Təvazökarlıq Quranda ən çox diqqət çəkilən mövzulardan biridir. Ayələrdə bildirildiyinə görə, təvazökar, sadə olmaq imanın xüsusiyyətidir; bunun əksinə, təkəbbürlük və özündənrazılıq isə ancaq inkarçılara xas olan davranışdır.
Təvazökarlığın imanla, təkəbbürün də inkarla bağlı olmasının səbəbi imanın ağıl, inkarın isə ağılsızlıq gətirməsidir. İmanlı və ağıllı olan insan təkəbbürlü ola bilməz. Çünki malik olduğu ağlı ilə Allahın tanıyar, Onun hər şeyə nəzarət etdiyini anlayar. Bununla birlikdə, özünü Allahın yaratdığını, Allahın yaşatdığını və nemətləndirdiyini, beləliklə, aciz bir qul olduğunu dərk edər. Ağlını işlədən insan hər şeydə Allahın gücünü və öz acizliyini görəcəkdir. Acizdir, xəstələnir, əziyyət çəkir. Bunların heç birinin qarşısını ala bilməz . Nə özü özünü yaratmışdır, nə də nə vaxt öləcəyini bilməz . Üstəlik yaşlanmasına da mane ola bilmir. Allahın verdiyi aciz və zəif bədənlə Allahın təqdir etdiyi zamanda Allahın yazdığı alın yazısına görə yaşayacaq və sonra torpağa dəfn edilərək, yenə Ona dönəcəkdir. Lovğalanılacaq və qürurlanılacaq heç bir xüsusiyyəti yoxdur. Malik olduğu bir sıra gözəl xüsusiyyətləri də Allah ona vermişdir. Qürurlanmağa deyil, şükür etməyə borcludur.
Allaha qarşı hiss etdiyi bu acizlik onun bütün davranışlarında əks olunur. Bu acizlik, əlbəttə ki, başqa insanların yanında müti davranışlar göstərmək deyildir. İnsan acizliyini yalnız Allaha açar və Allaha göstərər. Digər insanların yanında isə təmkinli, yetkin, təvazökar, rahat və etibarlı davranış nümayiş etdirər.
Bunun əksinə olaraq, inkarçılar ağılsızlıqlarından qaynaqlanan boş qürur və təkəbbür içindədirlər. Allahı dərk etmədikləri üçün özlərini Allahdan uzaq, özbaşına varlıqlar hesab edərlər. Acizliklərini görməz, qəbul etmək istəməzlər. Bacardıqları qədər özlərini tərifləməyə və yüksəltməyə çalışarlar. Malik olduqları bir sıra müsbət xüsusiyyətlərin (zəka, şöhrət, zənginlik, gözəllik kimi) həqiqi sahibi olduqlarını zənn edərlər; halbuki bu xüsusiyyətləri onlara Allah vermişdir və istədiyi zaman geri ala bilər. İnkarçılar malik olduqları xüsusiyyətlərə görə qürurlanarkən, bir yandan da malik olmadıqları şeylərə görə kədərlənərlər. Allaha təslimiyyət, təvəkkül, razılıq anlayışlarından xəbərsiz olduqlarına görə hər zaman ya kiçiklik, ya da böyüklük iddiası içindədirlər. Quranda bu insanların vəziyyəti belə bildirilir:
«Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür vardır. Onlar heç vaxt Ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, eşidəndir, görəndir!» («Mumin» surəsi, 56).
Bu vəziyyətdəki bir insan öz mənliyini öz gözündə o qədər böyüdür ki, başqa şeyləri görməz olur. Dünyadakı hər şeyə öz xudbin eqosunu razı salmaq üçün vasitə olaraq baxar. Hər zaman özünü tərifləməyə cəhd edər. Acizliyini, xəta edə biləcəyini əsla qəbul etməz. Bu məqamda dinə də böyük bir nifrət bəsləməyə başlayar. Çünki dinin insana öyrətdiyi ilk şey aciz bir qul olduğu həqiqətidir. Lovğalıq hərisliyi ucbatından özünün yanlış dünyagörüşünü buraxıb, dinin göstərdiyi həqiqətləri, bunların doğru olduğunun fərqinə varsa belə, qəbul etməz. Quranda belə insanlardan bu şəkildə bəhs edilir:
«(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» («Nəml» surəsi, 14).
Bir insanın vicdanının qəbul etdiyi hər hansı bir həqiqəti lovğalıq üzündən rədd etməsi insanın inkar etməsi ilə iman gətirməsi arasındakı dərin uçurumda lovğalıq amilinin nə dərəcədə önəmli olduğunu göstərir. İnsanın dünya və sonsuz axirət həyatı bir anda qəm-qüssəyə və üzüntülərə qərq edəcək, müntəzəm olaraq sıxıntılı həyat keçirməsinə səbəb olacaq, cəhənnəmlə nəticələnəcək bu seçimi insana ancaq lovğalıq hissi etdirə bilər. Buna görə insanın ən böyük düşmənlərindən biri lovğalıq, yəni özündən razılıqdır.