Quranda nəfsin iki ayrı tərəfi olduğu bildirilir və nəfsin bir qisminin «həva»dan, yəni insanı Allahın yolundan döndərən xudbin istəklərdən və hərislikdən yarandığına diqqət yetirilir. Nəfsin digər tərəfi olan vicdan isə insanı Allaha və dinin varlığına yönəldir, nəfsin içindəki “fücur”dan çəkinməsini təmin edir.
Vicdan insana Allahın üfürdüyü «ruhdan» qaynaqlanır.
«Səcdə» surəsində Allahın insana Öz ruhundan «üfürdüyü» belə xəbər verilir:
«…O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü…» («Səcdə» surəsi, 7-9).
Məhz insanın malik olduğu bütün gözəl xüsusiyyətlər Allahın ona «üfürmüş» olduğu ruhdan qaynaqlanır. İnsan əgər nəfsin fücuruna, həvasına bağlanıb, bu ruhu örtməsə, Allahın ali sifətlərindən bəziləri onun üzərində olar.
Ümumiyyətlə, Quranın bütün hökmləri, insanın vicdanına uyğun, o vicdanın tələblərinə görə müəyyən edilmişdir. «Rum» surəsindəki iki ayə bu mövzu ilə bağlıdır:
«Lakin zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə (həvalarına) uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!
Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz» («Rum» surəsi, 29-30).
Ayələrə görə, inkar edənlər nəfslərinin fücuruna, yəni həvəslərinə inanaraq yollarından azmışlar. Buna qarşı möminlərin boynuna düşən Allahın insanlara vəhy yolu ilə çatdırdığı dinə riayət etməkdir. Bu din Allahın insanları yaratdığı fitrətə (yaradılışa), yəni Allahdan onlara üfürülmüş olan ruha, vicdana ən uyğun olan həyat tərzidir.