Anaya Verilən Dəyər


Allah, İslam əxlaqı ilə insanların həm ictimai, həm də şəxsi hüquqlarını zəmanət altına alıb onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşamağın yolunu göstərib. Quran əxlaqı qadını-kişini, gənci-yaşlını, varlını-kasıbı ayırmadan bütün insanlara qarşı ədalətli, mərhəmətli və xoş münasibətdə olmağı tələb edir. Mömin, qarşısında kim olursa olsun həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən bir insan bütün gözəl əxlaqi xüsusiyyətlərini Allah ona əmr etdiyi üçün yaşayar. Bu səbəbdən də qarşısındakı insanın ictimai mövqeyi, cinsiyyəti, yaşı onun göstərəcəyi münasibət və davranışlarına təsir etməz.

Allah Quranda həm qadına qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir.

Valideynlər övladlarının gözəl təhsil alıb əxlaqlı olması, özünə və ətrafındakılara faydalı olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlıq edirlər. İnsan özünə verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. (Ənkəbut Surəsi, 8)

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik… (Əhqaf Surəsi, 15)

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ən’am Surəsi, 151)

Quranın bir başqa ayəsində isə Allah insana, ana və atasına qarşı gözəl davranmağını, lovğalanmamasını belə bildirir:

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa Surəsi, 36)

Bütün bu ayələrdən də aydın olduğu kimi Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir.

Bununla yanaşı Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb onun əməyinə də diqqət çəkir:

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman Surəsi, 14)

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə )daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”(Əhqaf Surəsi, 15)

Həqiqətən də hər ana uşağını dünyaya gətirmək üçün aylarla böyük fədakarlıqlara səbr edir. Allahın ayədə bildirdiyi kimi bir çox çətinliklərlə uşağını bətnində daşıyır, çətinliklə dünyaya gətirir və sonra yenə böyük bir fədakarlıqla uşağın qidalanmasını təmin edir. Allah bu həqiqəti insana xatırladaraq ananın çox qiymətli varlıq olduğuna diqqət çəkir.

Bununla  yanaşı  Allah, insanın ana və atasının göstərdiyi bu fədakarlıqlarını unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. (İsra Surəsi, 23-24)

Məlum olduğu kimi yaşlılıq insanın bir çox baxımdan gücünün itməsinə, gənclik illərindəki kimi sağlam, dinamik və enerji dolu halının tam əksinə qorunmağa, başqalarının qulluğna və köməyinə möhtac olmağına səbəb olur. Möminlər Allahın əmri ilə ahıl yaşına çatdıqda da ana və atalarına qarşı çox şəfqətli və anlayışlı olurlar.

Allah Quranda möminlərin ana və ataya qarşı göstərəcəkləri bu münasibətin ölçüsünü  də təyin edib və ayədə bu şəkildə buyurub:

“… Onlara uf belə demə, onları danlama, gözəl söz söylə” (İsra Surəsi, 23)

Allah bu ayəsi ilə ana və ataya qarşı edilən ən kiçik hörmətsizliyi, şəfqətsizliyi belə qadağan edir. Allah, onlara qarşı daim gözəl söz deyilməsini və ‘uf’ belə deməyəcək qədər hörmətlə davranmalarını əmr edir. Bu səbəbdən də möminlər yaşlanıb gücdən düşmüş ana və atalarına qarşı çox etinalı, incə düşüncəli, anayışlı münasibət göstərirlər. Onların rahatlıqları üçün əllərindən gələni edir, hörmətdə və sevgidə qüsur etməməyə çalışırlar. Ahıllığın gətirdiyi çətinlik və sıxıntıları unutmadan, onların bütün ehtiyaclarını hiss etdirmədən aradan qaldırmağa cəhd göstərirlər. Hər nə olursa olsun onlara qarşı mehriban olurlar.

Möminlər valideynlərini mənəvi baxımdan olduğu qədər maddi baxımdan da hər hansı bir əskiklik hiss etdirmədən, çətinlik çəkməsin deyə əllərindəki imkanları səfərbər edirlər. Allah,

Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə Surəsi, 215)

ayəsi ilə möminlərin xeyir olaraq infaq edəcəkləri mallarında da ana və atanın haqqının olduğunu bildirir. İman sahibləri Allahın bu ayəsinə görə ehtiyac içində olduqları təqdirdə ana və atalarının  ehtiyaclarını da ən gözəl şəkildə təmin edirlər.

Hz. Yusifin ana və atasına qarşı göstərdiyi gözəl əxlaq bütün insanlar üçün gözəl nümunədir. Hz. Yusif Misir xəzinələrinin başına keçdikdən sonra ana və atasını ən gözəl şəkildə qarşılayaraq onları taxta çıxarıb oturtmuşdur. Allah Quranda Yusif Peyğəmbərin bu davranışını belə bildirir:

Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir. (Yusuf Surəsi, 99-100)

Quranda iman edənlərin dualarında ana-atalarını unutmadıqları, onlar üçün Allahdan bağışlanma və rəhmət dilədikləri xəbər verilir. Bundan başqa Quranda peyğəmbərlərin də Allaha bu mövzuda dua etdikləri aydın olur. Allah, Hz. Nuhun

“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır.” (Nuh Surəsi, 28)

sözləri ilə ana- atası üçün bu istiqamətdə dua etdiyini bildirir.

Allahın Quranda bildirdiyi bütün bu ayələrdən də aydın olduğu kimi İslam əxlaqı ana və ataya böyük əhəmiyyət və dəyər verir. Gəncliyində də, yaşlılığında da Allah anaya qarşı göstərilməli olan hörmətin və gözəl əxlaqın əhəmiyyətli mömin xüsusiyyəti olduğuna diqqət çəkir. Ancaq Allah,

Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman Surəsi, 15)

ayəsiylə, Özünə qarşı üsyan yolunu seçdikləri və övladını da bu istiqamətdə hərəkət etməyə təşviq etdikləri təqdirdə ana və ataya itaət edilməməsini bildirir. İslam əxlaqının tələbi olaraq Allah bu vəziyyətdə də yenə onlara qarşı hörmətsizlik edilməməsini əmr edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma