İnsanları şirkə aparan səbəblərdən biri də qorxudur. Eynilə, sevgi kimi, yalnız Allaha qarşı duyulması vacib olan qorxu hissi Onun yaratdıqlarına qarşı duyulduqda şirk yaranmış olur. Çünki Allahdan başqasından qorxmaq, qorxduğu şeyi Allah kimi güc və qüdrət sahibi olaraq görmək, onun Allahdan müstəqil olduğunu, eləcə də Allahın yazdığı taledən kənar qərar verib hərəkət etdiyini düşünmək onu tanrılaşdırmaq mənasını verir. Allahdan başqasına qarşı qorxu bəsləməyin ikinci tanrı seçmək olduğu Quranda belə bildirilir:
«Allah belə buyurdu: «İki tanrı qəbul etməyin. O yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!» Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?» («Nəhl» surəsi, 51-52).
Müşriklərin insanlardan hiss etdikləri şiddətli qorxu da ayələrdə belə tərif edilir:
«…İçərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşürlər…» («Nisa» surəsi, 77).
Sevgi və ya qorxudan başqa, Allahdan yox, başqalarından kömək diləmək, Allahı deyil, insanları razı salmağa çalışmaq, Allaha güvənməyib hansısa səbəblərə, insanlara güvənmək, Allahın yaratdıqlarını Allahdan asılı olmayan güc, iradə və nüfuz sahibi olaraq görmək şirkə gətirən səbəblər arasındadır.