Bir insanın imanında səmimi olduğunun (yalnız Allahın rizasını axtardığının) ən böyük göstəricilərindən biri dünyəvi, bəsit mənafelər arxasınca qaçmaması, ixlaslı, yəni yalnız Allahın razılığı üçün çalışmasıdır. Hər nemətin Allah tərəfindən gəldiyini dərk edən, yalnız Onun razılığını qazanmağa çalışan, hər şeyi Allahdan istəyən və Ondan qorxan mömin, təbii ki, bəsit və kiçik haqq-hesabların arxasınca qaçmayacaqdır.
Buna görə etdiyi işlərdən mənfəət güdüb-güdməmək insanın birbaşa imanı ilə bağlıdır. Allahı və axirəti dərk etmiş bir insan, əlbəttə, bunların yanında adi mənfəət haqq-hesablarına etibar etməyəcək və tamah üçün çalışmayacaqdır. Bunun əksinə olaraq Allahı və axirəti dərk etməyən insanın bu böyük həqiqətləri görməyib bəsit və xırda mənfəətlər arxasınca getməyi təbiidir. Son dərəcə kiçik dünyaya, son dərəcə dar düşüncəyə sahib olacağı üçün hər zaman nəfsinin mənfəətini güdən davranış nümayiş etdirəcək.
Quranda möminlərin öhdələrinə götürdükləri təbliğat vəzifəsindən heç bir mənfəət güdməmələri tez-tez xatırladılır. Bütün peyğəmbər hekayətlərində də peyğəmbərlərin öhdələrinə götürdükləri təbliğata qarşılıq olaraq «məvacib» (mənfəət) axtarmadıqları bildirilir. Bəzi ayələrdə belə deyilir:
«Ad tayfasına da qardaşları Hud dedi: «Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?» («Hud» surəsi, 50-51).
«De: «Mən sizdən buna görə heç bir muzd istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm» («Furqan» surəsi, 57).
«O zaman ki, qardaşları Nuh onlara dedi: «Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!» («Şuəra» surəsi, 106-109).
Ayələrdən göründüyü kimi, Allah yolunda aparılan təbliğatın əvəzinə heç bir dünyəvi mənfəət güdülməz. Bu mənfəət yalnız pul deyildir; göstərilən xidmətin əvəzində etibar qazanmaq, insanlara xoş görünmək və ya onların təqdirini toplamaq da umulmaz. Yalnız Allahın razılığı umular. Əgər Allah istərsə, həmin xidmətin əvəzinin bir qismini də dünyada verəcəkdir.
Bəzi peyğəmbərlərin dövrlərində heç kim onların etdiklərini qiymətləndirməmişdir. Heç kim onları dinləməmiş, onlara tabe olmamış, hətta bütün cəmiyyət onlara qarşı çıxmışdır. Ancaq bu, sözü gedən peyğəmbərlərin «uğursuz» olmaları demək deyildir. Çünki uğur insanlara təsir etmək, onların rəğbətini qazanmaq deyil, Allahın razılığını qazanmaqdır. Mömin Allah yolunda xidmət etməklə Rəbbimizə yaxınlaşmaq, Ona dua etmək və qulluq etmək məsuliyyəti daşıyır. Dünyəvi uğuru istədiyi zaman verən, istədiyi zaman geri alan Allahdır. İslam alimlərindən birinin dediyi kimi, insan öz vəzifəsini yerinə yetirməli və Allahın yazdığı alın yazısına qarışmamalıdır.
Allahın razılığını axtaran insan hər zaman Ona ibadət edər. Xırda mənfəət hesabları aparmadığı üçün dünya həyatının bəzəyi ona təsir göstərməz. Həmçinin Allah Quranda möminlərlə bərabər olmağı və dünya həyatının bəzəyini axtararaq onlardan «gözlərini yayındırmamağı» əmr etmişdir:
«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» («Kəhf» surəsi, 28).