Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi davranışları imanının zəif və ya güclü olmasını müəyyən edir.
Dində zəiflik göstərmək möminlər arasında imani cəhətdən tam olaraq yetişməmiş insanlara xas olan xüsusiyyətdir. Bu insanda zəiflik çətin anlarda geri çəkilmək, risk etməmək, nəfsinə bir zərər gəlməsindən çəkinmək, nəfsinin rahatlığını və mənfəətlərini dinin mənfəətlərindən üstün tutmaq şəklində ortaya çıxır. Belə ki, onların şüuru Allah yolunda üzləşdikləri çətinlik və ya təhlükədən qaçmağı özləri üçün bir qazanc, hətta Allahın bir neməti olaraq görəcək qədər qapanır:
«Aranızda elələri də vardır ki, ağır tərpənər və əgər sizə bir müsibət üz versə: «Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım», – deyər» («Nisa» surəsi, 72).
Belələri həyatda lazımi işləri yerinə yetirən insanların onsuz da mövcud olduğunu əsas tutaraq, vicdanları rahatlatmağa çalışırlar. Lakin çətinlik və sıxıntı anları sovuşaraq, onların heç bir payının olmadığı zəfər anı gəldiyi zaman peşman olduqlarını bildirirlər, möminlərin sahib olduğu şərəfli məqamlardan nə qədər uzaq olduqlarını dərk edirlər:
«Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: «Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!» -söylərlər» («Nisa» surəsi, 73).
Beləliklə, axirətləri üçün qazanacaqları çox böyük əcr fürsətlərini, yüksək məqamları da əldən vermiş olurlar.
Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir:
” Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” («Rum» surəsi, 60).
Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəifliklərdən, laqeydliklərdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəifliklərdən çəkindirən ayələrin bəziləri bunlardır:
«Düşməniniz olan qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!» («Nisa» surəsi, 104).
«Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!» («Ali-İmran» surəsi, 139).
Quranda tərif edilən ideal mömin isə bütün həyatı boyu istər sıxıntılı və çətin anlarında, istərsə də sıxıntısız və rifah dolu anlarında dinin mənafelərindən heç bir şəkildə geri çəkilməyən, bütün vəziyyətlərdə Allahın razılığını nəfsinin arzularına dəyişməyən bir insandır. O, öz şövq və həyəcanını, qətiyyətini heç bir halda itirməz, zəiflik göstərməz və boyun əyməz. Bu mömin insan modeli Quranda qədim millətlərdən nümunə gətirilərək belə tərif edilir:
” Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. ” («Ali-İmran» surəsi, 146).
Başqa bir ayədə isə axirət üçün ciddi-cəhdlə çalışmağın dəyərindən bəhs edilir:
«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar» («İsra» surəsi, 19).
bashlangicdaki 2-ci cumlede anlam cox da aydin deyil