Hər İşimizdə Allaha Necə Yönələ Bilərik?


Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng, zənginliklərlə dolu, həmişə davam edəcəkmiş kimi bir hiss oyandıran, bir hadisə bitdiyində davamlı olaraq yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklərlə yaratmışdır. Əlbəttə, dünya həyatının bu cür görünməsi Allahın sonsuz  yaratma sənətinin təzahürüdür.

Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə imani dərinliyə çatmış insan hər işində, hər danışığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehnində mütəmadi olaraq “hansı rəftarı göstərsəm, Allahı razı edərəm?” düşüncəsi olar.

İnsanın diqqəti hər an dağılmağa, lazımsız fikirlərlə məşğul olmağa, boş və mənasız xəyallarla yayınmağa meyillidir. Mömin şüurunu və diqqətini hər zaman Allahı düşünərək, Allahın ən razı olacağı əxlaqı göstərməyə çalışaraq açıq saxlamağa cəhd göstərməlidir. Bir çox insanın Allahın yaxınlığını unutduğu anlarda belə (Allahı tənzih edirik) Allah sonsuz güc və qüdrəti ilə hər şeyi ən incə təfərrüatına qədər ehtiva edir. Quranda bu əhəmiyyətli həqiqət insanlara belə bildirilmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

Müsəlman həyatının hər mərhələsində Allahın onun qarşısına sınaq olaraq çıxardığı bütün hadisələrdə insanların və ya digər səbəblərin yaratdığı xırda işlərdə ilişib qalmağı deyil, Allaha yönəlməyi hədəfləməlidir. Allah Quranda insanların sınanması üçün lehimizə və ya əleyhimizə kimi görünən müxtəlif hadisələr yaratdığını bildirir. Çətinliklər Allahdan gələn sınaq olduğu kimi, gözəlliklər və nemətlər də eyni şəkildə insan üçün imtahandır. İnsan necə sıxıntı və çətinliklərin Allahdan xüsusi bir hikmətlə verildiyini bilib Allaha yönəlirsə, eyni şəkildə Allahın verdiyi nemətlər və gözəlliklər qarşısında da eyni rəftarı göstərməli və Allaha yönəlməlidir. Allah Qurani-kərimdə hər hadisədə Ona yönəlməyin üstün əxlaq olduğunu belə bildirir:

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi.  (Sad surəsi, 30)

 Allah Quranda bizi çətinliklərlə sınayacağını bildirir. Belə anlarda təqva sahibi bir müsəlman ixlasla, şövqlə Allaha yönəlməlidir. Allahın onu sınadığını bilməklə onun Allaha olan sevgisi daha da artar, səbrin və əxlaqın ən gözəlini yaşayaraq Allaha olan sevgisini yenidən göstərər. Allah insana müxtəlif xeyir və hikmətlərlə fiziki və ya mənəvi çətinlik verə bilər. Müsəlman Allah üçün səbir etməyin rahatlığı ilə bundan da böyük mənəvi həzz alar. Kənardan baxıldığında bəlkə dözülməz çətinlik kimi görünən bir vəziyyət şiddətli Allah sevgisi ilə müsəlman üçün nemətə çevrilər.

Eynilə xəstəliklər də müsəlman üçün imtahanın bir hissəsidir. Xəstəliklə birlikdə müsəlman bütün səmimiyyəti ilə Allaha sığınar, Allahın gücünün hər şeydən üstün olduğunu və Allahın sonsuz gücü qarşısındakı acizliyini daha da anlayar. Daha dərin və Allahın qüdrətini düşünərək dua edər, səmimiyyətlə Allaha olan yaxınlığı artar. Səbir etdiyi hər an Allahın onu çox sevdiyini, Allahın razı olduğu bir insan olmağı ümid edərək yaşayar.

Eynilə yoxluq və var-dövlətin azaldılması kimi imtahanlarla qarşılaşan bir müsəlman da bu vəziyyəti Allahın bir çox hikmət və xeyirlə yaratdığını bilər. Allahın bu vəziyyəti yaratdığı andan etibarən o anda özü üçün varlığın deyil, yoxluğun gərəkli olduğunu anlayar. Bütün şərtləri yaradanın Allah olduğunu və yenə istədiyində bütün bunları ancaq Allahın dəyişdirəcəyini bilər. Allahın köməyinə ümid edərək yenə Allaha sığınar.

İnsan həyatı boyunca bir çox mənfi rəftar, söz və davranışla da üzləşə bilər. Müsəlman eşitdiyi hər sözü Allahın istəyi ilə eşitdiyini, daha o doğulmadan nələri eşidəcəyinin hərfinə qədər qədərində təyin olunduğunu, bunların mənəvi baxımdan dərinləşməsi üçün Allahdan xüsusi olaraq verildiyini düşünər və bütün bunlar Allaha olan yaxınlığının artmasına səbəb olar.

Ani və gözlənilməz hadisələrlə qarşılaşdığında da mömin daim Allaha təvəkkül edər, reallaşan hər şeyin Allahın mütləq iradəsi altında olduğunu bilərək hərəkət edər. Bunun kimi hadisələrdə dərhal Allahı düşünərək, Allahın sonsuz qüdrətini xatırlayaraq Allaha yönəlməsinə səbəb olar.

İnsan belə vəziyyətlərdə hər şeyi ən incə xırdalıqlarına qədər Allahın yaratdığını, hər şeyi onun o an gördüyü və ya görə bilmədiyi bir çox hikmətlərlə dolu olduğunu mütləq bilməlidir. Təqva sahibi bir müsəlman belə vəziyyətdə: “Allah belə bir hadisə yaradaraq mənim bu hadisədəki hikmətləri görməyimi, imanımın artmasını, yetkinləşməyimi, Allaha daha güclü və səmimi bağlanmağımı istəyir”, -deyərək Allaha yönələr.

Gün ərzində də Allah qarşımıza bir çox müxtəlif hadisə və insan çıxarır. İnsanın planlaşdırdığı işlərin gedişatı dəyişib başqa cür ola bilər, istədiyi işlər reallaşmaya bilər, çox əhəmiyyətli bir yerə çox sadə səbəbə görə gecikə bilər və ya getməyə bilər. Çox əhəmiyyətli bir əşyanı və ya sənədi itirə bilər, tapşırdığı bir işi həyata keçməyə bilər. Gün ərzində yaşanan bu və digər hadisələrdə Allaha yönəlməklə Allahdan hər işin və hər hadisənin ən xeyirli şəkildə nəticələnməsini istəmək və Allahın bizdən istədiyi bütün səbəbləri nəzərə alıb hər işin nəticəsini mütləq Allaha buraxmaq lazımdır. Müsəlman belə anlarda da Allahın sonsuz ağlına, mərhəmətinə, şəfqətinə və yaratmasındakı sonsuz qüdrətinə təslim olar, Allahın yaratdığı hər hadisənin öz qədərində ən mükəmməli olduğuna inanıb güvənər. Allah insanları çətinliklər və xəstəliklərdən başqa nemətlərlə də sınağa çəkə bilər. İmtahan zamanı insana mal-mülk, gözəllik, sağlamlıq və hər cür nemət  verilə bilər. Müsəlman gözəlliklər qarşısında etdiyi kimi, çətinliklər qarşısında da Allahın onu sınadığını bilərək hərəkət edər. Allahın verdiyi nemətlərə ən gözəl şəkildə şükr etməyə, bütün nemətlər üçün Allaha təşəkkür etməyə, nemətlərlə Allahın gücünü, yaratma sənətini, şəfqətini, mərhəmətini həmişə xatırlamağa cəhd göstərər. Qarşılaşdığı hər gözəllikdə daim Allaha yönələr. Nemətlər ona həmişə Allahı düşündürər, Allahın sonsuz rəhmət sahibi olduğunu xatırladar.

Dərin imana, güclü Allah qorxusuna və Allah sevgisinə sahib olan bir müsəlman qəlbinin daim Allahla birlikdə olmasından qaynaqlanan əhvali-ruhiyyədədir. İşlərində, söhbətlərində və hərəkətlərində Allahın gücünə sığınaraq, Allahın sonsuz ağlına təslim olaraq və Allah eşqini hiss edərək yaşayar. Qəlbində və dilində daim Allah vardır. Ruhu Allaha eşqlə, şövqlə və istəyərək yönələr.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma