Şirki formalaşdıran ən önəmli səbəblərdən biri Allahın yaradılışdan verdiyi «sevgi» hissinin yanlış istiqamətləndirilməsidir. Ayədə müşriklərin bütlərinə bəslədikləri möhkəm sevgidən belə bəhs edilir:
«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər» («Bəqərə» surəsi, 165).
Ayədən anlaşıldığı kimi, «sevgi» şirkin olduğu kimi tövhidin də təməlindəki ən önəmli ünsürdür. Dolayısı ilə, iman gətirənlər daxillərindəki sevgini bütünlüklə Allaha yönəldirlər. Müşriklər isə Allah ilə səmimi yaxınlıq qura bilmədikləri, Allahı layiqincə qiymətləndirə bilmədiklərindən sahib olduqları sevgi potensialını öz nəfslərinə və ya başqa insanlara istiqamətləndirirlər. Bunlar ataları, oğulları, qardaşları, xanımları, ərləri, sevgililəri, nümunə götürdükləri kimsələr, heyran olduqları bir çox insanlar ola bilər. Bəzi kimsələrdə isə bu sevgi insanlarla yanaşı, cansız əşyalara, hətta mücərrəd anlayışlara da istiqamətləndirilir. Pul, dövlət, ev, maşın, hər hansı bir əşya, məqam, mövqe, iqtidar və sair kimi şeylər bütləşdirilir.
Hər kəsdə və hər şeydə mövcud olan bütün üstün və gözəl sifətlər, həqiqətdə, yalnız Allaha aid olan sonsuz mükəmməl sifətlərin bir əksidir. Bütün bu gözəl və üstün xüsusiyyətlərin tək qaynağı Allahdır. Dolayısı ilə, sevgiyə layiq olan yeganə varlıq da ancaq bu üstünlük və gözəlliklərin sahibi olan Allahdır. Bu səbəbdən sevgini Allahın Özünə yönəltmədən hər hansı bir varlığı Allahın nəzarətindən uzaq görərək ona sevgi göstərmək də onu saxta tanrı seçmək, Allaha şərik qoşmaq olur.
Başqa bir ayədə Hz.İbrahimin dili ilə müşriklərin Allahı qoyub bütlərə sevgi ilə bağlanmalarından danışılır:
«İbrahim onlara dedi: «Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!»« («Ənkəbut» surəsi, 25).
Sevgi münasibətləri quraraq şirk qoşmanın ən dəqiq nümunələrindən biri də qadınlara qarşı bəslənən ehtiras dolu sevgidir. Bu qadın kişinin arvadı, sevgilisi, hətta uzaqdan platonik olaraq sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Nəticədə, bu qadına qarşı bəslənən sevgi Allahı unutduran, Allahı layiqincə anmağı əngəlləyən, Allah sevgisindən üstün tutulan, qəlbdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan sevgi növüdürsə, insanı birbaşa şirkə apara bilər. Cəmiyyətdə məsum görünən belə bir davranışın, əslində, Allah yanında çox fərqli bir qarşılığının ola biləcəyini Qurandan öyrənə bilərik:
«Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi şeytana ibadət edirlər» («Nisa» surəsi, 117).
Eyni təhlükə yalnız kişilər üçün deyil, qadınlar üçün də qüvvədədir. Cəmiyyətdə bu şirk sevgisi «eşq», «romantizm», «saf və təmiz duyğular» və s. şəkildə göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə gəncləri təsir altına alan bu romantizm düşüncəsi ağıl və şüurun inkişafını əngəllədiyi üçün dindən, imandan, yaradılış məqsədindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii davranış, yaşayış tərzi halına gətirmiş azğın nəsillər meydana gətirir.
masaAllah. Bu haqqda melumatim cox az idi. Allah razi olsun.