Qocalıq


images

Zamanın məhvedici təsiri hər şeydə görünür. Ən son markalı avtomobil bir neçə il ərzində zədələnir və mütləq köhnəlir. Çox xoşagələn bir ev 5-10 il ərzində (təmir edilmədikdə) boyaları tökülür, köhnə evə çevrilir. Ancaq bütün bunlarla yanaşı, insan öz orqanizmində də bu cür dəyişikliklərə şahid olur, keçən illər ərzində insan üçün dəyərli olan bədəni bərpa edilməz şəkildə dəyişikliyə məruz qalır. Bu, Quranda belə xəbər verilmişdir:

 Sizi zəif bir şeydən yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allah’dır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir. (Rum surəsi, 54)

 

İnsanlar, əsasən, qocalıq haqqında düşünmək istəmir, həyata dair planlarına daxil etmirlər. Fiziki zəifliklərlə dolu qocalıq dövrünü heç yada salmaq istəmirlər. Bəzən bu mövzu açıldıqda qorxur, narahatçılıq keçirir, ancaq qısa müddət sonra heç nə yox imiş kimi gündəlik həyatlarına davam edirlər. Qocalacaqlarını yada salmaq istəməməklərinin ən böyük səbəbi budur ki, qocalıq onlara dünyada əbədi qalmayacaqlarını xatırladır. Ona görə, gec-tez qarşılaşacaqları bu dövr haqqında çox az düşünürlər. Hələ qarşıda uzun illərin olduğunu, qocalığın və ölümün çox sonra olacağını fərz edirlər. Quranda insanların bu barədə yanıldığı açıq şəkildə bildirilmişdir:

 

Doğrusu, Biz bununla (onlara) və atalarına uzun gələn ömürləri qədər (dünyada) gün-güzəran verdik… (Ənbiya surəsi, 44)

 

Bu insanlar çox yanılırlar. Çünki neçə yaşında olsa da, hər insan keçmiş həyatına baxdıqda hafizəsində ancaq müəyyən xatirələrin qaldığını görür. Uşaqlıq və gənclik dövrlərində başına gələn yaxşı və pis hadisələr, onu həyəcanlandıran şeylər, verdiyi mühüm qərarlar, cidd-cəhdlə çalışaraq nail olmaq istədikləri məqsədlər onun üçün çətinliklə xatırladığı xatirələrdən ibarətdir. Ona görə, uzun bir ömrü xatırlamaq ən çox bir neçə saat çəkir.

Sadəcə bir neçə saniyə düşünərək qavradığı bu həqiqət insanı həyatının hansı dövründə olsa da, dayanıb qərar verməyə sövq etməlidir. Məsələn, 40 yaşlı bir insan 65 yaşına qədər yaşamaq istəyirsə, bilməlidir ki, qarşıdakı 25 il keçirdiyi 40 il qədər tez keçəcək. Həmin insan 90 yaşına qədər yaşasa da, heç nə dəyişməz. Çünki qarşıdakı illər uzun da olsa, qısa da olsa, nəhayət sona çatacaq. Məhz bu an insanın yaşlanması dünyanın müvəqqəti yer olduğunu qəti şəkildə xatırladır. İnsan nə edirsə etsin, bu dünyadan ayrılacaq və bir daha buraya qayıtmayacaq.

Elə isə insan ön mühakimələrini bir kənara qoyub öz həyatı haqqında daha real düşünməlidir. Əvvəla, bildirdiyimiz kimi, zaman çox sürətlə keçir və hər keçən gün insanı daha gənc və dinamik formaya deyil, ayədə bildirildiyi kimi zəifliyə aparır. Qısa desək, qocalmaq insanın acizliyinin mühüm göstəricisidir. Keçən zaman insanın bədəninə və zehninə təsir edir. Quranda insanın qocalıb acizləşməsindən belə bəhs edilmişdir:

 

Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən ixtiyar çağına çatdırılar ki, bildiyi hər şeyi unudar.  Həqiqətən, Allah biləndir, qadirdir! (Nəhl surəsi, 70)

Tibdə qocalığa ikinci uşaqlıq dövrü də deyilir. Çünki bədəndə meydana gələn pozuntular insanı eynilə uşaq kimi qayğıya və qorunmağa möhtac edir. Bu yaşlarda fiziki və ruhi cəhətdən uşaqlıq dövrünə aid xüsusiyyətlər üzə çıxır. İnsan gənc ikən fiziki cəhətdən asanlıqla etdiyi bir çox işi qoca vaxtı görə bilmir. Gənclik dövründə güclü hafizəsi olan insan qocaldıqda yaddaşı təbii olaraq zəifləyir. Hər mövzuya dair bu cür nümunələr verə bilərik. Ancaq nəticə etibarilə müəyyən yaşdan sonra hər insanda rast gəlinən fiziki və ruhi pozuntu bir növ onu uşaqlıq dövrünə geri qaytarır.

Bir sözlə, insan həyatına uşaq kimi başlayır və bir dövr sonra yenidən uşaqlıq dövrünə qayıdaraq həyatını başa vurur. Bu proses, şübhəsiz ki, təsadüfi deyil. Allah istəsəydi, insanı ölənə qədər gənc yaşadar, bədənində heç bir zəiflik və ya xəstəlik yaratmazdı. Ancaq Allah qocalıq dövründə insanda bəzi fiziki qüsurlar yaradaraq ona bu dünyanın müvəqqəti olduğunu bir daha xatırladır. Eyni zamanda, bu dünyadakı qüsurları göstərərək insanın axirətə, yəni əsl yurd olan cənnətə həsrətini artırır.

