Möminin dünya həyatında necə yaşamalı olduğunu hər şeyin yaradıcısı olan Allah ən incə təfsilatına qədər bildirmişdir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir. Belə olduğu təqdirdə Allahın vacib buyurduqlarını tamamilə danır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səhlənkar və məsuliyyətsiz münasibət göstərmiş olur.
Allahın dünya nemətlərinin ötəri olduğunu və dünyanın bir imtahan yeri olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, bu cür insanlar dünyanı özlərinə «əsl yurd» seçməklə axirətdən tamamilə üz çevirirlər.
Quranı nəzərə almayan bir insan sadəcə dünyaya yönəlmiş məqsədlər seçməklə, imtahan üçün yaradılan hadisələr içərisində boğulur. Allah mal-dövlətin və eləcə də uşaqların fitnə olacağını bir ayəsində belə xəbər verir:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır (fitnədir). Ən böyük mükafat isə Allah dərgahındadır!» («Təğabun» surəsi, 15).
Ərəb dilində «imtahan» kəlməsinin başqa mənaları olmasına baxmayaraq, bunlar üçün «fitnə» kəlməsinin işlədilməsi olduqca diqqət çəkir. Çünki insan dünyadakı vəzifəsini anlamadan «mütləq evlənməliyəm», « ailəm, uşaqlarım olmalıdır», «mal-mülk sahibi olmalıyam» deyə düşünərək içində yaşadığı cahiliyyə cəmiyyətinin təlqini ilə bütün bunları dünyanın ən önəmli qanunları sanır. Bu insanların bir çoxu evlilik, mal-mülk və uşaq sahibi olmaq məsələlərində göstərdikləri həssaslıqları Allahın əmrlərinin yerinə yetirilməsində göstərmirlər.
Allah uşaq istəməyin və uşaq sahibi olmağın ölçüsünü Quranda göstərmişdir. Bu ölçüyə görə, adət-ənənə olduğu üçün deyil, Allahın razılığına uyğun olduğu təqdirdə uşaq istənilir.
Bu mövzudakı nümunə Hz.İmranın xanımının bu duasıdır:
«Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!» – dediyini xatırla!» («Ali-İmran» surəsi, 35).
Quranda peyğəmbərlərin oxşar dualarından nümunələr verilmiş və inananlara bu məsələdə yol göstərilmişdir:
Hz.Zəkəriyyənin duası belədir:
«Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!» («Ali-İmran» surəsi, 38).
Hz.İbrahim isə belə dua etmişdir:
«Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!» («Bəqərə» surəsi, 128).
Mal-dövlət isə yenə Allah rizası, dinin mənfəətləri naminə sərf edildikdə rəhmətə çevriləcək və axirətdə müsbət qarşılığı olan bir fayda göstərəcəkdir. Bundan başqa yerdə qalan qismi isə fitnə, yəni azğınlıq ünsürüdür. Möminlər mal-dövlətə münasibətdə Hz.Süleymanın davranışından nümunə götürür, mal-dövlət sahibi olmaqdan qaçmasalar da, onu Allaha yaxınlaşmaqda vəsilə sayırlar. Hz.Süleymanın davranışı Quranda belə bildirilir:
«Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: «Mən malı (və ya atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi. Süleyman dedi: «Onları mənə qaytarın!» Qaytarılıb gətirildikdən sonra onların qıçlarını və boyunlarını sığallamağa başladı» («Sad» surəsi, 31-33).
Allah fitnə olaraq bildirdiyi mal-dövlət və uşaqlar barəsində başqa xəbərdarlıqlar da etmiş, möminlərin gözüaçıq olmalarının vacibliyini belə bildirmişdir:
«Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır» («Munafiqun» surəsi, 9).
Allahın razılığını ummadan sahib olunan mal-dövlətin və uşaqların insana axirətdə heç bir faydası olmayacaqdır:
«Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar» («Mücadələ» surəsi, 17).
elinize saglik…
Belə dini məlumat verdiyiniz üçün sizə çox təşəkkür edirəm.
Allah razi olsun!…