«Şirk» ərəb dilində «şəriklik, ortaqlıq» mənasını daşıyır. Quranda isə şirk hər hansı bir şeyi və ya hər hansı bir kimsəni, ya da hər hansı bir anlayışı üstün tutmaq, dəyər vermək, önəm vermək, daha artıq bəyənmək baxımından Allahla bərabər və ya daha üstün bir səviyyədə görmək və bu yanlış dünyagörüşü ilə hərəkət etmək şəklində göstərilir.
Şirk Quran açıqlamalarında «tay qoşmaq», «şərik qoşmaq» kimi tərcumə edilir. Quranda Allaha şərik qoşmaq «Allahdan başqa tanrı seçmək», «Allahdan başqasına qulluq etmək» kimi də ifadə olunur.
Ən geniş mənada isə şirk inam, düşüncə, əxlaq anlayışı, yaşayış tərzi və dəyər baxımından Allahın Quranda bildirdiyi ölçülərdən və mütləq doğrulardan fərqli meyarlar seçmək və həyatını bu meyarlara görə qurmaqdır. Bu cür meyarları seçən insan artıq Allaha şirk qoşur. Bu meyarları qoyan özü, atası, babası, yaşadığı cəmiyyət, müxtəlif fəlsəfə və ideologiyaların qurucuları və tətbiqediciləri və s. ola bilər. Bu geniş tərifə görə, haqq dinin, yəni İslamın cızdığı yoldan fərqli yolu mənimsəyən bir kimsə şirkə girmiş olur. Bu insan özünü dinsiz, ateist, xristian, yəhudi və s. olaraq tanıda bilər. Hətta müsəlman olduğunu belə söyləyə bilər. Lakin bir məsələdə belə, Qurana zidd anlayışı, düşüncəsi, son hökmü varsa, o insan müşrik olmaq təhlükəsi içindədir. Çünki bu halda yalnız Allahı deyil, digərlərini də qayda-qanun qoyan kimi qəbul etmişdir.
Şirk məntiqi daxilində Allahın mütləq inkarından da söz getmir. Hətta müşriklərin böyük hissəsi özlərinin müşrik olduqlarını açıq-aşkar qəbul etməz, özlərinə belə bir xüsusiyyəti yaraşdırmaq istəməzlər. Vicdanlarını örtdükləri və özlərini aldatdıqları üçün axirətdə belə şirk qoşduqlarını inkar edərlər. Onların bu vəziyyətləri Quranda belə bildirilir:
«O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: «Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz haradadır?» Onların: «Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!» – deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!» («Ənam» surəsi, 22-24).
Allaha şərik qoşanın mütləq şərik qoşduğu şey üçün «Bu da bir tanrıdır», «Mən bunu Allahdan başqa tanrı sayıram, buna da inanıram» deməsi və ya bu şəkildə düşünməsi heç də vacib deyil. Şirk hər şeydən əvvəl qəlbdə olur, daha sonra düşüncə və hərəkətlərdə özünü göstərir. Qurandan anladığımıza görə, bir insanın şirkə düşməsinin təməlində Allahdan başqa hər hansı bir şeyi Allahdan daha üstün tutması durur. Məsələn, bir adamın razılığını Allahın razılığından üstün tutmaq və ya bir kimsədən Allahdan qorxan kimi, hətta daha çox qorxmaq, ya da bir kimsəni Allahı sevən kimi sevmək, o kimsəni Allaha şərik qoşmaq, onu Allahla yanaşı bir tanrıya çevirmək deməkdir. Məhz Quranda ən çox diqqət yetirilən şirk növləri də bunlardır.