Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asanlıqla yalan danışırlar. Bir insanın yalan söylədiyinin anlaşılması ona qarşı sevgi yaranmasına mane olur. Çünki, yalan söyləyən insanın hansı sözünün doğru, hansı sözünün yanlış olduğu bilinmədiyinə görə güvənilən deyil. İnsan inanmadığı birinə qarşı sevgi də duya bilməz.
Möminlər isə, böyük itkiyə uğrasalar və ya maddi-mənəvi ziyanla qarşılaşsalar da, heç vaxt yalan danışmırlar. Onlar hər zaman, hər mövzuda səmimi olan insanlardır. Heç vaxt doğru olanı gizlətməz, mənfəətləri naminə doğru olanı dəyişdirməz, yerinə yetirə bilməyəcəklərini söz verməzlər. Bundan başqa, İslam əxlaqını yaşayan insan üçün yalanın böyüyü-kiçiyi də yoxdur. Buna görə də möminlər heç bir zaman qarşı tərəfə yaxşı görünmək, etibarını qazanmaq, maddi qazanc əldə etmək və ya hər hansı bir şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmırlar.
Bu gözəl əxlaq xüsusiyyəti, ruhu sevgiyə yönəldən vasitələrdən biridir. Çünki insanın ruhunda səmimi insanlara qarşı dərhal sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v.) söhbətlərində möminlərin bir-birlərinə olan sevgisinin əhəmiyyətini bildirmiş və bu sevginin yaranması üçün etibarın geniş yayılmasını buyurmuşdur:
Əbu Hüreyrə (r.a.) bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, iman gətirmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman gətirməzsiniz! Aranızda sevgi yaradacaq şeyi xəbər verimmi? Aranızda salamı yayın!»