Quran Əxlaqında Müsəlman Kişi Xarakteri


Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə nümunə götürür, onların danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların arasında gözəl əxlaqa sahib olmayanlar da var və onları təqlid edən gənclərdə də eyni rəftarlar nəzərə çarpır.

Quran əxlaqının geniş şəkildə yaşanmadığı bir cəmiyyətdə insanların xarakterini müəyyən edən başqa amillər var. Buna bir nümunə olaraq “kişi dediyin…” sözü ilə başlayan anlayışı göstərə bilərik. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim üstün olmaqdır. Bu anlayışa sahib olan cəmiyyətdəki digər amillər də kişinin üstün olduğunu dəstəkləyir. Qısacası, bu və buna bənzər məntiq gəncləri sevgi, hörmət, mərhəmət kimi üstün əxlaqi xüsusiyyətlərdən uzaqlaşdırır. Bununla yanaşı, gənclərə verilən təhsilin də əhəmiyyətini vurğulamaq lazımdır. Burada haqlı olanın yox, güclü olanın üstün olduğunu müdafiə edən, zəif və aciz insanların cəmiyyətdən silinməsini nəzərdə tutan, insanlara qəddarlığı, mərhəmətsizliyi, mənfəətçiliyi təlqin edən darvinist təlimlər gənclərə sistematik olaraq yeridilir.

İnsanların bəyəndikləri və təriflədikləri nə qədər əxlaq xüsusiyyəti, davranış forması və üstünlük varsa, hamısı din əxlaqının xüsusiyyətləridir. Uca Allahın əmr və tövsiyələrinə əməl edən insanlar həm Rəbbimizin məmnuniyyətini qazanar, həm də ətrafındakı bütün insanların sevdiyi və hörmət etdiyi şəxs olar.

Ən gözəl nümunə peyğəmbərlərimizdir

Hər bir müsəlman peyğəmbərlərimizin əxlaqını özünə nümunə götürməli, öz  əxlaqında onlara bənzəməyə çalışmalıdır. Rəbbimiz hz. Muhəmmədin (s.ə.v) insanlara gözəl nümunə olduğunu bir ayədə belə bildirir:

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir! (Əhzab surəsi, 21)

Peyğəmbərimizi (s.ə.v) görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl rəftarlarını, danışıq üslubunu, göstərdiyi gözəl əxlaqı tanıya bilərik. Ona bənzəmək, axirətdə onunla yaxın dost olmaq üçün əlimizdən gələni etməliyik. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) kimi digər peyğəmbərlər də Allahın möminlər üçün nümunə etdiyi, Allahın razı olduğu insanlardır. Allah “Yusif” surəsində belə bildirir:

(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır… (Yusuf surəsi, 111)

Hz. Muhəmmədin (s.ə.v) nümunəvi üslub və rəftarı

Allah Peyğəmbərimizin (s.ə.v)  gözəl əxlaqa sahib olduğunu Quranda bizə belə bildirmişdir:

Və, həqiqətən səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da, sən böyük bir əxlaq sahibisən! (Qələm surəsi, 3-4)

Böyük İslam alimi İmam Qəzali hədis alimlərindən topladığı məlumatlarla Peyğəmbərimizin (s.ə.v) ətrafındakılarla rəftarını belə yekunlaşdırmışdır:

“… Hüzurunda oturan hər kəsə mübarək üzünü görməyi nəsib edər, iltifat buyurardı. Buna görə, hüzurundakı hər kəs onun nəzərində özündən daha qiymətli insanın olmadığını düşünərdi. Bəli, onun oturuşu, dinləməsi, sözləri, gözəl lətifələri və təvəccühü həmişə yanında oturanlar üçün idi. Bununla yanaşı, onun məclisi həyalı, təvazökar və təhlükəsizlik məclisi olurdu.

… Onların könüllərini xoş etmək üçün səhabələrini ləqəbləri ilə çağırar, ləqəbi olmayanlara ləqəb taparaq onunla xitab edərdi.

Hirslənməkdən çox uzaq və tez razılaşan idi.

İnsanlara qarşı çox şəfqətli idi. Belə ki, insanların ən xeyirlisi insanlara xeyri toxunan, insanların ən faydalısı da insanlara faydalı olandır” (Tirmizi, Taberani; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2-ci cild, Tərcümə edən: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 798)

Ədaləti

Peyğəmbərimiz (s.ə.v) heç vaxt ədalətdən üz döndərməmişdir. Allahın “De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz” (Əraf surəsi, 29) ayəsində bildirdiyi kimi, hər dövrdə bütün insanlara nümunə olmuşdur.

Danışıq üslubu

Peyğəmbərimiz (s.ə.v) danışığı ilə həmişə insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırlatmış, daim Allaha çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub-çəkinmələrinə səbəb olan üslubda danışmışdır. Peyğəmbərimizi (s.ə.v) nümunə götürən müsəlman kişilərin də hər danışığında Allahı unutmadıqları bəlli olmalıdır.

Həmçinin onun sünnəsinə tabe olanlar onun kimi insanları xəbərdar edən və onlara müjdə verən insanlar olmalıdırlar. Belə ki, Peyğəmbərimiz (s.ə.v) ümmətinə müjdə verməyi buyurmuşdur:

“Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin” (Hz. Said İbni Ebu Berde; G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 510/5)

Nəzakəti və xoş münasibəti

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) çox incə düşüncəli, nəzakətli, səbirli, mülayim və çox mədəni  insan idi. Səhabələrin bir çox rəvayətində də Peyğəmbərimizin (s.ə.v) nəzakətli, incə düşüncəli rəftarlarına dair nümunələr verilir. Peyğəmbərimiz (s.ə.v) həm peyğəmbər, həm də dövlət başçısı olduğu üçün bütün insanlarla daim əlaqə qurmuş, hər kəslə görüşmüşdür. Yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən fərqlənən insanlarla hər sahədə dialoq qurmuş, hamının qəlbinə yol tapmış, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli olmuş, gözəl əxlaq göstərmişdir.

Peyğəmbərimizin (s.ə.v) evində böyüyən və illərlə ona xidmət edən hz. Ənəs (ə.s) Peyğəmbərimizin (s.ə.v) nəzakətini belə izah etmişdir:

“Səhabələrinə gözəl adlar verərdi. Hz. Əliyə “Əbu Turab”, başqa səhabəsinə “Əbu Hüreyrə” kimi ləqəblər vermişdi. Onlara şərəf vermək üçün xoşlarına gələn adla çağırardı”.

“Heç kimin sözünü kəsməzdi. Sözünü yarımçıq qoymazdı. Danışdığı insan sözünü bitirmədən, yaxud getmək üçün ayağa qalxmadan söhbətinə davam edərdi”. (Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buhari, 4-cü cild, Üçdal Nəşriyyat, İstanbul 1993, s.340)

Hz. İbrahimin qonaqpərvərliyi

Rəbbimizin Quranda xəbər verdiyi kimi hz. İbrahimə insan surətində gələn mələk elçilər onun evində qonaq olmuşlar:

(Ya Məhəmməd!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi. (Zariyat surəsi, 24-25)

 

Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına müjdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: “Salam”-dedilər. İbrahim də: “Salam!”-deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi. (Hud surəsi, 69)

Gördüyümüz kimi, hz. İbrahim gələn qonaqların fərqli olduqlarını dərhal anlamışdır. Buna baxmayaraq, tanımadığı qonaqlarına üstün qonaqpərvərlik nümunəsi göstərmiş, gözəl ikram təklif etmişdir. Hz. İbrahimin tanımadığı qonaqlarına qarşı nəzakətli olması onun üstün əxlaqının bir təcəllisidir. İkramın qonaqlardan tələb gəlmədən əvvəl edilməsi müsəlmanların nümunə götürmələri olduqları xüsusiyyətlərdən biridir. Hz. İbrahimin göstərdiyi incə düşüncə nümunələrindən biri də bu ikramı sezdirmədən hazırlamasıdır:

O bir bəhanə ilə ailəsinin yanına getdi və kök bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qonaqların qabağına qoyub: “Bəlkə yeyəsiniz!”-dedi. (Zariyat surəsi, 26-27)

Hz. Musanın etibarlılığı

Hz. Musa fironu və qövmünü tərk etdikdən sonra Mədyənə getmişdi. Mədyəndə heyvanlarını sulaya bilməyən iki qadın görmüşdü. Qadınlar çobanlardan çəkinirdilər, bu səbəblə, onların yanına gedib sürülərini sulaya bilmirdilər. Hz. Musanın ayələrdə izah edildiyi kimi, çox etibarlı və sadə görünüşü vardı. Buna görə də qadınlar onunla danışmaqdan çəkinməmişlər. Qadınlar hz. Musaya heyvanlarını sulamağa gətirməyə məcbur olduqlarını bildirmiş, ancaq çobanlar olduğu üçün sürülərini sulaya bilmədiklərini də izah etmişlər. Hz. Musa qadınlara kömək edib onların heyvanlarını sulamışdır:

 

Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın  görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır”, – deyə cavab verdilər.

 

(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Qəsəs surəsi, 23-24)

Burada hz. Musanın nəzakətli, incə düşüncəli və yardımsevər xarakterinin bir nümunəsini görürük. Diqqət yetirsək, bu hadisədə hz. Musa heç tanımadığı iki  nəfərlə söhbət etmiş, onlara kömək etmiş və hörmətlərini qazanmışdır. Ayədə bildirilən çobanlar isə hz. Musanın əksinə bir rəftar göstərmişlər. Qadınlar hz. Musa ilə söhbət etdiklərinə baxmayaraq, çobanların yanına belə yaxınlaşmamışlar. Ayədən məlum olur ki, çobanlar görünüşcə etibarlı insanlar deyildilər (ən doğrusunu Allah bilir).

Deməli, bir müsəlmana yaraşan rəftar ayədə çobanlar kimi təsvir edilən bu insanlara  bənzər rəftarlardan çəkinmək, hz. Musanı nümunə götürərək daha nəzakətli, incə düşüncəli, anlayışlı, sadə və etibarlı olmaqdır.

Hz. Süleymanın estetika anlayışı

Axşamüstü ona cins çapar atlar göstərildiyi zaman O dedi: “Mən gözəlliyi  Rəbbimin zikrindən ötrü sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Sad surəsi, 31-32)

Din əxlaqının bəxş etdiyi gözəlliklərdən uzaq olan insanların çoxu içinə qapalı, ətrafındakı hadisələrə və varlıqlara qarşı laqeyd olurlar. Halbuki, hz. Süleymanın rəftarlarından da açıq şəkildə göründüyü kimi, müsəlman ətrafındakı gözəlliklərə qarşı çox həssas olmalı, gözəllik, estetika və sənətdən zövq almalı, incə düşüncəli olmalıdır. Müsəlman Allahın nemətlərini dərk etməli və onlardan zövq alıb şükür etməlidir.

Müsəlman kişi və müsəlman qadının ortaq xarakteri

Əlbəttə ki, peyğəmbərlərimizin nümunəvi rəftarları yalnız kişilərə aid deyil. Mömin kişi və mömin qadının əxlaqi xüsusiyyətləri və məsuliyyətləri ortaqdır. Allah bu vəziyyəti Quranda belə bildirir:

Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridirlər. Yaxşılığı əmr edər, pislikdən çəkindirərlər, namazı dümdüz edərlər, zəkatı verərlər və Allaha və Rəsuluna itaət edərlər… (Tövbə surəsi, 71)

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

İman gətirməyən cəmiyyətdə kişi xarakteri:

Lağbaz, incidici və adi zarafatlar,

Hikmətsiz və boş məsləhətləşmələr,

Davakar üslub,

Səmimiyyətsiz, süni mimikalar,

Həmişə özündən bəhs etmə, özünü tərifləmə,

Pessimist, şikayətçi üslub,

Nəfsinin istəklərinə boyun əyən,

Ədaləti öz mənfəətləri ilə ölçən,

Aqressiv və əsəbi hərəkətlər,

Kobud, mədəniyyətsiz, güvən verməyən rəftarlar,

Məsuliyyətsiz və şüursuz davranışlar,

Eqoist, mənfəətçi, qarşılıq gözləyən bir anlayış,

Qürurlu, eqoist,

Qadınları bir əşya kimi görmə və alçaltma,

Tənqidə və dəyişikliyə bağlı,

Estetik anlayışdan məhrum, təmizlikdən uzaq.

Mömin kişi xarakteri:

Qarşılıqlı zarafatlar, tərifləyici sözlər,

Allahı xatırladan faydalı məsləhətlər,

Gülərüzlü, səmimi üslub,

Birlik və sülhsevərlik,

Təbii mimikalar,

Başqalarını tərifləmə,

Ümidvar, müjdələyici üslub,

Vicdanla hərəkət edən,

Hər vəziyyətdə ədalətli olan,

Nəzakətli, incə düşüncəli, inam verici davranışlar.

Məsuliyyətli və şüurlu davranışlar,

Fədakar, qarşılıqsız yaxşılıq edən anlayış,

Təvazökar və mülayim,

Qadınlara dəyər vermə və hörmət etmə,

Tənqidə və dəyişməyə razı olan,

Estetik, müasir,

Təmizkar insan.

NƏTİCƏ

Dünyada əmin-amanlığı və sülhü bərqərar etmək üçün peyğəmbərlərin əxlaqı ilə inanclı və gözəl xasiyyətli nəsillər yetişdirməyə cəhd göstərmək lazımdır. Bu məqsədlə, yeniyetməlik dövründə olan uşaqlara başda Peyğəmbərimiz (s.ə.v) olmaqla, bütün peyğəmbərləri Quranda izah edilən üstünlükləri ilə tanıtmaq, Quran əxlaqının ehtiyacı olan gözəl davranışları nəsihət etmək lazımdır. Bu mövzuda ailələr başda olmaqla, müəllim, jurnalist, yazıçı və müxbirlərin üzərinə əhəmiyyətli məsuliyyət düşür. Müasir, inanclı, vətənpərvər, əxlaqlı, dürüst nəsillərin yetişməsi həm cəmiyyətlərin, həm bütün dünyanın rifahı üçün zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma