Həşəratlardakı Üstün Uçma Sistemləri


  • Bir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir?

Quranda Rəbbimizin sonsuz elmini göstərən canlılardan biri olan milçəkdən bəhs edilir.

Allah “Həcc” surəsinin 73-cü ayəsində belə buyurur:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Allahın yaratdığı hər şeydə olduğu kimi, milçəyin bədənində də imanlı insanın Allaha olan dərin sevgisini və bağlılığını artıran üstün elm vardır. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmalardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox həşəratın uçmasına dəstək olan əzələlər hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi siqnallar nəticəsində büzülür. Belə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçmanı həyata keçirən əzələnin büzülməsinə səbəb olur. “Qaldırıcı” və “endirici” adlanan iki cüt əks əzələ qrupu bir-birlərinə əks istiqamətdə hərəkət edərək qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpırlar, kiçik həşəratlar isə uçmaq üçün daha tez-tez qanad çırpmalıdırlar. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə, ağcaqanadlar və boyu 1 mm olan parazitlər 1000 dəfə qanad çırpırlar. İnsan gözünün sezə bilmədiyi qədər sürətlə hərəkət edən qanadlar bu cür fəaliyyət göstərmək üçün xüsusi quruluşda yaradılıblar.

Bir sinir saniyədə ən çox 200 siqnal göndərə bilir. Elə isə kiçik bir həşərat saniyədə 1000 dəfə necə qanad çırpa bilir? Aparılan araşdırmalarda bu həşəratlarda sinirlərdən gələn siqnallar ilə qanad çırpma sayı arasında əlaqə olmadığı müəyyən edilmişdir. Saniyədə 200 dəfə qanad çırpan qara milçəklər çəyirtkələrdən daha fərqli sinir və əzələ quruluşuna malikdir. Hər 100 qanad çırpması üçün sinirdən sadəcə 1 siqnal gəlir. Bundan əlavə, “lifli əzələlər” adlandırılan bu əzələlər çəyirtkənin əzələlərindən fərqli işləyir. Sinir siqnalları əzələlərin ancaq uçmağa hazırlanmasını tənzimləyir, əzələlər müəyyən həddə qədər gərildikdə isə öz-özlərini büzürlər. Hər həşəratın bədənində fərqli yaradılan bu xüsusi sistemlərdə əsla nizamsızlıq yoxdur. Sinirlər heç vaxt yanlış siqnal göndərmir və həşəratın əzələləri də aldığı bu siqnalları düzgün dəyərləndirir.

Arılar kimi bəzi həşərat növlərində uçmanı təmin edən əzələlər qanad dibinə bağlı deyil. Qanadlar sinəyə bir növ rəzə funksiyası daşıyan buğumlarla bağlanır və qanadları yuxarı hərəkət etdirən əzələlər də sinənin alt və üst səthinə bağlıdır. Bu əzələlər büzüldükdə sinənin səthi düzləşərək qanad dibini aşağıya dartır, digər tərəfdən sinənin yan səthi də dəstək funksiyasını yerinə yetirərək qanadların yuxarıya qalxmasına kömək edir. Aşağıya hərəkəti təmin edən əzələlər birbaşa qanadlara bağlı deyil, sinə boyu uzununa işləyir. Bu əzələlər büzüldükdə sinə əks istiqamətdə hərəkət edir, beləliklə, qanadlar da aşağıya dartılır.

Qanad buğumu mükəmməl elastikliyə malik olan “resilin” adlı xüsusi zülaldan ibarətdir. Həm təbii, həm də süni kauçukdan daha üstün xüsusiyyətləri olan bu maddəni kimya mühəndisləri laboratoriyalarda hazırlamağa çalışırlar. Resilin gərilmə və bükülmə ilə bütün enerjini depolayan, bununla da ona təsir edən qüvvəni götürdükdə bu enerjini tamamilə geri qaytaran maddədir.  Bu cəhətdən resilin 96% səmərəliliklə enerji təmin edir. Qanad yuxarı qaldırıldıqda sərf edilən enerjinin təxminən 85%-i depolanır, uçuşdan sonra qaldırma və itələmə gücünü təmin edən aşağı qanad hərəkətində isə bu enerji yenidən istifadə edilir. Sinə divarları və əzələlər də bu enerjinin toplanmasına imkan verən quruluşda yaradılıblar. Ancaq əsl enerji resilindən ibarət buğumlarda depolanır. Bir həşəratın öz səyi ilə uçmaq üçün bədəninində bu cür mexanizm əmələ gətirməsi qeyri-mümkündür. Bu xüsusi maddə Allahın sonsuz ağlı və qüdrətilə həşəratların bədənində yaradılmışdır.

Uçmaq üçün qanadların təkcə yuxarı və aşağı hərəkəti kifayət deyil. Qanadların qaldırma və itələmə gücünü təmin etmək üçün hər qanad çırpıldıqda onların hərəkət bucağı da dəyişdirilməlidir. Həşəratların növündən asılı olaraq qanadların müəyyən çevrilmə elastikliyi var. Bu elastikliyi uçmaq üçün lazım olan enerjini verən “birbaşa uçma əzələləri” təmin edir. Belə ki, həşəratlar havada daha çox yüksəlmək istədikdə qanad buğumlarının arasında yerləşən bu əzələlər daha da büzülərək qanadla bədənin kəsişmə bucağını böyüdür. Yüksək sürətli fotoqrafçılıq texnikasından istifadə edilərək aparılan tədqiqatlarda qanadların uçma əsnasında elliptik çevrə çəkdiyi və qanadla bədənin kəsişmə bucağının hər qanad çırpıldıqda sistematik şəkildə dəyişdiyi müşahidə edilmişdir. Bu dəyişikliyə əzələlərin dəyişkən hərəkətləri və qanadların gövdəyə bağlanması səbəb olur.

Bütün bunlardan əlavə, çox kiçik gövdəli həşəratların uçma zamanı qarşılaşdığı ən böyük problem havanın axıcılığı nəticəsində əmələ gələn müqavimətin bu həşəratlara çox təsir etməsidir. Habelə qanadın ətrafındakı məhdudlaşdırıcı təbəqə havanın qanadlara yapışmasına və qanadın fəaliyyətinin zəifləməsinə səbəb olur. Bu səbəbdən forcipomyia kimi qanadının genişliyi 1 mm-dən çox olmayan milçəklər havanın müqavimətinə davam gətirmək üçün qanadlarını saniyədə 1000 dəfə çırpmalıdırlar. Elm adamları bu sürətin həşəratın havaya qalxması üçün kafi olmadığını və həşəratların uçmaq üçün başqa bir sistemdən faydalandığını düşünürlər.

Belə ki, bir parazit növü olan enersia kimi kiçik həşəratlar “çırpma və silkələmə” adlandırılan metoddan istifadə edir. Bu zaman qanadlar ən yuxarı həddə çatdıqda bir-birinə dəyir və sonra açılır. Açılarkən qanadların bərk damarlı ön hava axını da əvvəlcə qanadların ətrafında hava girdabı əmələ gətirir, qanadlar çırpılarkən qaldırma qüvvəsinə kömək edir.

Çəyirtkə də daxil olmaqla, bir çox həşərat uçuş zamanı istiqaməti və gedəcəkləri yeri müəyyən etmək üçün üfüqi xətt kimi vizual parametrlərdən istifadə edir. Milçəklər istiqaməti müəyyən etmək üçün mükəmməl quruluşda yaradılıblar. Bu həşəratların sadəcə bir cüt qanadı var. Arxa tərəfdə isə “cilov” adlanan toppuz formasında qanad yerləşir. İtələmə qüvvəsi əmələ gətirməsə də, ön qanadlarla birlikdə titrəşirlər. Uçuş istiqaməti dəyişdikdə isə bu çıxıntılar həşəratın uçuş istiqamətindən ayrılmasının qarşısını alır.

Burada verilən bütün məlumatlar sadəcə üç-dörd həşərat növünün uçma metodu üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilmiş faktlardır. Dünyada 10 milyona yaxın həşərat növü olduğunu düşündükdə qalan milyonlarla həşərat növünün milyardlarla möcüzəvi xüsusiyyəti Allahın sonsuz qüdrətinə heyranlığımızın artmasına səbəb olur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma