Quranda insan xarakterləri müxtəlif şəkillərdə təfsilatı ilə verilmişdir. Həmçinin, möminlərin əxlaqının son dərəcə müfəssəl tərifi verilir. Allahın ruhunu gəzdirən, Ona inanan və yalnız Ona itaət edən möminlərin Quranda sadalanan bütün xüsusiyyətləri yüksək əxlaqa və xarakterə əsaslanır.
İnkarçıların və möminlərin təriflərinə nəzər salanda, hər iki tərəfin bir-birinə tamamilə zidd xüsusiyyətlərə malik olduqlarını görürük. Məsələn, möminlər səmimi və etibarlı, inkarçılar isə səmimiyyətsiz və mənfəətçidirlər. Möminlər təvazökar, cəsur, fədakar, inkarçılar isə özündənrazı, qorxaq və xudbindirlər.
Möminlər və inkarçılar arasındakı bu böyük fərqlərdən biri də sədaqət anlayışında ortaya çıxır. İnkarçılar əsla həqiqi sədaqətə malik ola bilməzlər. Onlar yalnız öz mənafelərini güddükləri üçün sevdiklərini söylədikləri insanları (dostlarını, yaxınlarını) bu mənfəətlərinin xətrinə çox asanlıqla aldada bilərlər. Doğru olduğunu bildikləri yoldan asanlıqla geri dönərlər.
Halbuki möminlər tamamilə fərqlidirlər. Onların meyarı öz mənafeləri deyil, Allah rizasıdır. Bütün davranışlarını Allahın istədiyi şəkildə həyata keçirərlər. Bu səbəbdən də sevdiklərini (yəni başqa möminləri) bəsit mənfəətlər xətrinə çətin və çıxılmaz vəziyyətdə qoymaları onların xüsusiyyətlərinə ziddir. İman gətirənlərə və xüsusən də peyğəmbərlərə böyük sədaqətlə bağlıdırlar. Allah möminlərin sədaqətini belə bildirir:
«Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi bu yolda şəhid olmuş, kimisi də gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər» («Əhzab» surəsi, 23).
Sədaqət möminləri birləşdirər. Qətiyyətin önəmli göstəricisi olan bu xüsusiyyət süstlüyün yaranmasını əngəlləyən mömin özəlliklərindən biridir. Sədaqətdə göstərilən kiçik süstlük insanın özünə olan hörmətinin itməsinə səbəb olur. Özünə hörmətini itirən bir insan isə getdikcə daha da pis vəziyyətə düşür. Çünki edilmiş sədaqətsizlik bir çox böyük fəsadlara gətirib çıxarır. Sədaqətsizlik edən insan, ilk növbədə bu hərəkətini möminlərdən gizlətməyə çalışaraq saxtakarlığa yol verər. Bir çox yalanlarla möminləri aldatmağa çalışar. Bu vəziyyəti yeni yalanlar gətirər və o, möminləri aldada bildiyinə inanaraq fərqli həyat tərzi yaşamağa başlayar. Bu həyat tərzi mümkün olduqca möminlərdən ayrılıb onlara sevgi bəsləməyən, sadəcə möminlərdən istifadə etməyə əsaslanan həyat tərzidir.
Bu, həmin insanın Allah rızasını deyil, insanların rizasını mümkün olduqca qazanmağa niyyət etdiyi və öz ağlına görə, onlar qarşısındakı etibarını doğrultmaq üçün yalanlara sığındığı acınacaqlı vəziyyətdir. Bu acınacaqlı vəziyyətdən sonra möminlər tərəfindən yalanları ortaya çıxarılmağa başlayan insan münafiqlik nöqtəsinə doğru addım-addım irəliləyər. Sədaqətsizliyinə bəhanələrlə çıxış yolu tapmağa çalışaraq özünü təmizə çıxarmaq istəyər. Özünü təmizə çıxarma mübarizəsi möminlərdən ayrılıb müşrik, münafiq və dinsizlərlə bir nöqtədə birləşməyə qədər davam edər.
Sadiq möminlər isə sədaqətlərini ölənədək davam etdirər, qətiyyətlərini və peyğəmbərə olan itaətlərini göstərərlər. Çünki möminlərin bu sədaqəti həqiqətdə Allaha olan sədaqətləridir. Sədaqətsizlik edən insan isə bu hərəkətini möminlərə qarşı deyil, Allaha qarşı edər. Sədaqət və itaət də yalnız Allahadır. Quranda Peyğəmbərə itaət edənlərin Allaha itaət etmiş olacağı belə xəbər verilir:
«Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, qoy döndərsin! Biz ki səni onların üzərində gözətçi olmağa göndərməmişik» («Nisa» surəsi, 80).
Sədaqət bir möminin çox həssas olmasından irəli gələn xüsusiyyətdir. Quranda peyğəmbərlə birlikdə apardıqları mübarizədən qaçmağa çalışan münafiqlərdən söz açılarkən, onların daha əvvəlcədən sədaqət göstərəcəklərinə dair and içmiş olduqları söylənilir və bu andın ağır bir məsuliyyət olduğu belə bildirilir:
«Halbuki bundan əvvəl bir daha üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!» («Əhzab» surəsi, 15).
Allaha verilən sədaqət sözü ağır məsuliyyətdir. Bu səbəbdən də Allah möminlərə belə əmr etmişdir:
«Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!» («Nəhl» surəsi, 95).
Ayələrdə əmr edildiyi kimi, itaətin hər cür şərtdə, hər cür çətinlikdə qeyd-şərtsiz həyata keçirilməsi vacibdir. Kiçik çətinliklərə sinə gələrək edilən itaət bəlkə münafiqlər tərəfindən də göstərilə bilər, halbuki həqiqi mənada çətinlik və sıxıntıya baxmayaraq, həyata keçirilən itaət möminlərə xas özəllikdir. Quranda Peyğəmbərimizin (s.ə.v.) dövründəki münafiqlərin Allah yolunda aparacaqları mübarizəni çətin görərək geriyə çəkildikləri bildirilmişdir.
Möminin malik olduğu ən önəmli xüsusiyyətlərdən biri itaətini hər vəziyyətdə qorumasıdır. Quranda bu həqiqi möminlərlə ikiüzlülər (münafiqlər) arasındakı fərq belə bildirilmişdir:
«Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» – deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər. Onların qəlblərində mərəzmi var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik!» – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır. Onlara əmr etdiyin zaman mütləq çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: «Yalandan and içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!» De: «Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, bilin ki, onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər Ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir» («Nur» surəsi, 47-54).
İtaət insanın Allaha iman gətirdiyinin və Ona qul olmağı qəbul etdiyinin ən aydın göstəricisidir. İnsanı əbədi xilasa qovuşduran yalnız itaətdir. Çünki ayədəki «Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin…» («Ənfal» surəsi, 24) hökmünə görə, Rəsul möminləri onlara «həyat verəcək», onları xilas edəcək şeylərə çağırır.