İbrətamiz Hadisələri Unutmamaq


İnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.

İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.

İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatlarına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər.

Böyük hadisələrlə yanaşı, insanın başına gələn bəzi kiçik, adi hadisələr də insanların  mühüm qərarlar verməsinə səbəb olur. Yediyi acı və ya ədviyyatlı yemək mədəsini ağrıtdıqda, insan: “Bunun mənə verdiyi zərəri unutmayım, bir daha bu cür yemək yeməyim”, – deyə qərar verir. Çünki eyni çətinlikləri bir daha çəkmək istəmir. Ancaq necə olursa, bunu çox tez unudur. Tənbəllik etdiyinə görə, imtahana hazırlaşmayan insanın bir il artıq oxumağa məcbur olması, əslində, onun üçün dərs götürməli hadisədir. Bəlkə o günlərdə: “Tənbəlliyin zərərini əsla unutmayım”, – deyə düşünər, bir daha belə səhv etməməyə niyyət edər. Söylədiyi acı sözdən sonra qarşısındakı ilə arasındakı münasibətin pozulduğunu görən insan çox peşman olur. “Bundan sonra mütləq düşünərək danışacağam, ağlıma gələn ilk sözü əsla düşünmədən deməyəcəyəm”, – deyə səmimi qərar verir.

Bu nümunələrdə olduğu kimi, insanın həyatında bir çox məsələni daha dərindən qavradığı bəzi anlar olur. Öz-özünə “bir daha bunu heç etməyəcəyəm”, “buna çox diqqət edəcəyəm”, “bu sözdən və ya üslubdan heç istifadə etməyəcəyəm”, “bu yanlış düşüncə tərzini tamamilə beynimdən siləcəyəm” kimi qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzindəki kiçik hadisələrdə də, həyatında mühüm yer tutan böyük hadisələrdə də aldığı dərsləri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamaq qərarı verdiyi bir məsələni bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqədə diqqətinin dağılması ilə dərhal unudur.

Bəzən bu vəziyyət insanın həyatında dəfələrlə təkrar olunur. Mühüm bir hadisə və ya etdiyi səhv hər hansı məsələdə ona ibrət olur və bu insan həmin məsələdə diqqətli olmaq üçün həyati əhəmiyyətli qərar verir. Ancaq gündəlik həyatına geri dönməsilə bunu dərhal unudur. Bir müddət sonra bənzər vəziyyətlə yenə qarşılaşır. “Əvvəl də bu vəziyyətlə qarşılaşmışdım və başıma gələnlərdən dərs götürərək bunu əsla unutmadan davranmaq qərarı vermişdim. Ancaq bu qərarımı unutduğuma görə, yenidən eyni səhvi etdim. Artıq bu dəfə qərarımı əsla unutmayacağam”, – deyə niyyət edir, yenə unudur, yenə əvvəlcə qərar verdiyini xatırlayır və bu unutmalar bənzər hadisələrlə daima davam edir.

Bu vəziyyət, əlbəttə, insanı çaşdırır. Şüurundan, hafizəsindən, ağlından istədiyi kimi istifadə edə bilməməsini, çox yaxşı bildiyi və qəti qərar verdiyi bir məsələdə daima eyni səhvləri təkrarlamasını anlaya bilmir.

Halbuki, burada insan çox mühüm möcüzəni görməlidir. Səmimi niyyət etmədikdə, dəqiq qərar vermədikdə insan çox təsirləndiyi həyati əhəmiyyətli məsələdə belə başına gələnləri dərhal unudur. Burada insan çatışmazlığı niyyətində axtarmalıdır.

Məsələn, bir insan böyük, dərin od çuxurunun başında, taxta çıxıntının üstündə dayanarsa, Allah’ın iznilə, şüuru çox açıq olar. Aşağıda od olduğunu unutmaz. Hər an üstündə dayandığı taxtadan yıxılma ehtimalının olması bu insanın diqqətini maksimum səviyyədə cəmləməsinə səbəb olar. Nə kiminsə ona düşdüyü vəziyyəti xatırlatmasına, nə də eyni hadisənin bir daha başına gəlməsinə ehtiyac var. Təhlükədən qorunmaq, odun içinə düşməmək üçün lazım olan hər şeyi dərk edəcək və həyata keçirəcək qədər şüuru açıq olar.

Deməli, əgər bir insan hər hansı bir məsələdə ona çox təsir edən hadisə ilə qarşılaşdığı və o an çox səmimi qərar verdiyi halda, bu qərarını tətbiq etmirsə, problem bu insanın başqa şeyləri o məsələdən daha mühüm görməsindədir. Diqqətinin başqa məsələlərə yayınması onun həmin məsələlərlə daha çox maraqlanmasındandır.

Ona görə də əgər insan bir səhvi daima təkrarlayırsa və o səhvinə görə dəyən maddi-mənəvi ziyandan kifayət qədər təsirlənmirsə, ya da başına gələn ibrətli hadisələrdən lazımi dərs götürməyib təkrarən eyni vəziyyətə düşürsə, bu təqdirdə, vicdanında xəstəlik olduğunu nəzərə almalı və vicdanını sağaltmağa çalışmalıdır.

Əlbəttə, unutmaq insanın acizliyidir. Bir insan Allah’ın izni olmadan bir şeyi unutmasına mane ola bilməz. Ancaq unutmamaq üçün var gücü ilə səy göstərə bilər. Unutmamaq üçün ağlına gələn maddi-mənəvi hər cür tədbiri görə bilər. “Mən aciz insanam, nə qədər tədbir görsəm də, mütləq unuduram”, – deməməli, çalışdıqda, səy göstərdikdə istədiyi nəticəni Allah’ın onun üçün yaradacağını bilməlidir. Başına gələnlərin təsirini və verdiyi qərarların əhəmiyyətini unutmamalı və diqqətinin dağılmaması və zəiflik göstərməməsi üçün ciddi mübarizə aparmalıdır. Allah rizası üçün gözəl əxlaqlı davranmaqdan ötrü bütün diqqətini toplamalıdır.

Bütün bu cəhdlərdən sonra yenə də unudarsa, Allah insanı unutduğuna görə məsul etməyə bilər və ya unutmasına baxmayaraq, Allah onun yolunu aça bilər.

Quranda bu şəkildə səmimi cəhd göstərən möminlərin unutduqlarına və bilmədiklərinə görə onları cəzalandırmaması üçün Rəbbimizə belə dua etdikləri bildirilmişdir:

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir.  “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma