İnsan dinə yaxınlaşarkən «Bu işin içində necə bir mənfəət əldə edə bilərəm?» kimi azdırıcı məntiqlə deyil, «Allaha necə ibadət edə bilərəm, Ona necə itaət edib razılığını qazana bilərəm?» məntiqini düşünməlidir. Buna zidd olan davranış isə səmimiyyətsizlik olar. Quran bu cür davranışları mənimsəyənləri «münafiq» olaraq tanıtmışdır. Bunlar bir sıra mənfəətləri naminə dindar görünən, qeyri-səmimi, ikiüzlü insanlardır və Allahın qəzəbinə ən çox uğrayan, cəhənnəmin ən alt təbəqəsinə atılacaq olanlar da onlardır. Quranda bu insanların vəziyyəti belə bildirilir:
«Onlar: «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» – deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» («Nisa» surəsi, 47-49).
Göründüyü kimi, münafiq təbiətli insanlar dinin ancaq öz maraqlarına uyğun hökmlərini qəbul etməkdə, digərlərini isə rədd etməkdədirlər. Bu insanlar bir müddət dindar görsənirlər, lakin həqiqi vəziyyətləri Qurandakı ifadə ilə «uçurumun kənarında bina quran» insanlar kimidir:
«Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!» («Tövbə» surəsi, 109).
Yalnız Allahın razılığını axtarmanın önəmini vurğulayan bəzi ayələr belədir:
«Allahın razılığını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun yeri cəhənnəmdir. O yer necə də pisdir!» («Ali-İmran» surəsi, 162).
«Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir» («Ali-İmran» surəsi, 174).
«Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!» («Nisa» surəsi, 114).
«Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!» («Maidə» surəsi, 16).
«Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur!» («Tövbə» surəsi, 72).
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – onları axirət yurdunun gözəl aqibəti – gözləyir» («Rəd» surəsi, 22).
Möminin hədəfi Allahın razılığı, rəhməti və cənnətidir. Bunun xaricində kiçik dünyəvi mənfəətlər axtarmaz. Bu məqsədlə Allah möminləri «Həqiqətən biz onları qəti olaraq (axirətdəki əsas) yurdu düşünüb – anan ixlas sahibləri sandıq» şəklində bildirir («Sad» surəsi, 46). Həqiqətən də ixlas (yəni xalis, səmimi şəkildə Allah rizasını istəmək) mömini mömin edən ən önəmli xüsusiyyətlərdəndir.
Əsl nemətlər axirətdədir. Bu dünya fani və olduqca qüsurludur. Dünyanın nemətləri isə axirətdəkilərə nisbətən çox məhduddur. Dünya axirətdəki həqiqi nemətin, yəni cənnətin olduqca qüsurlu örnəyi, nümunəsi olaraq yaradılmışdır. Quranda bu məsələ haqqında belə buyurulur:
«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır» («Ali-İmran» surəsi, 14).
«Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb – solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir» («Hədid» surəsi, 20).
Mömin halal şəkildə dünya nemətlərindən istifadə edər, amma bunlara aldanaraq əsla Allahı, axirəti və əsl vəzifəsini unutmaz. Buna zidd davranışı nümayiş etdirməyin əvəzi isə bu şəkildə bildirilir:
«De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!» («Tövbə» surəsi, 24).
Bu barədə edilən səhv hərəkət isə «Cumuə» surəsində belə bildirilir:
Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!» («Cumuə» surəsi, 11).