Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.
Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.
Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra da bu hipotezi təsdiq etmək üçün illərlə davam edən çoxsaylı araşdırmalar apara bilərlər. Amma maddənin belə bir xüsusiyyəti yoxdur və dolayısı ilə bütün bu səylər uğursuzluqla nəticələnəcəkdir.
Hətta alimlər elm hipotezdə çox israr etsələr, araşdırmalar illər, hətta nəsillər boyu davam edə bilər. Nəticədə isə zaman itkisi və çox böyük maddi zərər ortaya çıxar. Əslində isə başlanğıcda “maddənin hər hansı bir şüurlu nizamlama olmadan öz-özünü nizamlaması mümkün deyil” fikri ilə başlasalar, buna əsaslanan elmi araşdırmalar da çox sürətli və dəqiq şəkildə irəliləyəcəkdir.
Diqqətlə baxsaq görərik ki, bu cəhət, yəni hipotezin doğru müəyyənləşdirilməsi elmi kəşflərdən daha fərqli bir mənbə tələb edir. Bu mənbəni doğru müəyyənləşdirmək isə çox vacibdir, çünki bir az əvvəl göstərdiyimiz misalda olduğu kimi mənbənin yanlış müəyyən edilməsi elm dünyasının illər, onilliklər, hətta əsrlərin itirməsinə səbəb ola bilər.
Axtarılan bu mənbə məhz Allahın insanlara çatdırdığı vəhydir. Çünki Allah kainatın və bütün canlıların yaradıcısıdır və dolayısı ilə, bu mövzular haqqındakı ən doğru, mübahisəsiz məlumat Allahdan gələn məlumatdır. Belə ki, Allah Quranda bu mövzular haqqında bizə vacib məlumatlar verir. Bunlardan ən aydın olanlarını belə sıralaya bilərik:
1) Allah Kainatı yoxdan var etmişdir. Hər şey bir məqsədlə yaradılmışdır. Bu həqiqətin bir nəticəsi olaraq təbiətdə və bütün kainatda təsadüflərin əmələ gətirdiyi xaos deyil, yaradılmış qüsursuz bir nizam mövcuddur.
2) Maddi kainatın, xüsusilə də üzərində yaşadığımız Yer kürəsinin bütün xüsusiyyətləri insan həyatına uyğun şəkildə yaradılmışdır. Ulduzların və planetlərin hərəkətlərində, yer üzünün formalarında, suyun ya da atmosferin xüsusiyyətlərində insanın yaşamasına şərait verən müəyyən bir məqsəd vardır.
3) Bütün canlı növlərini Allah yaratmışdır. Bundan əlavə, bu canlıların hərəkətləri də Allahdan gələn xüsusi bir ilhamla gerçəkləşir.
Bunlar Allahın Quran vasitəsilə bizə öyrətdiyi mütləq həqiqətlərdir. Bu həqiqətlərə əsaslanan elm anlayışı da, heç şübhəsiz, çox böyük uğur əldə edəcək, çox faydalı şəkildə bəşəriyyətə xidmət edəcəkdir. Belə ki, tarixdə bunun aşkar nümunələri də var. 9 və10-cu əsrlərdə müsəlman dünyasında müşahidə olunan elmi tərəqqi məhz elmin yuxarıda sadalanan doğru təməllər üzərində qurulması sayəsində mümkün olmuşdur. Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrinin bütün qabaqcıl nümayəndələri Allahın varlığına inanan və Onun yaratdıqlarını tədqiq etmək məqsədi ilə araşdırma aparan böyük alimlərdir.
Albert Eynşteyn insanların hədəflərini müəyyən edərkən dini həqiqətlərə istinad etməyin vacibliyini belə ifadə etmişdir:
«İnsanın həqiqi hədəfini din müəyyən edir. Ancaq hansı vasitələrə istinad edilməsinin vacibliyi məsələsində elmin də söyləyəcəyi şeylər var. Elm həqiqəti qüsursuz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınır. Lakin yenə də bunun mənbəyində böyük ölçüdə din vardır. Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.» (Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, fəsil 3)
Lakin XIX əsrin ortalarından etibarən elm dünyası bu İlahi təməldən uzaqlaşdırılmış və materialist fəlsəfənin təsiri altına düşmüşdür. Materializm, tarixi antik Yunanıstana qədər uzanan bir düşüncə tərzidir, maddənin mütləq varlığını müdafiə edərək Allahı inkar edir.
Materializm bu iddialarını elm dünyasına mərhələli şəkildə qəbul etdirmiş və XIX əsrin ikinci yarısından etibarən elmi araşdırmaların böyük hissəsi bu iddiaları dəstəkləməyə həsr edilmişdir. Bu məqsədlə kainatın sonsuzluqdan bəri mövcud olduğunu fərz edən “sonsuz kainat modeli”, həyatın təsadüflər nəticəsində əmələ gəldiyini irəli sürən Darvinin təkamül nəzəriyyəsi, insan zehninin beyindən ibarət olduğunu irəli sürən Freydin görüşləri və buna bənzər nəzəriyyələr ortaya atılmışdır.
Lakin bu gün geriyə dönüb baxdıgımız zaman materializmin bu iddialarının elmə sadəcə vaxt itkisi “qazandırdığını” görürük. Çünki bu iddiaların hər birini isbat etmək üçün on illər boyu bir çox alimlər səy göstərmiş, ancaq ortaya çıxan nəticələr bu iddiaların əsassız olduğunu göstərmişdir. Kəşflər eynilə Allahın Quranda xəbər verdiyi kimi kainatın yoxdan yaradıldığını, insan həyatını nəzərə alan bir məqsədə görə nizamlandığını, həyatın təsadüflər nəticəsində əmələ gəlməsinin və təkamül keçməsinin mümkünsüz olduğunu sübut etmişdir.