Ölümə Tələsən Erkək Arılar


Arı ailəsində hər arının öz işi var. Ancaq erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyası ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa heç bir xüsusiyyətə malik olmadıqlarına görə ancaq ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış çıxdıqda işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dövrdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirilmə səbəblərindən biridir.

Xüsusi xidmət göstərən işçi arılar

Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara çox qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400-500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün 5-6 işçi arı heç dayanmadan işləməlidir. Yəni pətəkdəki 2-3 min işçi arının müəyyən müddət vəzifəsi erkək arıları bəsləməkdir.

Əslində ana arının cütləşməsi üçün ən çox 10 erkək arı bəs edir. Buna baxmayaraq, arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə görüləcək işlər çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların qulluğuna sərf edirlər. Bu, çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçduqda mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə alsaq, onların çox olmasının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək arıların işçi arılar tərəfindən xüsusi diqqətlə qorunması pətəyin təhlükəsizliyi baxımından görülmüş vacib tədbirdir. Əlbəttə, bu tədbirin məqsədi var. Burda əsas məqsəd arıların nəslinin davamını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.

Amma bir sual ortaya çıxır: arılar bu mühüm qərarı necə verirlər? Onlar bu planı birlikdə müəyyən ediblər?

Yoxsa bunu təsadüfən kəşf etmiş və çox mükəmməl strategiya olduğunu görüb həyata keçirməyə qərar veriblər?

Əlbəttə, arılar bunların heç birini özbaşına etmirlər. Arıların qərar vermə mexanizmləri, strategiya müəyyən edib sonra onu həyata keçirmə üçün şüurları yoxdur. Onlar da yer üzündəki bütün canlılar kimi Allaha boyun əyirlər.

Erkək arıları gözləyən son

Ana arı ilə erkək arı hündür yerdə görüşürlər. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşmə baş verdiyi an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən məhv edilirlər. Cütləşmə dövrü başa çatdıqda istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti də dəyişir. İşçi arılar cütləşmə dövründə erkək arıların qayğısına xüsusi diqqət edirlər. Cütləşmə dövrü bitdikdən sonra erkək arıların qanadlarını qoparıb onlara hücum etməyə başlayırlar. Onlar bir şey yemək istədikdə işçi arılar onları qüvvətli çənələri ilə bığcıqlarından və ya ayaqlarından tutub pətəyin bir kənarına sürüyür və çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün çox qısa müddətdə ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar. Dişi arılar (ana və işçi) erkək arılar pətəkdən çıxarıldığı andan gələn yaya qədər olan müddət ərzində tək qalırlar.

Arılar Allahın vəhyi ilə hərəkət edirlər

Bir canlının öz təhlükəsizliyini düşünmədən birlikdə yaşadığı qrup üzvlərinin təhlükəsizliyini və rahatlığını təmin  etməyə çalışmasının ancaq belə açıqlaması ola bilər: arı pətəyindəki bu nizam üstün ağıl sahibi olan Yaradan tərəfindən müəyyən olunub. Bu Yaradan pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən uca Yaradıcı Allahdır.

Yer üzündəki bütün canlılar kimi erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr də, arı nəslinin davamlılığını qoruyurlar.

Allah arıların digər bütün canlılar kimi Onun vəhyi ilə hərəkət etdiyini ayələrində belə açıqlayır:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get!  (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl surəsi, 68-69)

Ölümə Tələsən Erkək Arılar” üzərinə 4 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma