Həmd və zikr etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və iltifata yalnız Allahın layiq olduğunu, zikr isə Allahın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.
Həmd və zikrin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:
«Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız, Allah həqiqətən, həlimdir, bağışlayandır!» («İsra» surəsi, 44).
«Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Allahın qorxusundan Onu öyüb mədh edirlər…» («Rəd» surəsi, 13).
Namaz qılmaq kimi müəyyən olunmuş vaxtlarda Allahı zikr etmək və Ona həmd etmək də Quranda bildirilən fərzlərdəndir. Mömin Allahın fərz qıldığı əməllər arasında öz anlayışına görə əhəmiyyətlilik sıralamasını apara bilməz. Yəni, namaz qılmağı zikr etməkdən və ya oruc tutmağı zəkat verməkdən daha mühüm və ya əhəmiyyətsiz hesab edə bilməz, Allahın əmrlərini bir-bir incəliyinə qədər yerinə yetirər. Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahı Quranda göstərilən beş vaxtda, Allahın istədiyi şəkildə zikr etmək möminin gündəlik həyatında ən mühüm vəzifələrindən biridir. Sübh namazı və ikindi vaxtlarında zikrlə yanaşı, həm də həmd edilməsi ayələrdə xüsusi olaraq bildirilmişdir.