Dərin Düşünmək


Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açır, nəfəs alır, yerinizdə çevrilir, qalxır və yeriyir, yemək yeyir, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra bayıra çıxır və ya pəncərədən bayıra baxır və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidir, yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini, eləcə də küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz.Bir də belə düşünün. Doğulduğunuz gündən etibarən bir otaqda həyatınızı davam etdirdiyinizi fərz edin. Bu otaq dörd divardan ibarət olsun və bayırı görmək üçün heç kiçik bir pəncərəsi də olmasın. Otaqda sadəcə ehtiyacınıza uyğun bir neçə sadə mebel olsun. Həyatınızın keçdiyi bu otaqda sizə ancaq həyatınızı davam etdirmək üçün lazımlı bir-iki cür yemək və su verilsin. Otaqda bayırdan xəbər almaq üçün hər hansı rabitə vasitəsinin, məsələn, telefon, radio və ya televizorun da olmadığını fərz edək. Ona görə bir çox şey haqqında məlumatınız olmayacaq.

Bir gün həyatınızı keçirdiyiniz bu otaqdan çıxarıldığınızı və xarici aləmi gördüyünüzü fərz edin. Belə olduqda dünya haqqında nələr düşünərsiniz?

Gözünüzün görə bildiyi sahənin genişliyi, işığın varlığı, Günəşin üzünüzə vuran istiliyi, göy üzünün mavi rəngi, ağappaq buludların varlığı sizi çox təəccübləndirəcəkdir. Gecələr göy üzündə görünən parlaq ulduzlar, bütün ehtişamı ilə göy üzünə doğru uzanan dağlar, insanlar üçün gözəllik olan çaylar, göllər, dənizlər, yer üzünə həyat verən leysan yağışları, yamyaşıl ağaclar, rəngarəng bənövşələr, çobanyastıqları, qərənfillər, gözəl qoxulu yasəmənlər, güllər, hər biri insana başqa ləzzət verən portağallar, qarpızlar, gavalılar, çiyələklər, bananlar, şaftalılar, insanda şəfqət duyğusu oyandıran pişiklər, itlər, dovşanlar, ceyranlar, heyranedici gözəllikləri və rənglərilə kəpənəklər, quşlar, dəniz canlıları…

Bütün bu gördükləriniz qarşısında həm heyrətlənər, həm də bütün bunları kimin etdiyini düşünərsiniz. Meyvələrin rənglərini görüb qoxularını aldıqda bunları kimin belə cəlbedici rənglərə boyadığını, bu xoş qoxuları onlara kimin verdiyini düşünərsiniz. Bir yemişi daddıqda, almadan bir parça dişlədikdə ləzzətlərinin necə bu qədər gözəl və fərqli olduğunu, belə qabıqlı bir cismin içinə şəkərin necə yerləşdirildiyini düşünər, meyvələrin sıra ilə düzülmüş çəyirdəklərini gördükdə bunun necə olduğunu öyrənmək istəyərsiniz.

Gördüyünüz hər yeni şey, öyrəndiyiniz hər məlumat sizə böyük həyəcan verər. Hər şeyin səbəbini, necəliyini öyrənməyə çalışarsınız. Qarpızın çoxala bilmək üçün çəyirdəklərinə, quşların uçmaq üçün mütləq tüklərə ehtiyacı olduğunu, Günəşdən gələn şüaların, oksigenin, suyun bütün canlıların yaşaması üçün lazımlı olduğunu, dənizlərin və okeanların varlığının əhəmiyyətini, bitkilər olmasa yer üzündə pozulacaq tarazlıqları, taxta parçasına bənzəyən toxumlarda növbənöv bitkilərin cücərməsini təmin edən məlumatların şifrələndiyini və daha bir çox incəliyi öyrənərsiniz. Öyrəndiyiniz hər şey bu ehtişamı daha dərindən dərk etməyinizə kömək edər.

Öyrənməyə başladıqlarınızın yer üzündəki canlıların xüsusiyyətlərinin sadəcə çox kiçik bir hissəsi olduğundan, hər şeyin bir-birilə əlaqəli şəkildə işlədiyindən, görmədiyiniz varlıqların, eşidə bilmədiyiniz səslərin varlığından, kosmosdakı ehtişamlı sistemlərin mövcudluğundan xəbərdar olduqda isə təəccübünüz daha da artar.

Bütün bunların incəliklərini bir-bir öyrənərkən hər dəfə eyni suallar ağlınıza gələcək: bu möhtəşəm varlıqların hamısı necə ortaya çıxıb? Mən necə meydana gəlmişəm? Madam ki, hər şeyin bir səbəbi var, hər şeyə bir səbəb tapılır; bəs mən niyə varam?

İllərlə qaldığınız bir otaqdan çıxdığınız anda dünyadakı müxtəliflik və ehtişamlı yaradılış ilə qarşılaşdığınız üçün davamlı olaraq düşünər və suallarınıza cavab axtararsınız. Hər sualınızın cavabında “mütləq bunları edən biri var” sözləri olar. Düşünməyə tənbəllik etmədiyiniz və ətrafınızdakı varlıqlara biganə qalmadığınız üçün hər şeyin bir Yaradanı olduğuna qəti qərar verəcəksiniz. Hər insan əslində məhz bunu etməlidir: gördüyü şeylərə biganəliklə deyil, düşünərək, suallar verərək baxmalıdır…

Hər gün üstündən keçdiyiniz polad körpüləri necə tikən varsa, sağlamlığı polad ilə müqayisə edilən sümüklərinizi də dizayn edən var. Heç vaxt bir nəfər irəli çıxıb dəmir və kömürün təsadüfən birləşərək poladı, poladın da təsadüfən sementlə birləşib körpüləri əmələ gətirdiyini söyləyə bilməz. Çünki bunu iddia edən şəxsin ağlından şübhələnərlər.

Ancaq bu açıq həqiqətə baxmayaraq, dünyadakı bütün canlıların, göy üzünün, ulduzların, kosmosun, qısaca desək, hər şeyin təsadüfən ortaya çıxdığını iddia etməyə cəsarət edənlər var. Bu təsadüf iddialarının məntiqsizliyi isə düşünən və dərk edən hər insan üçün son dərəcə açıqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma