Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır.
Quranda saleh əməllərin fərqli formaları bildirilmişdir. Dinin başqa insanlara təbliğ edilməsi, dinə qarşı əməllə və sözlə aparılan hücumların dəf edilməsi, müsəlmanların güc və rifahının artması üçün çalışılması, Quranın daha yaxşı dərk edilməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür şəxsi və sosial problemlərinin həlli kimi məsələlər son dərəcə önəmli saleh əməllərdir. Namaz, oruc, infaq (zəkat), həcc kimi əsas İslama aid olan ibədətlər də saleh əməllərdəndir.
Bir ayədə saleh əməllər haqqında təfsilatı ilə bildirilmişdir:
«Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!» («Bəqərə» surəsi, 177).
Ancaq diqqət yetirilməsi lazım olan çox önəmli bir məsələ var; bir əməli saleh edən şey yalnız onun nəticəsi deyil, onun arxasındakı «niyyət»dir. Bu səbəbdən də bir əməlin saleh olması yalnız və yalnız Allah rizası naminə edilməsinə bağlıdır. Bu həqiqət «saleh əməl» anlayışını cahiliyyə cəmiyyətindəki «xeyriyyəçilik» anlayışından ayırır.
Saleh əməl Allah rizası üçün edilir; xeyriyyəçiliyin arxasında isə sosial həmrəylik hissi, xüsusilə də «xeyriyyəçi» kimi tanınmaq istəyi vardır.
Bu ayələr möminlərin «xeyriyyəçilik» anlayışından nə üçün uzaq olduqlarını meydana çıxarır:
«Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşəti bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!» – deyərlər» («İnsan» surəsi, 7-10).
Əgər «saleh əməl» anlayışına uyğun olan işlər ayələrdə bildirilən məqsəddən, yəni Allah rizasından uzaqlaşarsa, o zaman həmin işlər saleh əməl olmaq xüsusiyyətini itirər. Bu vəziyyət, əksinə, insanın başqa insanların rizasını axtarması nəticəsini verir ki, bu da Quranda bildirildiyi kimi, «şirk»dir və böyük günahdır.
Bir ayədə Allahın deyil, insanların rizası üçün namaz qılan və bu səbəbdən ibadətlərinin saleh əməl olma xüsusiyyətini itirən insanlar haqqında belə bildirilir:
«Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər; Onlar riyakarlıq edərlər» («Maun» surəsi, 4-6).
Eynilə namaz kimi saleh əməl olan infak – malın Allah yolunda xərclənməsi də, əgər Allahın deyil, insanların rizası üçün edilərsə, bütün dəyərini itirmiş olar. Quranda həqiqi infak ilə digərlərinə xoş görünmək naminə edilən infak arasındakı fərq belə açıqlanır:
« Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şid-dətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür.” («Bəqərə» surəsi, 264-265).
Eyni mövzu başqa ayədə belə vurğulanır:
«Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır» («Nisa» surəsi, 38-39).
Qısası, bir əməli saleh edən şey onun arxasındakı niyyətdir. Əgər o əməllə istənilən maddi nəticə əldə edilməmiş belə olsa, əgər niyyət salehdirsə, əməl də saleh olur. Məsələn, bir insan Allah rizası üçün bir işə əl atıb uzun müddət çalışa bilər. Fəqət nəticə istədiyi kimi olmaya bilər. Ancaq fərq etməz; o, yenə də qazanacağı savabı qazanmışdır. Hər bir müsəlman bilməlidir ki, Allahın onu istədiyi nəticəyə çatdırmamasının böyük bir sirri və hikməti vardır. Çünki ayədəki «bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» («Bəqərə» surəsi, 216) hökmünə görə, çatmaq istənilən nəticənin həqiqətən xeyirli olub-olmadığını bilən yalnız Allahdır.
ehd edib ehdine sadiq olanlar, men imanli deyilem:(
ustelik namazda o namaz qilanlarin duyqusunu yasamira, kimse yasayirmi bele duygular