Bu dünyanın faniliyi və insanın müəyyən hikmətlə qocalıq dövrünə çatdırılması aşağıdakı ayədə açıq şəkildə ifadə edilir:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən ixtiyar dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

 

Yaşlılıq dövründə meydana gələn fiziki pozuntular

 

Nə qədər varlı, məşhur və güclü olsa da, heç bir insan qocalıq illərində onu gözləyən fiziki pozuntulardan xilas ola bilməz.

Dəri insanın gözəlliyində ən çox əhəmiyyət daşıyan amillərdən biridir. Təqribən 1 millimetrlik bu toxumanın altında estetik cəhətdən heç xoş olmayan görüntü vardır. Belə ki, bu mənzərəyə baxmaq belə çox çətindir. Çünki dəri qoruyucu funksiyası ilə yanaşı, hamar görünüşə malik olduğuna görə, estetik cəhətdən də çox mühüm funksiya daşıyır. Belə ki,  insanın lovğalandığı bu xüsusiyyətin bədəninin hər tərəfini örtən təqribən 2 kq dəri olduğunu deyə bilərik. Lakin hikmətə baxın ki,  yaşlılıq dövrlərində ən çox dəri pozulmağa başlayır.

Qocaldıqda dərinin elastikliyi azalır, nazikləşir və alt təbəqələrdəki zülallar həssaslaşıb büzüldüyü üçün dəri sallanır. Qocalıq dövrünə yaxınlaşdıqca üzdə meydana gələn cizgi və qırışların səbəbi budur. Üst dəridə daima yağ təbəqəsi əmələ gətirən və yumşaldıcı təsir göstərən vəzlərin ifrazatının azalması ilə dəri qabıqlanır. Həddən artıq qabıqlanma və tökülmə nəticəsində dərinin keçirici xüsusiyyəti artır və xarici amillər dəridən orqanizmə asanlıqla daxil olur. Nəticədə, qocalıq qaşıntısı, dırnaq yaraları, yuxusuzluq və s. meydana gəlir. Eyni şəkildə, alt dəri təbəqəsi də pozulur. Dəri toxumalarında yenilənmə və maddələr mübadiləsi mexanizmləri yaşlı insanlarda əsaslı şəkildə pozulur. Ona görə, yaşlı insanlarda bədxassəli şişlərə tez-tez rast gəlinir. Sümüklərin möhkəmliyi də bədən üçün hər cəhətdən əhəmiyyətlidir. Gənc insan üçün dik durmaq çox asandır, ancaq bu, qocalıq dövründə fiziki cəhətdən mümkün deyil. Vaxt keçdikcə onurğanın əyilməsi ilə qozbellik meydana gəlir. Bu, onu göstərir ki, gənc ikən insan lovğalandığı hər şeyi bir kənara qoymalıdır. Duruşuğuna belə hakim ola bilməyən insanın, təbii ki, digər insanlara lovğalanacaq heç bir xüsusiyyəti qalmır. Özü qəbul etmək istəməsə də, acizliyini artıq ətrafındakı heç kəsdən gizlədə bilməz.

Qocalan insanların sinir hüceyrələri yenilənmədiyinə görə, bütün duyğu orqanları zəifləyir. Gözlərin yaşlanması ilə işığın şiddətinə reaksiya kimi ölçü dəyişdirmə qabiliyyəti azalır, bu, görməni məhdudlaşdırır, rənglərin canlılığı, cisimlərin forması, mövqeyi və arasındakı məsafələr bulanıq olur. Görmə kəskinliyi getdikcə azalır. Bu, qocaların ən çətin alışdığı vəziyyətdir.

İnsanın qocalıq dövründə fiziki və ruhi cəhətdən zəifləməsi, şübhəsiz ki, çox düşündürücüdür. Daha əvvəl də bildirdiyimiz kimi, Allah istəsəydi, insana bu çatışmazlıqların heç birini verməzdi, insan doğulduqdan sonra böyüyər, hətta zaman ərzində bütün orqanları, qabiliyyətləri daha da qüvvətlənərdi. Dünya həyatında keçirdiyi illər insanın səhhətini sağlamlaşdırar, gücünü artırardı. Həyat insanı gəncləşdirə bilərdi. Allah’ın bir hikmətlə insanlar üçün yaratdığı bu sistem qocalma, pozulma üzərində qurulmuşdur. Dünyadakı hər şey kimi insan bədəni də pozuntuya məruz qalır.

Beləliklə, insan bu dünyanın müvəqqəti və faydasız olduğunu bir daha anlayır. Bütün bu acizliklərdən məlum olur ki, sonsuz həyatla müqayisədə dünya həyatının heç bir dəyəri yoxdur. Allah Quranda bu həqiqətə dəfələrlə diqqət çəkmiş, dünya həyatının müvəqqəti xüsusiyyətlərlə dolu olduğunu ayələrlə xəbər vermişdir. İnsanlara bu vəziyyət üzərində düşünməyi və ibrət almağı əmr etmişdir.

 

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! (Yunis surəsi, 24)

 

Buraya qədər bəhs edilənlərdən gördüyümüz kimi, insan doğulur, böyüyüb müəyyən yaşa çatır. Ən güclü vaxtında bütün bədəninin özünə aid olduğuna qəti əmin olur və özünü bütün dünyanın nəzərini cəlb edən hədəf hesab edir. Ancaq bir müddət sonra gücü və gözəlliyi qocalma ilə məhv olur və o, bunun qarşısını almaq üçün heç nə edə bilmir. Çünki Allah dünya həyatını müvəqqəti yurd kimi hazırlamışdır. İnsana əsl yurd olan axirəti xatırladaraq ona hazırlıq görməsi üçün hər cür acizliklə birlikdə yaratmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma