Milyonlarla İl Ərzində Dəyişilməyən Canlılara Aid Qalıqlar: Fosillər


İçerik

FOSİL NƏDİR?

Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri  palçıq təbəqəsi ilə örtülməli və sonra  ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur.

Fosillər canlı aləmi tarixinin ən əsas dəlilləridir. Dünyanın müxtəlif bölgələrində əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlının tarixi və quruluşu haqqında əsas məlumat verir. Milyonlarla fosil canlıların ani surətdə kompleks quruluşda, tam şəkildə üzə çıxdığını və milyon illər ərzində heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu isə canlıların yoxdan var edildiyinin, yəni yaradıldığının mühüm sübutudur. Canlıların mərhələ-mərhələ əmələ gəldiyini, yəni təkamül keçirdiyini göstərən bircə fosil də yoxdur. Təkamülçülərin ara keçid fosil olduğunu iddia etdikləri bir neçə fosil nümunəsinin saxta olduğu elmi cəhətdən sübut edilmişdir. Eyni zamanda, darvinistlərin ara keçid fosil kimi dünyaya tanıtdığı bəzi nümunələrin saxta olması onların bu məsələdə saxtakarlıq edəcək qədər çarəsiz olduqlarını göstərir. 150 ildən çoxdur ki, dünyanın hər tərəfində aparılan qazıntılarda əldə edilən fosil qeydləri balıqların daima balıq, həşəratların həşərat, quşların quş, sürünənlərin sürünən olduğunu sübut etmişdir. Canlı növləri arasında keçid olduğunu, yəni balıqların sürünənlərə, sürünənlərin quşlara çevrildiyini göstərən bircə fosil də tapılmamışdır. Bir sözlə, fosil qeydləri təkamül nəzəriyyəsinin əsas iddiası olan növlərin uzun proseslər nəticəsində dəyişikliyə məruz qalaraq bir-birindən təkamüllə əmələ gəldiyini qəti təkzib etmişdir.

Fosillər canlılar haqqında verdikləri məlumatla yanaşı, qitə təbəqələrinin hərəkətlərinin yer üzünü necə dəyişdirdiyini də bildirir. Bundan başqa, fosillər Yer kürəsində tarixən baş vermiş iqlim dəyişiklikləri kimi hadisələrə  dair  məlumat daşıyırlar.

Fosillərin əmələ gəlməsi

Bir canlı öldükdən sonra sümükləri, dişləri, qabığı, dırnaqları kimi bərk hissələrinin olduğu kimi qorunması ilə və ya bunların izlərinin qalması ilə fosillər meydana gəlir. Fosil, əsasən, canlının bu hissələrinin daşlaşmış forması kimi tanınır. Ancaq fosil təkcə daşlaşma ilə meydana gəlmir. Buz kütləsinin içində donmuş mamontlar, kəhrəbanın içində qalmış həşərat və kiçik sürünən növləri kimi canlıların heç pozulmadan dövrümüzə gəlib çatmış fosilləri də var.

Bir canlının ölməsi ilə bədənini təşkil edən yumşaq toxumalar bakteriyaların və ətraf mühit amillərinin təsiri ilə çürüməyə başlayır (çox nadir hallarda çürümə baş vermir). Orqanizmin daha bərk hissələri (sümüklər, dişlər, qabıq kimi tərkibində minerallar olan hissələr) bəzi fiziki və kimyəvi proseslərdən keçərək uzun müddət qorunurlar. Bu proseslər isə fosilləşməyə səbəb olur. Ona görə, fosilləşən hissələr, əsasən, onurğalıların sümükləri və dişləri, çiyinayaqlıların və molyuskların qabıqları, bəzi qabıqlı canlıların və trilobitlərin xarici skeletləri, mərcankimilərin və süngərlərin ümumi quruluşları və bitkilərin ağac hissələridir.

Canlının olduğu şəraitin və ətraf mühit amillərinin fosilləşməyə böyük təsiri var. Canlının olduğu mühitə görə fosilləşmənin olub-olmayacağı təxmin edilə bilər. Məsələn, suyun altı quruya nisbətən fosilləşmə üçün daha əlverişli mühitdir.

Ən geniş yayılmış fosilləşmə prosesi minerallaşma adlandırılan prosesdir. Bu prosesdə orqanizmin yerini canlının cəsədinin gömüldüyü lilli sudakı minerallar əvəz edir. Minerallaşma prosesi belə baş verir:

Əvvəlcə, ölən heyvanın bədəni ani surətdə torpaq, palçıq və ya qumun altında qalaraq hava ilə təması kəsilməlidir. Bunun ardınca aylarla heyvanın gömüldüyü yerin üzərini yeni torpaq təbəqələri örtür. Bu təbəqələr heyvanın bədənini xarici mühit amillərindən və fiziki aşınmalardan qoruyan xüsusi qalxan funksiyası daşıyır. Getdikcə daha çox təbəqə üst-üstə yığılır və bir neçə əsr ərzində canlının bədəni yer üzünün və ya dəniz dibinin bir neçə metr altında qalır. Zaman ərzində heyvanın sümük, qabıq, pulcuq, qığırdaq kimi toxumaları yavaş-yavaş kimyəvi proseslər nəticəsində pozulmağa başlayır. Çürüyən toxumaların yerinə yeraltı sular sızır və bu suların tərkibindəki minerallar toxumalardakı kimyəvi maddələrin yerini tutur. Toxumalardakı kimyəvi maddələrin yerini tutan bu minerallar aşınma və pozulmaya qarşı daha davamlı olan kalsit, pirit, silis, dəmir kimi qayaların tərkib hissəsi olan minerallardır. Beləliklə, milyon illər ərzində bu minerallar canlının bədənindəki toxumaların yerini tutaraq onun bir növ daşdan surətini çıxarırlar. Nəticədə, fosil orijinal canlı ilə eyni formada olur, ancaq xam maddəsi daş olur.

Minerallaşma yolu ilə fosilləşmədə müxtəlif vəziyyətlər ola bilər:

  1. Əgər skelet lilli su ilə tamamilə dolubsa və daha sonra pozulma baş verməyibsə, daxili hissə fosilləşir.
  2. Orijinal skelet yerini tamamilə başqa minerala veribsə, qabığın tam surəti meydana gəlir.
  3. Əgər təzyiqə görə skeletin lilli suda tam qəlibi çıxıbsa, skeletin xarici səthinin izi əldə edilir.

Bitki fosillərində isə bakteriyalar karbonlaşmaya səbəb olur. Karbonlaşmada oksigen və azotun yerini karbon və hidrogen tutur. Karbonlaşma prosesində toxumaların molekulları təzyiq və temperatur dəyişiklikləri, bakteriyalar və ya müxtəlif kimyəvi proseslər kimi səbəblərlə parçalanır. Beləliklə, karbon liflərinin qalacağı şəkildə zülal və sellüloza formasında kimyəvi dəyişikliyə səbəb olurlar. Karbondioksid, metan, hidrogen sulfat və su buxarı kimi digər üzvi maddələr məhv olur. Bu proses nəticəsində daş kömür dövründə (354-290 milyon il) mövcud olan bataqlıqlardan ibarət meşələrdə təbii kömür yataqları meydana gəlmişdir.

Fosillərin ölçüləri də fərqlidir. Mikroorqanizmlərin fosillərindən sürü halında yaşayan heyvanların nəhəng fosillərinə qədər çox fərqli fosil əldə edilmişdir. Nəhəng fosillərin ən maraqlı nümunələrindən biri İtaliyada böyük təpə formasındakı süngər rifidir. Yer üzünün ən böyük “canlı təpəsi” olan bu rif 145 milyon illik əhəngli süngərlərdən təşkil olunmuşdur. Antik Tetis dənizinin dibində yerləşən bu süngər rifi tektonik təbəqələrin hərəkəti nəticəsində yüksəlmişdir. Üzərində Trias dövrünə aid süngər riflərində yaşayan canlıların nümunələri də var. Kembri dövrünə aid minlərlə canlının fosillərini ehtiva edən Kanadadakı Burqes Şeyl və Çindəki Çenqjianq fosil yataqları böyük fosil sahələrindəndir. Dominikan Respublikasında və Baltik dənizinin qərb sahillərində tapılan kəhrəba yataqları da mühüm fosil mənbələridir. Amerikanın Vyominq ştatındakı Qrin River fosil yataqları, Mərkəzi Amerikadakı Uayt River fosil yataqları, Almaniyadakı Eykstatt və Livandakı Hacula fosil yataqları bunlara misaldır.

 

Fosillərə əsasən növlərin mənşəyi

Təkamül nəzəriyyəsinin iddiasına əsasən, yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyiblər. Başqa sözlə, nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq təbiətdə aparılan müşahidələr iddia edilən davamlı dəyişmələrin olmadığını göstərmişdir. Canlılar aləmində bir-birindən nəzərə çarpacaq dəyişikliklərlə fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur.

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat verən yeganə elmi mənbə də fosillərdir (fosil – daşlaşmış canlı qalıqları). P.Qrasse bu mövzuda belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər… Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.1

Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.

Təkamül nəzəriyyəsinə əsasən, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə, iddia edilən uzun çevrilmə prosesi çərçivəsində saysız-hesabsız ara növlər əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq–yarı sürünən canlılar yaşamalıdır. Yaxud da sürünən xüsusiyyətlərini daşıyan və eyni zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Keçmişdə yaşadıqları güman edilən bu nəzəri canlılar ara keçid formalar adlandırılır.

Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşayıblarsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün məlum olan heyvan növlərindən də çox olmalı və dünyanın hər tərəfi fosilləşmiş ara keçid formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara keçid növlər mütləq yaşamalıdır… Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.2

Bu sətirləri yazan Darvin bu ara keçid formalarının fosillərinin heç cür tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu da görürdü. Ona görə, “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:

Əgər, həqiqətən, növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara keçid formaları ilə dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.3

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o dövrdəki fosillərin kafi olmamağı idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.

Ara keçid formaları problemi və sabitlik

 

Təkamülçü paleontoloqlar Darvinin bu iddiasına əsaslanaraq XIX əsrin ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu ara keçid formalarına heç vaxt rast gəlmədilər. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi.

Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda meydana gəldiklərini, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən sabit qaldıqlarını göstərir. Harvard Universitetindən paleontoloq və məşhur təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:

Fosilləşmiş növlərin əksəriyyətinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:

1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu  müddət ərzində heç bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o cürdür. Morfoloji (forma) dəyişiklik, əsasən, məhduddur və müəyyən istiqaməti yoxdur.                                                                 .

Fosil qeydlərində Darvinin irəli sürdüyü kimi mərhələli bir inkişaf yoxdur. Fərqli canlı növləri özlərinə xas bədən quruluşları ilə bir anda meydana gəlmişlər.

2. Ani şəkildə ortaya çıxma. Bir növ hər hansı lokal bölgədə əcdadlarından pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir anda və tamamilə formalaşmış şəkildə ortaya çıxır.4

Burada ara forma anlayışının tam şəkildə nə məna verdiyini bildirməliyik. Təkamül nəzəriyyəsinin iddia etdiyi ara formalar iki canlı növü arasında qalan, lakin əskik və yarım orqanlara malik olan canlılardır. Ancaq bəzən ara forma anlayışı səhv başa düşülür və əslində, ara forma xüsusiyyəti daşımayan canlılar ara forma kimi qəbul edilir. Məsələn, bir canlı qrupunun digər canlı qrupuna aid xüsusiyyətlərə malik olması ara formaya aid xüsusiyyət deyil. Avstraliyada yaşayan ördəkburun məməli olmasına baxmayaraq, sürünənlər kimi yumurtlayaraq çoxalır. Bundan başqa, ördək burnuna bənzəyən dimdiyi var. Elm adamları ördəkburun kimi canlılara “mozaik canlı” adını vermişlər. Mozaik canlıların ara forma olmadığı Stefen C.Quld və Nayls Eldric kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir.5

 

Fosil qeydlərinin kafiliyi

Görəsən, ara forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq ara formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?

Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var.6 Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir7 (hal-hazırda yaşayan bu 1.5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün hesab edilir.

Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “ara forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli keçid formaları olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər. Yəni bütün canlılar Allah tərəfindən yaradılmışlar.

  1. Pierre Grassé, Evolution of Living Organisms. New York, Academic Press, 1977, səh. 82.
  2. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179.
  3. Charles Darwin, The Origin of Species, səh. 172, 280.
  4. S. J. Gould,”Evolution’s Erratic Pace”, Natural History, vol. 86, may 1977.
  5. S. J. Gould & N. Eldredge, Paleobiology, vol 3, 1977, səh. 147.
  6. Duane T. Gish, Evolution: Fossils Still Say No, CA, 1995, səh. 41.
  7. David Day, Vanished Species, Gallery Books, New York, 1989.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma