Leninin idealist deyil, ancaq gerçək ya da xəyali olsun, problemləri həll etmənin ən yaxşı yolunun, onlara səbəb olan insanları öldürmək olduğuna inanan qatil olduğunu rədd etmək qeyri-mümkündür. 20-ci əsrdə on milyonlarla insan həyatının yox olmasını, siyasi və sosial məhv tətbiqatını ilk başlayan özüdür. (4)

(1) Vladimir I. Lenin, 30 Sentyabr 1906, Proletari, Nr. 5, erisyay@kurtuluscephesi.com

(2) Rusiya Müasir Tarixi Sənədlərin Qorunması və Araşdırılması Mərkəzi, 2/1/6/898; Kommunizmin Qara Kitabı, s. 98

(3) Orlando Figes, A People’s Tragedy, A History Of The Russian Revolution, Penguin Books Ltd, 1997, USA, s. 775

(4) Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, Yale University Press, New Haven, London

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma