Ərəb dilində bəzi kəlmələr hər dildə olduğu kimi bir çox mənalarda işlənmişdir. Azərbaycan dilində bəzi kəlmələrin fərqli mənaları olduğu kimi, ərəb dilindəki «fitnə» kəlməsinin də fərqli mənaları vardır.
Fitnə əslində «qızılın digər yad metallardan ayrılması məqsədi ilə qaynadılması üsulu» üçün istifadə olunan bir kəlmədir. Quranın bir çox ayəsində fitnə sözün kökünə bağlı olaraq möminlərlə inkarçıların və ya münafiqlərin bir-birindən ayrılması üçün yaradılan imtahanlara verilən addır. Bu imtahanların əsas xüsusiyyəti özündə azdırıcı ünsürləri də daşımasıdır. Yəni insanın doğru yoldan azması və ya hidayətə tabe olması bu imtahan qarşısında göstərdiyi davranışa bağlıdır. Hz.Musanın Quranda xəbər verilən duası fitnənin həm azdırıcı, həm də hidayətə çatdıran xüsusiyyətlərinin olduğunu göstərir. Ayədə belə buyurulur:
«Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda Musa dedi: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!» («Əraf» surəsi, 155).
Dünyanın bir imtahan yeri olduğu və insanların imanlarının mütləq qaydada sınağa çəkiləcəyi Quranın bir çox ayələrində xatırladılır:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Başqa bir ayədə isə fitnənin iki növdən ibarət olduğu bildirilmişdir:
«Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!» («Ənbiya» surəsi, 35).
İnsanın çoxlu var-dövlətə sahib olması və ona bir çox nemətlərin verilməsi, Qurana görə hərəkət etdiyi təqdirdə onun Allaha yaxınlaşmasına vasitə olur. Amma öyündüyü və sahib olduqlarını Allahın rizasına uyğun şəkildə sərf etmədiyi təqdirdə doğru yoldan azmış olur. Belə bir insan üçün «var-dövlət fitnəsinə aldandı», «var-dövlət fitnəsinə düşdü» kimi ifadələr işlədilir. Bu insan imtahandan layiqincə keçməyərək axirətdə «ziyana uğrayanlardan» olmuşdur.
İnsanın üzləşdiyi sıxıntı, xəstəlik, habelə onun evini, ailəsini itirməsi kimi hallar da fitnəyə nümunə ola bilər. Ancaq insan burada üsyan etdiyi, ümidsizliyə və kədərə qapıldığı zaman fitnə onun imanının zəif olduğunu ortaya çıxarmış olur.
Mömin isə hər cür hadisənin Allahdan gəldiyini bilir və bu cür hadisələr qarşısında Allahdan razı olur, ən böyük sıxıntını belə təvəkküllə qarşılayır. Dünyaya aid heç bir dəyər onun qəlbində yer tutmadığından bunların itirilməsindən və ya əldən çıxmasına görə kədərlənmir. Bu ovqatın Allahın rizasını qazana bilmək üçün ən uyğun olduğunu bilir.
ela basqa soze ehtiyac yoxdu.bu yazi sanki menden danisirdi.