Cahiliyyə cəmiyyətinin əsas həyat fəlsəfəsi, insanın yalnız özü qarşısında məsuliyyət daşıması düşüncəsinə əsaslanır. Həmin düşüncəyə görə, insanların əsas vəzifəsi ən yaxşı şəraitdə yaşamaqdan, ən yaxşı şəraiti yaratmaqdan ibarətdir, lakin onlar digər insanların maddi və mənəvi həyatları ilə bağlı heç bir məsuliyyət daşımırlar. Buna görə də bir çox insanlar vəzifələrinin dinlərinə yalnız özbaşına əməl etməkdən ibarət olduğunu düşünür və başqa insanlara dini təbliğ etmək vəzifəsi daşımadıqlarını güman edirlər. Halbuki Qurana baxanda, bunun tam əksi olan bir anlayışla qarşılaşırıq.
Müsəlmanın ən böyük vəzifələrindən biri İslam əxlaqını ətrafında olan insanlara izah və təbliğ etmək və onları da Allaha iman gətirməyə təşviq etməkdir. Quranda müsəlmanların insanlara xəbərdarlıq etməsi ilə bağlı bir çox qəti və açıq hökmlər var. Bunlardan biri də «Müddəssir» surəsinin 1-ci və 2-ci ayələrində bildirilir:
«Ey örtünüb bürünmüş! Qalx qorxut!» («Müddəssir» surəsi, 1-2).
Müsəlmanlar özləri dinlərinə əməl etdikləri kimi ətraflarında olan insanları da buna təşviq etməyə məsuldurlar. Hətta Quranda müsəlmanların bütün həyatlarını təbliğlə, yəni dinlərini yaymaqla keçirmələrinin lazım olduğu bildirilir. Müsəlmanlar işlərini, məskunlaşdıqları əraziləri, əyləncələrini, həyat tərzlərini bu məsuliyyətlərinə görə tənzimləyirlər. Müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinməsi, dərk edilməsi, bütün insanların cəhənnəmin necə yer olmasından və hesaba çəkilmələrindən xəbərdar olması onların ticarətindən, əyləncəsindən və ya rahatlıqlarından daha əhəmiyyətlidir. Cəhənnəmdəki əzabın şiddətini və Allahın qüdrətini yaxşı bilən müsəlmanlar insanların dini əxlaqa əməl etmədikləri təqdirdə onları gözləyən aqibətin necə olacağını öyrənmələri üçün əllərindən gələni edirlər. Lazım olarsa işlərindən, evlərindən və ya mülklərindən imtina edərək insanları xəbərdar edir və Allahın bu əmrlərini yerinə yetirməyə davam edirlər. Allahın möminlərə olan bu əmri başqa bir ayədə belə bildirilir:
«Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!» («Məryəm» surəsi, 39).