Ağılın itirilməsinə səbəb olan amillərdən biri də hissə qapılmaq, xəyalpərvərlik, ya da başqa adı ilə desək, romantizmdir. Məsələn, sevgi anlayışının həm hissi, həm də əqli şəkli ola bilər. Hissi sevgi bəsləyən insan sevilməyə əsla layiq olmayan insanlara, ya da cansız əşyalara sevgi duyar. Xalq arasında özünə əziyyət çəkdirən, özünə dəyər verməyən insanların sevilməsi məntiqi yer almışdır.Bunun əksinə olaraq, möminin sevgisi tamamilə ağlına görədir. Sevdiyi insanı, ondakı gözəl xüsusiyyətləri (bu xüsusiyyətlər Quranda bildirilən «iman əlamətləri», ya da «mömin xüsusiyyətləri»dir) araşdırıb görərək sevər. Sevilməyə layiq olmayan bir insana isə əsla sevgi bəsləməz. Quranda hissi sevginin təhlükəsinə daha çox diqqət yetirilir. «Mumtəhinə» surəsində Allah belə buyurur:
«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşməninizi dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz.Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!(«Mumtəhinə» surəsi, 1).
Ayədə verilən «Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdlarınızdan) çıxardırdılar» ifadəsi ilə elçiyə düşmən olan birinə sevgi göstərməyin ağıldan uzaq olduğu bildirilmişdir.
Bu vəziyyətdə belə insanlara sevgi göstərməyin tək bir açıqlaması var: hissə qapılmaq.
Bu təhlükəyə başqa ayələrdə də diqqət yetirilir. Məsələn, Hz.Nuh tufandan xilas olmaq üçün Allaha inanmayan oğlunun bağışlanmasını Allahdan diləmişdir, halbuki Allah Hz.Nuha oğlunun inkarçılardan olduğunu və ona sevgi bəsləməməsini vəhy etmişdir.
Ağıl ancaq gözəl əxlaqlı, yəni sevilməyə layiq insanları sevməyi tələb edir. Dolayısı ilə, bir mömin üçün Allahı, ya da Onun hökmlərini tanımayan bir insanın sevilməsi mümkün deyildir. Bu cür sevgi ancaq cahil mədəniyyətindən qaynaqlanan hissi bir sevgi ola bilər.
Hz.Nuh və Hz.Lutun xanımları da inkar etmiş və Allahın əzabı ilə cəzalandırılmışdılar. Hz.Lutun yaşadığı azğın qövm də həlak edilmişdir. Ölümdən əvvəl Hz.Luta mələklər gecə şəhəri tərk etməsini, ancaq xanımını burada qoyub getməsinin gərək olduğunu bildirmişdilər. Hz.Lut da heç tərəddüd göstərmədən razılaşmışdır.
Möminlərin hissə qapılmadan davranmalarının sirri sahib olduqları sevgi anlayışıdır. Bir ayədə möminlərin sevgi anlayışı ilə inkarçıların sevgi anlayışı arasındakı fərq belə göstərilmişdir:
«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər» («Bəqərə» surəsi, 165).
Ayədə bildirildiyi kimi, möminlər həqiqətən Allahı sevərlər. İnsanlara olan sevgiləri bunun bir ifadəsidir. Möminlər ancaq iman gətirənləri sevərlər, çünki onlar Allahın əmr etdiyi əxlaqı yaşayan insanlardır. İnkar edənlər isə öz hərisliklərinə uymuş, Allahdan uzaqlaşmışlar. İnkarçılar isə hər varlığı, hər cansız əşyanı Allahdan asılı olmayan, müstəqil bir varlıq zənn edər və hər birinə müstəqil sevgi bəsləyərlər. Bu sevgi, ayədə bildirildiyi kimi, «Allaha şərik qoşmaq», yəni bütpərəstlikdir.
Quranda hissə qapılmağa əks kimi verilən nümunəvi davranışlar yalnız sevgi ilə bağlı deyildir. Hz.Musanın anasına vəhy gələrkən düşünmədən uşağı suya buraxması («Qəsəs» surəsi, 7), möminlərin qəzəblərini boğmaları («Ali-İmran» surəsi, 134), sevdikləri şeyi infak etmələri, yəni Allah yolunda xərcləmələri («Ali-İmran» surəsi, 92), başlarına gələn hər hansı bir hadisəyə görə kədərlənməmələri («Hədid» surəsi, 23) kimi bir çox nümunələr vardır. Lakin burada yanlış anlaşılma olmamalıdır: hissə qapılan olmamaq hissiz olmaq demək deyildir. Əksinə, möminlər həssas insanlardır. Quranda da Hz.İbrahimin «çox həssas və yumşaq xasiyyətli» («Tövbə» surəsi, 114) olduğu bildirilmişdir. Yanlış olan cahil mədəniyyətindən doğan lazımsız yerə hissə qapılmaqdır. Bu, hisslərin ağlın qarşısına keçməsi və insanı dinin lazım bildiyi çərçivədən kənara çıxarması ilə gerçəkləşir. Buradakı hiss ruhdan deyil, nəfsdən doğan bir hissdir.
Cəmiyyətdə bunun fərqli nümunələrini görmək mümkündür. Gənc qızın duyğusal davranışları bunlardan biridir. Belə mədəniyyətdə düzgün olmayan sevgi anlayışı vardır. Sevdiyi insanın ruhunu, xarakterini deyil, imicini sevərlər. Məsələn, «romantik avara», ya da «bəyaz atlı şahzadə» kimi məlum qəliblər vardır. Burada sevilən o insanın xarakteri deyil, bu cür qəbul edilən yanlış imiclərdir. Bu da cəmiyyətin verdiyi düşüncənin nəticəsidir.
Bundan başqa, hissə qapılmağa dair digər nümunələr də nəzərə çarpır. Melanxolik, arabeska mədəniyyəti kimi. Bu mədəniyyətdə qəm-qüssədən qəribə zövq alınır. Dərd, üzüntü, iztirab çəkmək zövqlü bir şey kimi dəyərləndirilir. Əksər insanlar siqaret çəkməyə bu mədəniyyətin təsiri altında başlayırlar. Bu son dərəcə zərərli alışqanlıq tamamilə təlqindən irəli gəlir. Bu mövzuda çəkilən filmlərə baxılaraq vərdiş halına gətirilir.
Buraya qədər misal gətirdiyimiz bir neçə nümunədən də göründüyü kimi, əslində romantik ruhi halın heç bir məntiqi yoxdur. Bu, düşünən hər bir insanın asanlıqla anlaya biləcəyi həqiqətdir.