İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya bir xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu kədərləndirəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Amma mömin dünyanın sirrini dərk etmişdir. Bu sirr hər şeyin, hər maddənin, hər canlının, hər varlığın Allahın nəzarəti altında olduğu və Onun izni və bilgisi xaricində heç bir şeyin gerçəkləşə bilməyəcəyi sirridir.
«Onun alnına yazıb nəzarət etmədiyi heç bir canlı yoxdur» («Hud» surəsi, 56) ya da «Göydə və yerdə olanlar Onundur: hamısı Ona könüldən itaət edirlər» («Rum» surəsi, 26) kimi ayələrdə xəbər verilən bu sirr ancaq möminlərin malik olduğu «dərin bir qavrayışla» («Hicr» surəsi, 75) dərk edilə bilər.
Bu vəziyyətdə mömin hər şeyin Allahın yaratdığı qədərə uyğun işləyəcəyi qanununun zəmanəti altındadır. Həyatı boyunca qarşılaşacağı hər hadisə Allah tərəfindən yazılmış alın yazısıdır. Bu səbəbdən də mömin üçün heç bir zaman «pis» bir hadisə ola bilməz. Bəzi şeylər pis kimi görünsə də, həqiqətdə, mömin üçün xeyirli nəticələr verəcəkdir. Əgər Allah möminin başına bir hadisə gətirmişdirsə, mütləq onda bir xeyir vardır. Mömin zahirən (görünüşdə) pis kimi görünən hadisələrə qarşı da son dərəcə səbirli və inamlı davranmalıdır. Allah mütləq o pis görünən hadisəni xeyirə çevirəcəkdir.
Məhz daxilində hiss etdiyi bu çətin mübarizədə möminə ən böyük rahatlıq və sakitlik verən bu ovqatdır. Qurana nəzər yetirərkən bütün Rəsulların və onlarla birlikdə iman gətirən möminlərin son dərəcə çətin hadisələrlə qarşılaşdıqlarını və zahirən son dərəcə «pis» vəziyyətdə qaldıqlarını görürük.
Hər mömin inkarçılar tərəfindən təzyiq görmüş, ölümlə hədələnmiş, əziyyət və işgəncə çəkmiş, həqarətə məruz qalmış, bəziləri isə öldürülmüş, şəhid olmuşlar. Ancaq yenə Qurana nəzər yetirsək, möminlərin bütün bu hücumlara qarşı son dərəcə inamlı və təmkinlə davrandıqlarını görərik. Çünki Quranın bizlərə nümunə göstərdiyi bu möminlər hər hadisənin Allah tərəfindən yaradıldığını və hər hadisənin arxasında xeyir olduğunu bilərək hərəkət edirlər. Onlar Allahın möminləri köməksiz qoymayacağından, möminlərə güclərinin çatmayacağı çətinlik verməyəcəyindən və çəkdikləri sıxıntıların əvəzini axirətdə onlara bağışlayacağından əmindirlər. Quranda verilən yüzlərlə ayədə Allaha inam və təslimiyyət vurğulanır. Bir ayədə belə bildirilir:
«De: «Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!»« («Tövbə» surəsi, 51).
[…] Mənbə: dusunek.net […]