İnsan Özünü Mənfi Düşüncələrə Təslim Etməməlidir…


İnsan nəfsində yaxşılıq və pislik birlikdə yaradılmışdır. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın başqa bir xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdqda yaxşılıqlar heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz.

İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyət də “müsbət düşünməkdir”.  Yaxşılıqları və pislikləri özündə cəmləşdirən nəfs insanları mənfi düşünməyə təşviq edir. Əlbəttə, nəfs müxtəlif yollarla əsl üzünü gizlədir. Müsbət düşünməyin müəyyən mənada “özünü aldatmaq” olduğunu, “mənfi düşünməyin isə insanı daha ehtiyatlı etdiyini”, “daha ağıllı addımlar atmasına səbəb olduğunu”, “bu şəkildə insanın təhlükələrə və risklərə daha çox hazırlıqlı olduğunu” göstərməyə çalışır. Nəfs insanları mənfi düşünməyin “realizm”, müsbət düşünməyin isə “özünü aldatmaq” olduğuna inandırmağa cəhd edir.

İnsan belə vəziyyətdə Quran əxlaqına görə davranmalıdır. Allah Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyrə yozmağı, Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, əsla Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Qurana əsasən davrandığı üçün şeytan və ya nəfs əksini istəsə də, müsbət düşünər.

Əgər insan istəsə, müsbət və mənfi düşünməyin fayda və zərərini də dərhal müqayisə edib qavraya bilər.

Hər şeydən əvvəl, mənfi düşünmək insanın Allah rızasına uyğun düşünməsinə və Allahın razı olduğu əxlaqa uyğun yaşamasına mane olur. Allahı və Allahın sonsuz gözəlliyə malik isimlərini unutmağına səbəb olur (Allahı tənzih edirik). Allahın ağlını, şəfqətini, mərhəmətini, sevgisini, ədalətini, qullarına olan yaxınlığını, dualara cavab verən olduğunu, səmimi olan qullarını bağışlayacağını, axirətdə hər şeyin qarşılığını ən gözəl şəkildə və artıqlaması ilə verəcəyini unutdurur. Dünyada olan hadisələrin Allahdan müstəqil şəkildə reallaşdığını (Allahı tənzih edirik) düşünməsinə səbəb olur. Bütün bunlar da insanı cahiliyyət məntiqi ilə düşünməsinə gətirib çıxarır. Bu da insanı əbədi olaraq qəm-qüssəyə salır. Hər hadisəyə mənfi tərəfdən baxan insan bədbin və bədbəxt olur. Belə bir insan ətrafındakı insanlara doğru yol göstərə və yaşadığı problemləri həll edə bilməz. Ətrafındakı insanlara həmişə mənfi fikirlərlə yanaşdığı üçün şübhəçi və önmühakiməli olar. Mənfi düşünən, mənfi danışan, mənfi addımlar atan insan kimi ətrafındakı insanların sevgisini, hörmətini, etibarını itirər. Dostlarının yanında narahat olan və dostluğu bilinməyən insan olar. Heç kimi həqiqi mənada sevə bilməz, heç kimə şübhə etmədən yaxınlaşa bilməz. Həyatı həmişə narahat, qəm-qüssə və ümidsiz fikirlər içində keçər. Bütün bunların nəticəsində də həm mənəvi, həm də fiziki olaraq gücsüz olar.

Müsbət düşünən insan isə bu xüsusiyyəti ilə, hər şeydən əvvəl, Allahın razı olduğu kimi davranar. Çünki müsbət düşünmək Allahın bəyəndiyi əxlaqın, səmimi imanın, Allaha inamın və təslimiyyətin tələbidir. Bu əxlaqa malik  insanın vicdanı rahatdır. Çünki Qurana uyğun yaşayır. Başına gələn hadisəyə, ətrafındakı insanlara Allahın istədiyi və bəyəndiyi nəzərlə baxır. Hər hadisəni xeyirə yozur, hər şeyin gözəl tərəfini görür. Yaşadığı hadisələrin mənfi tərəflərini görüb, bunlara kədərlənib pessimizmə qapılmaq əvəzinə çox kiçik gözəlliyin belə fərqinə varır, bu nemət üçün Allaha şükür edir və bunun sevincini yaşayır. Allahın onun üçün saysız-hesabsız nemət yaratdığını dərk edir. Mənfi kimi görünən bütün hadisələrin Allahın imtahanı olduğunu və “Allahın razılığına uyğun davrandıqda” bunların hər birinin dünyada və axirətdə onu savab qazandıracaq səbəblər olduğunu bilir. Ən çətin, ən mürəkkəb hadisələrdə belə mənfi düşünməz. Çünki “Allahın səmimi qullarına mütləq kömək edəcəyini” unutmaz. Gücünün çatmadığı bir hadisədə özünü itirməz. Çünki Allahın sonsuz güc sahibi olduğunun fərqindədir. Hadisələrin öz-özünə baş vermədiyini,  Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bildiyi üçün hər hadisədə xeyir görər. Bütün bu həqiqətləri bilməsi ona dünyada əbədi rahatlıq və xoşbəxtlik verər. Əsla Allahdan ümidini üzmədiyi, Allaha çox inandığı, Allahın köməyinə əmin olduğu üçün çox rahat olar. Hər məsələdə müsbət və ağıllı düşünər. Hadisələrin və ya insanların mənfi cəhətlərindən, nöqsan və qüsurlarından, əlbəttə, xəbərdardır. Amma bilir ki, həll yolu hər şeyə pessimist nöqteyi-nəzərlə baxıb kədərlənmək və narahat olmaq deyil. Bu qüsurları düzəltmək üçün atacağı hər addımı Allaha güvənərək, müsbət düşünərək, ümidvar olaraq, gözəllikləri görüb bunları əsas götürərək atar. Bu səbəbdən də ən çox sevilən, ən çox inanılan, sözünə ən çox etimad edilən, ən çox məsləhət alınan, dost kimi ən çox seçilən şəxslər məhz müsbət düşünən, gözəl əxlaqlı insanlardır.

Üstəlik “müsbət düşünmək” “özünü aldatmaq” və ya “realist olmamaq” demək  deyil. Əksinə, bir çox insanın görə bilmədiyi həqiqəti görmək, “Allahın sonsuz gücünü lazımi qədər təqdir etmək, Allahın gücünə şahid olmaq” deməkdir. Əsl realizm budur. Əks təqdirdə insan özünü aldadır. Çünki əksini düşünən insan hadisələri özünün və ya qarşısındakı insanın etdiyini düşünür. Öz gücünün və insanların gücünün nə qədər məhdud, yaradılanların nə qədər aciz olduğunu gördükcə mənfi düşüncələrə qapılır. Halbuki öz gücü onsuz da heç bir şeyə çatmaz. İnsana müsbət düşünmə, ümidvar olma, hər hadisənin nəticəsində xeyir görmə gücünü verən “Allahın gücünə olan inancı” və “Allahın gücünü lazımi qədər qavramasıdır”.

Bütün bu həqiqətləri diqqətlə nəzərdən keçirən insan “Allahın razılığının müsbət düşünməkdə olduğunu” görər. Bununla yanaşı, mənfi düşünməyin insana heç bir faydası olmadığını, əksinə, insanın həyatını mənasızlaşdırdığını, çətinləşdirdiyini qavrayar. İnsanı daima kədərləndirən, hər yerdə, hər hadisədə insana bədbəxtliyin qapısını açan, nə özünə, nə də başqalarına heç bir faydası olmayan şeytani düşüncə tərzinin olduğunu anlayar. Quran əxlaqına tabe olan insan Allahın üzərimizdəki böyük lütfünü görər, ətrafındakı gözəlliklərdən zövq alar, bütün bunlar üçün Allaha şükür edər və ən çətin şəraitdə belə Allahdan ümidini üzməz. Əsl realizm məhz budur.

Bununla yanaşı, mənfi düşünməyi “tədbirli olmaq” kimi qavrayan insan yanılır. Bu cür pessimist, bədbin, ümidsiz insanın tədbirli olması da mümkün deyil. Doğru düşünmə, hadisələri olduğu kimi qiymətləndirmə və tədbir almaq qabiliyyətini pessimist ruh halına görə onsuz da itirmiş vəziyyətdədir. İnsan ancaq müsbət düşünərək, ağıllı və pozitiv fikirlə tədbir ala bilər. İnsanları, hadisələri və təhlükələri doğru təhlil etmək və həll yollarını tapmaq ancaq müsbət düşünməklə mümkün olur.

Allahın Quranda insanlara bildirdiyi bir sirr var. İnsan ətrafındakı gözəllikləri, nemətləri, gördükdə və bu müsbət düşüncə tərzi ilə dəyərləndirdikdə Allah ona olan nemətini daha çox artırar. Əks təqdirdə, yəni insan həmişə yaşadığı şəraitdən, hadisələrdən, ətrafındakı insanlardan şikayət etdikdə, ancaq nöqsan və qüsurları gördükdə, gözəllikləri isə qiymətləndirmədikdə isə özünün səbəb olduğu bədbin həyatı yaşayar.

Beləliklə, hər insan Allahın bildirdiyi bu sirr haqqında yaxşı düşünməlidir. Ən çətin şəraitdə belə həyatda sevinəcəyi, xoşbəxt olacağı, şükür edəcəyi çox sayda nemət və gözəllik var. Əgər az nemətə də şükür etməyi, çətin vaxtlarda belə ümidli olmağı bacarırsa, Allah ona dünyada və axirətdə daha artığını verəcək. Allah Quranda insanlar üzərindəki nemətinin bənzərsizliyini və nemətə şükür etməyin əhəmiyyətini belə bildirmişdir:

Yadınızı salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər  şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim surəsi, 7)

(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34)

 

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

İnsan həyatı boyu ən çətin anlarda belə bu həqiqətləri unutmamalıdır. Həyatının sonuna qədər müsbət düşünməli və əsla bu xüsusiyyətdən əl çəkməməlidir.

Ancaq bunu da heç vaxt unutmaq olmaz ki, insan gözəl əxlaqlı olmağı, müsbət düşünməyi, Allahdan ümidvar olmağı nemətə qovuşmaq üçün deyil, Allahın razılığını qazanmaq üçün etməlidir. Allah dərgahında qəbul ediləcək davranışlar bunlardır. Çünki Allahın razılığı dünyada və axirətdə olan bütün nemətlərdən üstündür. Allah qulundan razı qalarsa, onsuz da nemətini lütf edəcək. Lakin bu gözəl əxlaq ancaq Allahın razılığının heç bir nemətlə müqayisə edilməyəcək qədər böyük lütf olduğunu qavrayan insanlara nəsib olacaq.

İnsan Özünü Mənfi Düşüncələrə Təslim Etməməlidir…” üzərinə 2 şərh

  1. Mən 7 ci sinifdə oxuyuram.Ama buna baxmayaraq müəlliməmizin evə tapşırıq olaraq”Gözəl düşünən gözəl görər”inşasında kömək,azda olsa fikri sizdən aldım….Çox sağolun

fatime üçün bir cavab yazın Cavabı ləğv et