Quranda möminin öz hirsini cilovlaması əsəbin səbəb ola biləcəyi müxtəlif xəta və zərərlərdən qorunmaq baxımından ideal bir davranış kimi göstərilir:
«Onlar bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər» («Ali-İmran» surəsi, 134).
Bəzən insanın əsəbiləşməsi yaradılışdan gələn bir davranış olsa da, ayədə möminin həmin davranışı davam etdirməməsinin, onu cilovlamasının vacib olduğu göstərilir. Çünki qəzəb insanın əqli funksiyalarını pərdələyən, onun hadisələri sağlam şəkildə qiymətləndirib doğru qərar qəbul etməsinə mane olan amildir. Belə olan halda da insanın Allahın hökmlərinə lazımi şəkildə əməl etməsi də təhlükə qarşısında qalır. Həqiqətdən və ədalətdən uzaqlaşma Quranda qəzəbin səbəb olduğu zərərlərdən biri kimi göstərilir. Çünki qəzəbin ağılı pərdələməsi nəticəsində verilən qərarlar emosional olur ki, bu da Qurana uyğun olan ədalətli nəticəni vermir.
İnsanlara, xüsusən də möminlərə qarşı bəzi şəxsi məsələlərə görə duyulan qəzəb dərhal aradan qaldırılmalı, şəfqət və mərhəmət hissi əsas götürülməlidir. Qəzəblənən əsəbi insan haqsızdırsa (onun əsəbiləşməyə onsuz da heç bir haqqı yoxdur), özünün haqsız olduğunu qəbul edib səhvini düzəltməlidir. Əgər haqlıdırsa, yenə də hirsini cilovlamalı və ayənin bildirdiyi kimi, qarşı tərəfi bağışlamalıdır.
Yuxarıda bəhs etdiklərimiz gündəlik həyatda möminlərin başına gələ biləcək hallardandır. Bunlardan başqa, arada heç bir şey olmadığı halda yerli-yersiz əsəbiləşib qəzəblənən insanlar da vardır ki, onlar təvəkkül, insanların və hadisələrin tamamilə Allahın nəzarətində olması kimi əsas məsələləri lazımi qədər dərk edə bilməmişlər. İmanın zəifliyindən irəli gələn bu qüsurlar onların ruhunda əsəbilik kimi əks olunmuşdur. Onlar daim əsəbi vəziyyətdə olduqlarına görə hirslərini cilovlamaqda acizdirlər. Buna görə də onlar özlərinin hər şeydən öncə imani baxımdan olan problemlərini həll etməlidirlər.
Həmçinin burada mömin insanın İslam dininə duyduğu sevgisindən irəli gələn əsəbiliyini də başqaları ilə qarışdırmamaq lazımdır. Möminlərə qarşı haqsızlıq və zülm ediləndə, Allaha, dinə, müsəlmanlara qarşı hər hansı bir həqarət və ya hücum olanda, möminin bunlara qəzəblənməsi onun imanından irəli gələn haqlı və doğru bir davranışdır. Bu qəzəb möminlərin mübarizə şövqünü artıran, onların mübarizəsini stimullaşdıran rəhmani bir duyğudur.