Mahnı Sözlərində Gizlənən Mənfi Mesajlar


Çox vaxt bəlkə də heç əhəmiyyət vermədən dinlənilən mahnı sözləri insanların ümumi psixologiyası və bir-birlərinə münasibətlərinə necə təsir edir?

Şeytanın ən çox istifadə etdiyi aldatma metodlarından biri olan romantizmin doğru göstərildiyi bəzi mahnı sözləri insanın həm özü, həm də cəmiyyət üçün hansı zərərlərə yol açır?

Dini inanclara zidd, üsyankar, depressiv və aqressiv ifadələrin işləndiyi mahnılar insanın şüuraltına necə mənfi təsir edir?

Musiqi dinləmək insanın ruhuna böyük zövq verən və uca Allahın lütfü olan gözəl nemətlərdəndir. Bir çox insan gün ərzində müxtəlif işlərlə məşğul olarkən musiqi dinləyir. Ancaq mahnıların çox vaxt fərqinə varmadığımız, üzərində dayanmadığımız və lazımi dərəcədə əhəmiyyət vermədiyimiz bir cəhəti var: mahnı sözlərində gizlənən mənfi mesajlar.

Yanlış məntiqə malik bəzi mahnı sözləri çox kiçik yaşlardan etibarən şüuraltına nüfuz edərək insanın həyata və hadisələrə baxışına mənfi təsir edir. Bu cəhətini düşünmədən dinlədikdə məsum görünən, əslində, şeytanın hiyləgər oyununun gizləndiyi mahnı sözlərinin insanlar üzərində mənfi təsirinə dair çəkəcəyimiz misallardan bəziləri bunlardır:

Romantizm təlqini

Sevgi uca Allahın insana bəxş etdiyi gözəl duyğudur. Ancaq bu sevginin kimə və hansı düşüncələrlə bəsləndiyi, yəni şirkə əsaslanıb-əsaslanmadığı çox vacibdir. Bir insanı Allahdan müstəqil hərəkət edən varlıq kimi görmək bu insanı ilahlaşdırmaq, yəni Allaha şirk qoşmaq (Allahı tənzih edirik) deməkdir. Bu insanın həm fiziki, həm də mənəvi gözəlliklərini ona verən yeganə güc var, o da uca Rəbbimizdir. Bu insanın etdiyi səhv onun qədərinin bir hissəsidir və bu hadisədə hər kəs üçün çox böyük xeyir və hikmət var.  Ona görə, bir insanı sevdikdə bütün bu həqiqətləri dərk edərək sevmək çox vacibdir. Təməli Allaha təslimiyyət üzərində qurulmuş sevgidə insan başqasına qarşı sevgi adı altında yanlış hisslər bəsləməz, romantizm kimi təlqinlərlə şeytani əhvala girməz.

Allah sevgisinə əsaslanmayan sevgidə isə insanın sevgi dediyi hiss şeytani romantizmə əsaslanır. Bəhs etdiyimiz kimi, bəzi mahnı sözlərində də insanlara bu cür yanlış sevgi anlayışı təlqin edilir. Allaha və qədərə təvəkkülsüzlük üzərində qurulan bu sevgi anlayışının gətirdiyi romantizm isə dərin kədərə, ümidsizliyə, əlacsızlığa, özünə qapanmağa, ağlamağa təşviq edir və insanları qaranlıq ruhi hala yönəldir.

Nəticədə də bəzi mahnı sözləri insanları sevdikləri insandan ayrıldıqda və ya o öldükdə onsuz həyatın mənasız, yaşamağın gərəksiz olduğu kimi batil düşüncələrə sürükləyərək onlara təvəkkülsüz davranmağa vadar edir, depressiyaya salır və hətta intihara belə təşviq edir. Sevdiyi insanı hər şeydən və hər kəsdən qısqandığından, qısqanclıqdan hər şey edə biləcəyindən bəhs edən mahnı sözləri və ya ayrılıq baş verdikdə qəzəbli intiqam sözləri Allaha inanmayan, Quran əxlaqına uyğun yaşamayan bir çox cahil insana dərindən təsir edir. Başına gələn hadisələri imani ağılla dəyərləndirməyən bəzi insanlar qısqanclıq, qəzəb, kin və intiqam almağa təşviq edən bu cür təlqinlər nəticəsində cinayətə qədər gedib çıxan psixologiyaya malik olurlar. Belə ki, KİV-lərdə sevdikləri tərəfindən tərk edildikdə intihar edən, qısqanclıq nəticəsində sevdiyi insanı gözünü qırpmadan yaralayan və hətta öldürən insanlar haqqında xəbərlərə tez-tez rast gəlinir.

