Cəmiyyətdəki narahatlığın qaynağı: Dedi-qodu


Bəzi insanların dedi-qodunu vərdişə çevirmələrinin səbəbi nədir?

Dedi-qodunun cəmiyyətə verdiyi zərərlər hansılardır?

Şeytanın cəmiyyətdə narahatlığı və sevgisizliyi yaymaq üçün istifadə etdiyi üsullara qarşı insanlar Quranda necə xəbərdar edilmişlər?

Cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısını necə almaq olar?

Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Uca Allah Quranda möminlərin bu davranışdan çəkinmələrini əmr etmişdir. Mömin hərəkətlərində olduğu kimi, ağlından keçirdiklərində və hiss etdiklərində də Allah’ın hədlərini aşmaz. Quran hökmlərinin rəhbərliyi altında hiss və düşüncələrini tərbiyə edən mömin Allah’ın iznilə mömin qardaşlarına daim gözəl əxlaq göstərər.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə geniş yayılan davranışlardan biri də dedi-qodudur. Belə cəmiyyətlərdəki insanlar vaxtları və imkanları olmasa da, dedi-qodu etmək üçün mütləq fürsət taparlar. Bəzən qapı qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür. Ancaq əhəmiyyətli olan odur ki, bu şəxslər dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodusu edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəbdən, yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu halda, onlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Qonşuları, dostları, qohumları, yoldaşları, tele-ulduzlar və hətta yoldan keçən insan belə bu dedi-qoduların qaynağı olur. Uca Rəbbimiz bir-birlərinin dedi-qodusunu edən, tənə edən insanları bir ayəsində bu şəkildə xəbərdar edir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Huməzə surəsi, 1)

Dedi-qodu insanın yaxşı niyyətdən uzaq olduğunun göstəricisidir

İnsanın eşitdiyində xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia edə bilməz. Çünki, həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilər və bundan heç xoşlanmazlar. Özləri haqqında mənfi danışılmasına çox həssaslıq göstərərkən, başqalarına qarşı etdikləri bu çirkin rəftardan vaz keçməzlər. Ancaq uca Allah Quranda insanları qeybət etməkdən çəkindirmiş və bunun Quran əxlaqına uyğun olmadığını bu şəkildə bildirmişdir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah’dan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Allah’ın Quranda bildirdiyi əmrə müvafiq olaraq Allah qorxusu olan möminlər əsla bir-birlərinin arxasınca danışıb qeybət etməzlər. Sevginin və dostluğun əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda verəcək şəkildə hərəkət etmək olduğunu bilərlər. Bu vəziyyətdə də əgər yanlış rəftar görərlərsə, onun səhvini anlaması və bu səhvdən imtina etməsi üçün bunu həmin insana söyləyərlər.

Dedi-qodu edənlər şeytanın yoluna uyanlardır

Quran əxlaqından uzaq yaşayan insanlar arasında normal qarşılanan dedi-qodu görməzlikdən gəlinən bir davranış deyil. Çünki dedi-qodu etməyi vərdiş halına gətirən insanın vicdanı fərqində olmadan elə korlaşır ki, insan artıq bunun günah olduğunu belə hiss etməməyə başlayır və çəkinmədən, hər fürsətdə dedi-qodu edir. Şübhəsiz, bu, şeytanın iman gətirməyən insanları sürüklədiyi böyük bəladır. Uca Rəbbimiz şeytanın bu oyununa qarşı qullarını bir ayədə belə xəbərdar etmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Dedi-qodu cəmiyyətdəki başqa pisliklərin də qaynağıdır

Dedi-qodunun gətirdiyi nəticələrdən biri də, insanlar arasında dedi-qodu ilə düşmənçilik toxumunun səpilməsidir. Dedi-qodu kini, hirsi və nifrəti alovlandırır. Çox kiçik mövzular dedi-qodu səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və mübarizələrin ortaya çıxmasına gətirib çıxara bilər. Hətta qəzetlərdə də dedi-qoduya görə ailələrin dağılmasına və cinayətlərə dair xəbərlərə rast gəlirik.

Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, eyni zamanda da insanların vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Halbuki, sonsuz hökm və hikmət sahibi olan Allah Quranda dedi-qodunu qadağan etdiyi kimi, boş vaxt keçirməyi də qadağan etmişdir. Uca Allah’a səmimi olaraq inanan insan dedi-qodu etməz və dedi-qodu edəni dinləməz, boş və ya faydasız olan bir söz eşitdiyində isə o mühitdən ən gözəl tərzdə uzaqlaşar. Rəbbimiz bir Quran ayəsində belə buyurur:

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

Allah başqa bir ayədə isə iman gətirənlərin boş şeylərdən tamamilə üz çevirdiklərini belə bildirir:

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, boş şeylərdən) üz döndərərlər. (Muminun surəsi, 3)

Dedi-qodu etmək Allah’ın haram etdiyi bir hərəkət olduğu kimi, bu pisliyi edənlər Allah’ın haram etdiyi insanların arasını vurmaq, kin və hirsə səbəb olmaq və boş vaxt keçirmək kimi başqa günahları da etmiş olurlar.

Buna görə də, dedi-qodudan çəkinmək, dedi-qodu edilən mühitlərdən uzaqlaşmaq, dedi-qoduya şahid olanda da bu səhvi uyğun şəkildə xatırlatmaq kübar və Quran əxlaqına uyğun davranış olar.

Unutmaq olmaz ki, bir cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısının alınmasının yeganə yolu din əxlaqının insanlar arasında yayılmasının təmin edilməsidir. Din əxlaqının varlığı ilk öncə Allah sevgisini özü ilə gətirəcəyi üçün bu, bütün insanlara müsbət və gözəl təsir edər. Hər kəs Allah’ın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər, hörmət edər. Cəmiyyətə şəfqət, mərhəmət, xoş münasibət hakim olar. İnsanlar Allah’ın əmri yönündə xeyirlərdə yarışar, imkan və vaxtlarını dedi-qodu etmək kimi boş işlərə deyil, xeyirli fəaliyyətə yönəldərlər.

Cəmiyyətdəki narahatlığın qaynağı: Dedi-qodu” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma