«Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!» («Əraf» surəsi, 204).
Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda Allahın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər.
Quran Allahın sözüdür. Buna görə də Allaha göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir.
Hər insanın fərqli işlərlə məşğul olduğu və heç kimin dinləmədiyi bir şəraitdə xəbər vermədən Allahın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə tabe olmalarına səbəb ola bilər. Buna görə də lazım olan şəraiti yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış deyil.
Hər insan bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın kaset və ya radiodan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki Quran hörmətlə, hər bir kəlməsi qəlbən diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək «üstün və şərəfli» sözdür.