Quranda nəfsin fücurunu ifadə etmək üçün çox vaxt «həva» terminindən istifadə olunur. «Həva» lüğətdə «istək, ehtiras, nəfsin arzu və həvəsi, şəhvət, şəhvətə qarşı şiddətli meyl, insanın pozulmasına yol açan bütün daxili amillər» şəklində izah edilir.
İnkarçılar nəfsin bu neqativ tərəfini, yəni «həvanı» yeganə yol göstərici və ya məqsəd hesab edirlər. Bütün həyatlarını öz həvalarını razı salmaq istiqamətində qururlar. Bu məqsədlə zehnlərini tamamilə istəklərinin təmin edilməsinə yönəldir və dolayısı ilə dinin insana öyrətdiyi həqiqətləri qavraya bilməyəcək hala gəlirlər.
Allah həvalarının nəzarətində olan insanların Quranı və peyğəmbərlərin təbliğini qavraya bilmədiklərini belə bildirir:
«Onların içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən: «Bu saat o nə dedi?!» – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!» («Muhəmməd» surəsi, 16).
Nəfsini ört-basdır edən, nəfsinin fücuruna təslim olan bir insan hər hadisədə və mühakimədə həvasının hakimliyinə müraciət edir. Doğru və yanlış həvanın istək və arzulara görə qiymətləndirilir. İnsan artıq öz nəfsinə səcdə edir. Quranda insanın bu vəziyyətə düşməsinə «öz həvəsini tanrı seçməsi» adı verilir. Allah «Casiyə» surəsindəki ayədə bu vəziyyəti belə diqqətə çatdırır:
«Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?» («Casiyə» surəsi, 23).
İstəyi və həvəsi yönündə hərəkət etdiyi üçün ağlagəlməz hala düşən insan, eyni zamanda, Quranda görməyən və eşitməyən kimi müəyyənləşdirilmişdir. Ağıllı möminlər isə yaxşı ilə pisi ayıran anlayışa (fərasətə) və hadisələrə hakim olan dünyagörüşünə, qavrayışa (bəsirətə) malik olurlar. Quranda həvalarına uyduqları üçün düşünmə qabiliyyətlərini itirən və yolunu azan insanlar və cəmiyyətlərlə bağlı çoxlu ayələr vardır. Bu ayələrdən bəziləri belədir:
«De: «Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə (həvasına) uymayın!»« («Maidə» surəsi, 77).
«De: «Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir». De: «Mən sizin nəfsinizin istəklərinə (həvanıza) əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!»« («Ənam» surəsi, 56).
«Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş heyvanların ətindən yeməyəsiniz. Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, haram buyurduqlarını artıq O müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə (həvalarına) uyaraq düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!» («Ənam» surəsi, 119).
«Beləliklə, Biz onu ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra nəfslərinin istəklərinə (həvalarına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz!» («Sad» surəsi, 37).
«Nəfsini (həvasını) özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan?» («Furqan» surəsi, 43).
«Ey iman gətirənlər! Şahidliyiniz sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! Əleyhinə şahidlik edəcəyiniz şəxs istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə (həvanıza) uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah etdiyiniz işlərdən xəbərdardır!» («Nisa» surəsi, 135).
«Lakin özlərinə zülm edənlər nadanlıqla nəfslərindən gələn istəklərinə (həvalarına) uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!» («Rum» surəsi, 29).
«Ehtiyatlı ol ki, danıb nəfsinin istəklərinə (həvasına) uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!» («Taha» surəsi, 16).
«Əgər haqq onların nəfslərinin istəklərinə (həvalarına) tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün öyüd-nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz döndərirlər» («Muminun» surəsi, 71).
Həva insanı bir çox meyillərə cəlb edir, onun gözlərini kor edir. Bu vəziyyətdəki insan da əbədi fəlakətinə doğru sürətlə irəliləyir.