Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır; ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin razılığını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:
«Biz sənə ən asan olanı müyəssər edərik» («Əla» surəsi, 8).
«…O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dinində olduğu kimi…» («Həcc» surəsi, 78).
«Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik» («Taha» surəsi, 2-3).
Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artıq yükləmədiyini bildirir:
«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!»« («Bəqərə» surəsi, 286).