Səmimi şəkildə Allahın razılığından kənar heç bir məqsəd və əvəz güdmədən infak etmək, yəni Allah yolunda mal-dövlət sərf etmək imanın göstəricisidir. Allah yolunda mal-dövlət sərf edən möminlər bir çox ayələrdə mədh edilmiş və müjdələnmişlər. Lakin «Ali-İmran» surəsinin 92-ci ayəsində Allah yolunda mal-dövlət sərf etməklə bağlı çox incə və mühüm bir meyar verilmişdir: «Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız». Ayədə belə buyrulur:
«Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!» («Ali-İmran» surəsi, 92).
İnsanın bir adama və ya bir şeyə verdiyi dəyər onu əldə etmək üçün fəda etdiklərinin ölçüsü ilə düz mütənasibdir. Əgər insan bəzi şeyləri fəda etmirsə, deməli, həmin şeylər onun üçün qiymətlidir. Heç nə Allahın razılığından və rəhmətindən daha qiymətli olmadığı üçün əsl mömin bütün bunları əldə etmək üçün malik olduğu hər bir şeyi haqq yolunda verə bilər. Bunu etməməsi onun sevgi və bağlılıq hissi duyduğu bəzi dünyəvi şeyləri Allahın razılığından üstün tutması anlamına gələ bilər. Bu halda da ayənin bildirdiyi kimi, əsla yaxşılığa çatmaz.
Ola bilər ki, bir insan Allah yolunda çox şey sərf etsin, böyük xidmətlər göstərsin, daim ibadət etsin və yaxşı dini biliyə sahib olsun. Lakin lazım olduğu zaman sevdiyi bir şeydən ayrıla və onu Allah yolunda sərf edə bilmirsə, bu, imanla əlaqəli olan zəiflik və çox böyük qəbahətdir. Çünki həmin şeyi Allahın razılığından üstün tutur. Onun əməli nə olursa-olsun, bu insan işin məğzini dərk etməmiş, əvvəlcədən yaxşı işlər gördüyünü güman etdiyi bütün əməlləri heç olmuşdur.
Əvvəlki məqalələrdə sevginin yalnız Allaha duyulması, sevilən digər şeylərin və insanların isə yalnız Allahın təcəllisi olduğu üçün Allahın da onları sevməsi səbəbindən Allahın razılığını əldə etməkdən ötrü sevilməli olduqlarını qeyd etmişdik. Allahın dərgahında qəbul edilən yeganə sevgi forması da elə budur. Belə olan halda insan onsuz da sevdiyi, sahib olduğu şeyləri həmişə və heç tərəddüd etmədən sevərək fəda edir. Onun sevgisi Allah üçün olduğundan heç bir şey də itirmir. Çünki hər bir yer Allahındır. Allah insana onun şah damarından daha yaxındır. Mömin heç bir şey itirmədiyi kimi Allahın dilədiyi tərzdə davrandığı üçün Allahın daha böyük sevgi və lütfünə nail olur. Əlindən gedən hər hansı bir şey üçün məyus olmaz, əksinə, daha çox sevinər. Əsl mömin davranışı da elə budur.
Halbuki insan sevdiyi şeyi və ya insanı Allahla əlaqəsi olmayan ayrı bir varlıq kimi sevirsə, onları Allaha şərik qoşmuş, büt halına gətirmiş sayılır. O, kəs həmin şeyi Allah yolunda sərf etmək lazım olduğu zaman, Allahın əmrlərinə tabe olub bunu edərsə, o, öz cahilliyi və hərisliyi ucbatından içinə düşdüyü bu şirkdən Allahın diləməsi ilə təmizlənə bilər. Sonda da müsbət nəticə əldə edib Allahın rəhmətini qazanar.
Sevdiklerimi ve sahib oldugum her seyimi hec bir tereddud etmeden Allah yolunda feda ede bilecek qeder guclu bir imana sahib olmaq ucun ne etmeliyem?