Quranın «…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur…» («Nisa» surəsi, 128) ayəsi hər insanın nəfsində bir neçə mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan nəfsini malik olduğu bu mənfi xüsusiyyətlərdən çəkindirməli və cənnət əxlaqındakı mükəmməlliyə çatmaq üçün səy göstərməlidir. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv edə biləcək bir varlıqdır.
Həqiqi sevgi və dostluğun yaşana bilməsi üçün insanların bunu unutmaması vacibdir. Hər kəs sevdiyi insana qarşı çox səbrli və bağışlayan olmalı, dostunun qüsurlarına qarşı səbrli olmalı və onu başa düşməli, onun nöqsanlarını düzəltməyə çalışmalıdır. Çünki sevmək və sevilmək səbrli olmağı, candan keçməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstərilən səbr insanlar arasında sevginin və mehribanlığın artmasına səbəb olur. Möminlər əslində bir-birlərinə güvəndikləri müsəlman olduqları və bir-birlərinə hörmət bəslədikləri üçün, bir-birlərinin xətalarını səbr və anlayışla qarşılayırlar. Müsəlman qardaş və bacılarının yalnız xətalarını düzəldə bilmək, Quran əxlaqını ən gözəl şəkildə yaşamaq üçün göstərdikləri səmimi bir səy belə onlara qarşı sevgi yaranması üçün kifayətdir. Bu səbəbdən qardaş və bacılarının bir səhv sözü və ya hərəkəti ilə qarşılaşsalar belə, ona qarşı səbr göstərər, ən gözəl davranışla cavab verərlər.
Peyğəmbərimiz (s.ə.v.) də möminlərə müsəlman qardaş və bacılarının qüsurlarını örtmələrini, onlara dəstək olmalarını buyurur:
«Kim bir müsəlmanın ayıbını örtərsə, Allah da onun dünya və axirətdə ayıbını örtər. Kim müsibətə düşən bir adamın müsibətini aradan qaldırarsa, Allah da qiyamətdə onun müsibətlərindən birini yox edər. Kim qardaşının ehtiyacını təmin edərsə, Allah da onun ehtiyacını təmin edər»
Allahı sevən və daima Allahdan razı olan bir insanın səbri, cahiliyyə cəmiyyətində olan insanların səbr anlayışından çox fərqlidir. Bu cür insanlar əgər qarşılarındakı insanlardan mənfəət umurlarsa və ya cəmiyyətin təsirindən çəkinirlərsə, bəzi vəziyyətlərə «dözə bilirlər». «Dözə bilən» insan özünü qaşqabaq tökməkdə, deyinməkdə haqlı görə bilər. «Bu qədər çətinliyə qatlanıram, bunun əvəzində istədiyimi etmək haqqımdır» kimi düşüncəyə qapılırlar. Məsələn, xəstə dostuna və ya həyat yoldaşına baxmaq məcburiyyətində qalan bir insan, əgər Quran əxlaqını yaşamırsa, bir müddət sonra mütləq bu vəziyyətdən sıxılmağa, əsəbləşməyə və şikayət etməyə başlayar. Gecələr yuxusuz qaldığını, yorğun olduğunu, işinin çox çətin olduğunu və ya heç kimin onun kimi belə bir çətinliyə dözməyəcəyini söyləyər. Bu vəziyyətdən narahatçılığı və yaşadığı əsəb aydın hiss olunur. Xəstə olan adamı minnət altında saxlayan sözlər deyər, ona borclu olduğunu xatırladar.
Səbrli insan isə sevdiyi adamın hər cür istəyinə, ehtiyacına həvəslə əməl edər və ona əlindən gələn köməyi göstərər. Etdiklərinə görə qarşısındakı insanı əsla minnət altında qoymaz. Səbr Allahın Quranda möminlərə tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətidir:
«Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!» («Ali-İmran» surəsi, 200).
cooooooooooooooox gozel sozlerdi ve dogrudu,,her bir seyin acari sebrdi