İnsan bütün qəlbi ilə yeganə güc olan uca Allahı sevməli, Ona yaxınlaşmalı, bağlanmalıdır. İnsana qarşı sevgi də mənbəyini Allah sevgisindən alırsa, gerçək sevgidir. Mahnı sözləri ilə çox məsum duyğu kimi göstərilən, əslində, şirkə və insanları ilahlaşdırmağa (Allahı tənzih edirik) əsaslanan cahil sevgi anlayışının uca Allahın razı qalmadığı hiss olduğu Quranda belə xəbər verilir:

İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu bilərdilər. (Bəqərə surəsi, 165)

Müqəddəs dəyərlərə zidd mahnı sözlərinin mənfi təsiri

“De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etməlidirlər!” (Tövbə surəsi, 51) ayəsində xəbər verildiyi kimi, uca Allah bütün canlı və cansız varlıqları qədərləri ilə birlikdə yaratmışdır. Ancaq bu qəti həqiqətə bəzi mahnı sözlərində etinasız yanaşılır. Bəzən bu cür mahnı sözlərinin bir bəndində ölüm və ya hər hansı səbəbdən ayrılığın qədərdə olduğu üçün baş verdiyi vurğulanır. Bu, əlbəttə, doğru, gözəl təlqindir. Ancaq ardınca gələn sözlərlə qədəri dəyərləndirmə üslubunun olduqca yanlış olduğu görünür. Qədərə inanan insan qədərin mükəmməlliyinə, hər kəs üçün həmin hadisədə xeyir və hikmət olduğuna inandığını göstərər. Ancaq bəhs etdiyimiz mahnı sözlərində qədərdən narazılıq, bədbəxtlik və çarəsizlik (Allahı tənzih edirik) ifadə edilir.

Halbuki, uca Allah qədəri ən gözəl şəkildə yaradır. Zahirdə mənfi görünən hadisələr dünya həyatının tələbi olaraq imtahanın bir sirridir. Bu imani qavrayışla insan hadisələrə xeyir gözü ilə baxır, təvəkkül və təslimiyyətin qarşılığını axirətdə mütləq alacağını bilir. Qədərə və Allaha təslimiyyətə əsaslanan səmimi iman isə bu mahnı sözlərində təlqin edilən mənfi düşüncə tərzinin tam əksinə, insana coşğunluq və sevinc gətirir.

Bəzi mahnı sözlərində isə həyatını və ya qədərini bəyənməmə, üsyan etmə halı hakimdir (uca Allahı tənzih edirik). Etdikləri hər hərəkətin və ya başlarına gələn hər hadisənin öz nəzarətlərində olduğunu zənn edən bu insanların yanlış qədər inancının kökündə uca Allahın qədrini, qüvvətini tam qavramamaq durur. Halbuki, hər insanın hələ bircə hüceyrə ikən ilk dəfə oxuma-yazma öyrəndiyi vaxta, universitet imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızları neçə dəfə imzalayacağına, harada və necə öləcəyinə qədər hər anı uca Allahın qatında bəllidir. Bu hadisələrin hamısı Rəbbimizin hafizəsində saxlanılır. Elə isə hər anı uca Allahın qatında yaşanmış, görülmüş və hələ də Onun hafizəsində hazır duran həyat üçün narahat olmaq, qorxu keçirmək, kədərlənmək uca Allahın seçib bəyəndiyi həyatın mükəmməlliyini təqdir etməmək deməkdir. Rəbbimiz bu həqiqəti Quranda belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)

Ölümün bir son olması təlqini ilə formalaşan əhvali-ruhiyyə

Ölümün bir son olduğu və ölümdən sonra həyat yoxmuş kimi təlqin verərək insanları yanlış məlumatlandıran və axirətlərini heç düşünmədən yaşamağa təşviq edən mahnı sözləri də insanların yanlış yönləndirir. Ölən insanın yox olduğunu və bir daha ona əsla qovuşmağın mümkün olmadığını təlqin edən bu sözlər mahnını dinləyən insanlarda ölüm və sevdiklərini itirmə qorxusu əmələ gətirir. Halbuki, uca Rəbbimiz Quranda imanlı və imansız insanların ölüm anında keçirdiyi müxtəlif hisslər, axirət həyatının əbədiliyi, cənnət və cəhənnəmdəki həyat haqqında hərtərəfli məlumat verir.  Ölüm iman gətirən insan üçün mömin olan sevdiklərinə əbədiyyən qovuşacağı, cənnətdə əbədi rahatlıq və xoşbəxtlik içində yaşayacağı keçiddir. Ona görə, uca Allahın hər varlıq üçün təqdir etdiyi ölümə qarşı insanları üsyankar düşüncə tərzinə təşviq etmək böyük imani məsuliyyətdir. Bu təlqinlərin təsirində qalan insanlar ölümün hər şey və hər kəs üçün bir son olduğuna inanaraq hərəkət edirlər. Axirətin varlığını unutduqlarına görə, bədbin, qaranlıq, ümidsiz, kədərli, depressiv hala düşürlər.

Ölüm haqqında aldıqları bu təlqinlər nəticəsində axirətə inanmır və ya inansalar da, bu təlqinlərin təsirilə ölümdən sonrasını heç düşünmürlər.

Axirətdəki sonsuz həyatları üçün hazırlıq görməyi lazım bilmirlər. Dünyada etdikləri pis əməllərə görə axirətdə cavab verəcəklərini düşünmədiklərinə görə, Allahdan qorxmadan, vicdanən narahat olmadan pis işlər görürlər.

Bəlkə də sadəcə adi mahnı sözü fikrilə insanlara ölüm və həyat haqqında verilən bu yanlış təlqinlər bir insanın bu yanlış düşüncələrlə həm özünə, həm ətrafına, həm də cəmiyyətə çox zərər verməsinə səbəb olur.

Davranışlara və düşüncələrə mənfi təsir edən mahnı sözləri

Mahnılarda tez-tez vurğulanan mövzulardan biri də bədbinlik və ümidsizlikdir. Halbuki, bədbinlik, ümidsizlik, kədər, depressiya kimi hisslər şeytanın romantizmə sürüklədiyi insanlara cəlbedici göstərdiyi cəhənnəmə xas vəsflərdir. Kədərə təşviq edən bu cür mənfi sözlər bəzi insanları özünə qapalı, passiv, depressiyaya və intihara meyilli psixologiyaya yönəldir. Bəzi insanlar isə bu mahnıların təsirilə büründükləri kədərli əhvalı öz ifadələrilə: “Kefim yoxdu”, – deyərək təsvir edirlər. Beləliklə, Allahın Quranda haram buyurduğu kədərlənmək (Hicr surəsi, 88), ümidsizliyə qapılmaq (Hicr surəsi, 55) kimi mənfi əxlaqi xüsusiyyətlərin hamısını mahnı sözlərinin təsirilə mənimsəyirlər.

Mahnıların bir qismində isə yaşadığı həyatı bəyənməyən və bu həyatın dəyişməsi üçün üsyankar üslubla uca Allaha ünvanlanan bəzi sözlər də olur (Allahı tənzih edirik). Bu cür mahnı sözlərinin təsirində qalan insanlarda bəzən cəmiyyətə və insanlara qarşı da üsyankarlıq və təcavüzkarlıq diqqət çəkir. Özlərini ülgüclə yaralayan, konsert meydanlarında dava-dalaş salan, ətrafına narahatçılıq verən bu cür insanların bütün üsyankar və təcavüzkar davranışları yaşadıqları həyatı onlara bəxş edən Allahı unutmalarından və Rəbbimizin rəhmətini təqdir edə bilməməkdən qaynaqlanır. Halbuki, uca Allah Quranda bu cür davranan insanlara belə xəbərdarlıq edir:

Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik. Özü də yalançı, günahkar kəkilindən! (Ələq surəsi, 15-16)

Möminlər ancaq gözəl sözdən xoşlanırlar

Daha əvvəl bəlkə də bir çox insanın burada bəhs etdiyimiz tərzdə dəyərləndirmədiyi mahnı sözləri şeytanın insanlara ən müdafiəsiz vaxtlarda hiyləgərcəsinə yanaşma metodlarından biridir. Bu mahnı sözləri ifadə etdikləri yanlış məntiqlə insanlara daxilən mənfi təsir edərək onları çarəsizliyə, romantizmə, üsyana və inkara sürükləyir. Belə ki, mahnıların böyük əksəriyyətindəki şirkə əsaslanan, üsyankar, bədbin üslub insanları gözəl söz söyləməkdən və gözəl sözə tabe olmaqdan uzaqlaşdıran şeytana aiddir. Halbuki, uca Allah Quranın “Bəndələrimə de: “Ən gözəl sözü söyləsinlər… (İsra surəsi, 53) ayəsi ilə şeytanın insanlara oynadığı bu oyunu pozur.

Ona görə, dinlənilən mahnıların sözlərində bu məqalədə bəhs etdiyimiz kimi, Quran əxlaqına uyğun olmayan mənfi təlqin və mesajlar varsa, o mahnı dərhal dəyişdirilməli, əvəzində, insanı gözəlliyə, rahatlığa və xoşbəxtliyə sövq edən mahnılar dinlənilməlidir.

Unutmaq olmaz ki, musiqi gözəl nemət olmaqla yanaşı, insanların tərbiyəsi və müsbət yöndə istiqamətləndirilməsi üçün mühüm vasitədir. Mahnı sözləri insanları sevindirmək, əyləndirmək, müsbət düşüncə və davranışlara təşviq etmək, məlumat vermək məqsədilə hazırlandıqda mahnılar rahatlığa, əmin-amanlığa səbəb olan mühüm mənbəyə çevrilir. Quranda gözəl sözün bir çox gözəlliyə səbəb olan mühüm imkan olduğu və mütləq gözəl nəticə verdiyi belə xəbər verilir:

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

Mahnı sözlərində yanlış təlqinlərdən çəkinmək nə üçün vacibdir?

Əlbəttə, mahnı sözləri insanın həyatına təsir edən yeganə səbəb deyil. İnsan həyatı boyu ağlını, şəxsiyyətnii, düşüncələrini və davranışlarını formalaşdıran bir çox müsbət və ya mənfi təlqinlə qarşılaşır. Mahnı sözləri bunlardan sadəcə biridir. Ağıllı, imanlı, güclü, iradəli insan ona nə qədər doğru göstərilsə də, mənfi təlqinlərdən əsla təsirlənməz. Allahdan qorxaraq, vicdanının səsini dinləyərək və Quran əxlaqını özünə rəhbər tutaraq doğru bildiyinə inanıb doğru yolda irəliləyər.

Ancaq cəmiyyətdə kifayət qədər məlumatı olmayan cahil insanlar da var. İmani həqiqətlərdən, Quran əxlaqından xəbərsiz olan və ya bu mövzuları ətrafından ağızdan-ağıza keçən şəkildə yanlış öyrənən insanların mahnı sözlərindəki səhv təlqinlərdən asanlıqla təsirlənmələri normaldır. Bu təlqinlər bir çox insanın həyatını kökündən dəyişdirən çoxlu zərərlərə yol açır ki, bu da çox mühüm vicdani məsuliyyətdir. Buna görə, mahnı sözlərini yazarkən, bu sözləri söyləyərkən və insanların dinləməsinə səbəb olarkən bundan məsul olduğunu unutmamaq lazımdır.

İman gətirən şüurlu, vicdanlı insan mahnıların Quran əxlaqına uyğun olmayan sözlərini dinləməməli, başqalarının da dinləməməsinə vasitəçi olmalıdır.

Yanlış sevgi, qədərə və axirət anlayışının formalaşmasına səbəb olan və Quran əxlaqına zidd olan romantizmi təlqin edən mahnıların sözlərini dinləmək və dinlənilməsinə səbəb olmaq bir çox insanın kiçik yaşlardan etibarən mənfi əhval-ruhiyyəyə bürünməsinə səbəb olur.

Şeytan insanları uca Allahın yolundan azdırmaq üçün hər yolu sınayır və bəzi mahnı sözlərində olduğu kimi, insanlara heç fərqinə varmadıqları yöndən hiyləgərcə yanaşır. Uca Rəbbimiz Quranda şeytanın bu gizli oyununu belə xəbər verir:

Dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından soxulacağam və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Əraf surəsi, 16-17)

Mahnı Sözlərində Gizlənən Mənfi Mesajlar” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma