Hz. Süleymandan Əsrimizə Dərslər


imagesSonsuz rəhmət sahibi Allah’ın insanlara öyüd-nəsihət və hidayət rəhbəri kimi nazil etdiyi Quranda peyğəmbərlərimizin qissələrindən və onların din əxlaqını yaymaq üçün apardığı qətiyyətli mübarizədən çox hikmətli nümunələr verilir. Rəbbimizin görkəmli iqtidar və hakimiyyət nəsib etdiyi hz. Süleyman da din əxlaqını təbliğ edərkən nümunəvi əxlaq göstərən bu dəyərli hidayət rəhbərlərindən biridir.

Hz. Süleyman uca Allah’ın hədlərini cidd-cəhdlə qorumuş və din əxlaqını dünyaya hakim etmək üçün böyük səy göstərmiş peyğəmbərdir. Ona görə, digər bütün peyğəmbərlər kimi, Allah’ın bir çox cəhətdən üstün etdiyi hz. Süleymanın da Quranda bildirilən xüsusiyyətlərini tanımaq çox vacibdir. Çünki möminlərin hz. Süleymanın xüsusiyyətlərini bilməsi onun üstün əxlaqından nümunə götürmələrinə səbəb olur. Bundan əlavə, hz. Süleymanın qissələrinin bildirildiyi ayələri təhlil etdikdə hər birinin dövrümüzə işarə edən bir çox hikmətlər daşıdığını görərik.

Hz. Süleymanın üstün əxlaqı

 

Hz. Süleyman ancaq Allah rizası üçün mal-mülkü sevmişdir

 

Mal-mülk sevgisi bəzi insanların qəlbini sərtləşdirir və onları din əxlaqından uzaqlaşdırır. Çünki əllərindəki mal-mülkü özlərinin qazancı hesab edir, ona görə, Allah’a möhtac olduqlarını unudurlar.  Daha çox mal-dövlət əldə etmək istəyirlər. Ancaq səmimi iman gətirən möminlərin Allah’ın nəsib etdiyi mal-mülkə yanaşması qəflətdə olan insanlardan çox fərqlidir. Onlar Allah’ın verdiyi bütün imkanlara şükür edir və bu imkanları Onun rizası üçün Onun yolunda sərf edirlər.

Hz. Süleyman qissəsi möminlər üçün çox diqqətçəkən nümunədir. Müsəlmanların yer üzünü gözəl əsərlərlə bəzəyəcəyini, incəsənət və estetikada necə irəliləyiş əldə edəcəklərini göstərmək baxımından mühüm nümunədir.

Hz. Süleyman heç kəsə nəsib olmayan iqtidara malik olmasına baxmayaraq, həmişə Allah’a dərindən hörmət etmiş, bütün imkanları ilə din əxlaqının yayılması üçün cəhd göstərmişdir. O, sahib olduğu ehtişamlı mal-dövlətə görə Allah’ı tərifləyib şanını ucaltmış, mal-mülk sevgisinin mənbəyinin Allah’ı zikr etmək olduğunu vurğulamışdır.

Hz. Süleymanın bu əxlaqı Quranda belə bildirilmişdir:

 

O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm… (Sad surəsi, 32)

 

Allah bir ayədə “Biz o hökmü Süleymana anlatdıq…” (Ənbiya surəsi, 79) şəklində buyuraraq bir insanın Allah istəməzsə, heç bir hikməti anlamayacağını, hökm verə bilməyəcəyini bildirmişdir. Bir insanın öz qüdrəti ilə bir şeyi qavraması, mühakimə edib hökm verməsi qətiyyən mümkün deyil. Çünki hökmü verən Allah’dır. O, hökm və hikmət sahibi olandır.

Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)

 

Hz. Süleyman incəsənət və estetikaya əhəmiyyət verirdi

 

Hər gözəllik onu yaradan Rəbbimizin sonsuz elminin dəlillərindəndir. İnsanı ən gözəl surətdə yaradan Allah ona incəsənətdən, gözəllikdən, estetikadan zövq almağı da öyrətmişdir. Ona görə, mömin gözəllikdən təsirlənir, şükür edir və hər nemət onu Rəbbimizə daha da yaxınlaşdırır. Quranda hz. Süleymanın həyatı ilə bağlı qissələrdə buna dair müxtəlif işarələr var. Allah’ın verdiyi var-dövlət, iqtidar və ehtişam hz. Süleyman üçün xeyir, gözəllik və Allah’ın rizasını qazanmaq, Ona şükür etmək üçün vasitə olmuşdur.

Hz. Süleymanın tikdirdiyi sənət əsərləri də Rəbbimizin ona lütf etdiyi incəsənət zövqünü üzə çıxarır. Məsələn, tarixi mənbələrə əsəsən, o dövrdə Qüdsdə inşa edilən hz. Süleymanın sarayı Quranda bildirildiyinə görə çox ehtişamlı və tayı-bərabəri olmayan görkəmli saray idi. Ayələrdə bildirildiyi kimi, hz. Süleymanı görməyə gələn Səba məlikəsi sarayın içinə girdikdə döşəmənin şüşə olduğunu anlamamış, su zənn etmişdi.

Bu, o dövrdə insanların görmədiyi bir şey idi. Səba məlikəsi saraydakı ehtişamı gördükdə hz. Süleymanın ağlına, sənətinə və biliyinə təslim olmuş və iman gətirmişdi (Nəml surəsi, 44).

Hz. Süleyman hər işində Allah’a üz tutmuşdur

Hz. Süleymanın həyatı ilə bağlı Quran ayələrində ən çox diqqətçəkən mövzulardan biri onun gördüyü hər işdə daima Allah’a üz tutması, Ona dua etməsi və hər istəyini Allah’a bildirməsidir. Hz. Süleymanın bu nümunəvi davranışı bir ayədə belə xəbər verilmişdir:

 

Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı. (Sad surəsi, 30)

 

Hz. Süleyman bütpərəstliyin geniş yayıldığı dövrdə olduğuna baxmayaraq, din əxlaqı ilə yaşamaqda qətiyyətli olmuş, üstün əxlaqı ilə bütün insanlara nümunə olmuşdur. Mənfi görünən hər hansı hadisə ilə qarşılaşdıqda dərhal Allah’a üz tutmuş, hər söhbətində Allah’ı zikir etmiş, hər qərarını Allah’ın adı ilə vermişdir.

Ancaq hz. Süleyman təkcə çətinlik vaxtı deyil, hər hansı uğur və ya qələbə zamanı da eyni əxlaqla davranmış, daima təvazökar və Allah qarşısında acizliyini bilən qul olmuşdur.

Hər uğurunun Allah’dan sınaq olduğunun dərhal fərqinə varmış, uğur qazandıqda da çox təvazökar davranmışdır. Bu ixlaslı davranışı göstərir ki, o, hər çətinlik kimi hər uğurun da Allah’ın imtahanı olduğunu bilirdi.

Daima Allah’a şükür edən qul idi

 

Səmimi müsəlman yaşadığı hər anın, gördüyü hər işin Allah’ın təqdiri ilə baş verdiyini bilər və nəticədən asılı olmayaraq şükür edər. Məsələn, yediyi yeməkləri qupquru torpaqdan çıxarıb ləzzətli şəkildə ona bəxş edənin və gözəl dad almasının Allah’ın istəyi ilə olduğunu bilər. Yeməyə bişirənə təşəkkür edərkən, əslində, Allah’a şükür etməli olduğunu bilər və Ona şükür edər. Xoşuna gələn musiqini dinlədikdə musiqi alətində çalan şəxsə deyil, insanlara bu qabiliyyəti və ona da musiqidən zövq alma hissini verən Allah’a heyran olar.

Çox istədiyi şey heç gözləmədiyi anda reallaşdıqda bunun təsadüf olmadığını dərk edər, dərhal Allah’a şükür edər. Gözəl memarlıq abidəsini gördükdə o əsəri inşa edən, dekorasiyasında rol oynayan şəxsləri təqdir edər, əslində, bütün bu gözəllikləri yaradanın Allah olduğunu unutmaz, Allah’ın böyüklüyünü zikr edib şanını ucaldar. Özündəki üstün xüsusiyyətlərə görə təkəbbürlənməz, Allah’ın aciz qulu olduğunu bilərək daima Rəbbimizi tərifləyər.

Quranda tərifə layiq olanın Allah olduğu xatırladılmış və Allah’ın şanını ucaldaraq Onu təsbih etmələri bildirilmişdir:

 

Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allah’a həmd olsun! Onu tərifləyərək uca tut”. (İsra surəsi, 111)

Bütün nemətlərin və üstün xüsusiyyətlərin Allah dərgahından bir imtahan olduğunu, bu nemətlərdən necə istifadə etdiyinə görə məhşər günündə cavab verəcəyini bilən hz. Süleyman bu həqiqətə uyğun əxlaqla davranmış və həmişə şükür etmişdir.

 

… Ey Davud nəsli! Şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)

Sonsuz mərhəmət sahibi uca Rəbbimiz hz. Süleymanın səmimi və ixlaslı əxlaqının qarşılığını ən gözəl şəkildə vermiş və onu “Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır” (Sad surəsi, 40) ayəsilə müjdələmişdir. Digər ayədə isə Rəbbimiz onu və atası hz. Davudu öz mömin qullarının çoxundan üstün tutduğunu (Nəml surəsi, 15) bildirmiş və üstün elm nəsib etmişdir:

Hz. Süleymana hökm vermə qabiliyyəti verilmişdir (Ənbiya surəsi, 79)

Hz. Süleymana quşların dili öyrədilmişdir (Nəml surəsi, 16)

Hz. Süleyman dişi qarışqanın söhbətini başa düşmüşdür (Nəml surəsi, 18-19)

Külək hz. Süleymanın əmrinə verilmişdir (Ənbiya surəsi, 81)

Cin və şeytanlar hz. Süleymanın əmrinə verilmişdir (Səba surəsi, 12)

Bütün nemətlər və elmlər Allah’ın lütfüdür

 

Hz. Süleyman Allah’ın ona verdiyi bütün iqtidar və mal-mülkdən Allah’ın bildirdiyi şəkildə din əxlaqını ən gözəl şəkildə təmsil və təbliğ etmək, Rəbbimizin bənzərsiz, görkəmli səltənətinin hər kəs tərəfindən tanınmasına səbəb olmaq və bu yolla din əxlaqını yaymaq üçün istifadə etmişdir. Onun bu ağıl, elm və incəsənət gücü qarşısında insanlar Allah’a iman gətirmək üçün edilən dəvətə daima asanlıqla təslim olmuşlar. Hz. Süleyman Allah’a olan bağlılığının qarşılığını həm dünyada, həm də axirətdə ən gözəl şəkildə almışdır. Min illərdir hz. Süleymanın güc və iqtidarı bir çox insanı heyran etmiş, müxtəlif incəsənət əsərlərində öz əksini tapmışdır.

Ancaq hz. Süleymana verilən üstün elmlər və müxtəlif nemətlər haqqında bir cəhəti xüsusi vurğulamaq lazımdır. Bütün bu nemətləri verən, elmləri öyrədən və bütün hadisələri edən, əslində, aləmlərin Rəbbi olan Allah’dır. Sonsuz elm sahibi Allah bu həqiqəti Quranda belə xəbər vermişdir:

 

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (Allah’dan) qorxmursunuz?” (Yunis surəsi, 31)

 

Hz. Süleymanın vəfatı

 

Hz. Süleymanın ölümü haqqında Quranda çox mühüm xüsuslar bildirilir:

 

(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəy­­dilər, alçaldıcı əzaba məruz qalmazdılar. (Səba surəsi, 14)

 

Ayələrdən məlum olur ki, hz. Süleyman öldükdə ətrafında cinlər var idi və ehtimal ki, bu cinlər hz. Süleymanın göstərişlərini yerinə yetirmək üçün çalışırdılar. Ancaq cinlər onun ölümünün fərqinə varmadıqlarına görə işləməyə davam etmişdilər. Bu ayədə cinlərin qeybi bilmədiklərinə, əgər onlar qeybi bilsəy­­dilər,  şübhəsiz ki,  hz. Süleymanın ölümünü də dərhal anlayacaqlarına diqqət çəkilir. Ayədə “alçaldıcı əzab” sözü ilə cinlər çox ağır, yorucu iş görməsinə diqqət çəkilə bilər (doğrusunu Allah bilir).

Əgər qeybi bilib hz. Süleymanın öldüyünü anlasalar, işlərini yarımçıq qoya bilərdilər. Ancaq ayədə də bildirildiyi kimi, cinlər əsa qırılıb hz. Süleyman yerə yıxılana qədər onun öldüyünü anlamamışdılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma