Terrorun Həlli: Quran Əxlaqı


images

Terror təşkilatları üçün zorakılıq, şiddət, müharibə və qarşıdurma bir növ müqəddəs məfhumlardır. Quran əxlaqı ilə yaşayanlar isə həyatlarında sülhü, sevgini və tolerantlığı əsas götürürlər. Çünki Allah möminlərdən gözəl əxlaqlı olmalarını istəyir. Hər müsəlman özünə pislik edildikdə belə yaxşılıqla qarşılıq verməklə məsuldur.

Terror XX əsərdə cəmiyyətə zülm, əziyyət, göz yaşı gətirmiş və XXI əsrdə də təsirini artıraraq davam edir. Dünyanın bir çox yerində terror hadisələrinə qarşı görülən qanuni tədbirlər fayda vermir, güclü dövlətlər belə terroru aradan qaldıra bilmirlər.

Bunun səbəbi istifadə edilən metodun yanlış olmasıdır. Din əxlaqından tamamilə uzaq böyüdülmüş, özünü və digər insanları daha təkmil heyvan növü kimi görən, məsuliyyətsiz, kortəbii, təcavüzkar insanları intizama cəlb etmək, onlara hakim olmaq, islah etmək qeyri-mümkündür. Dövrümüzdə hələ də bir çox ölkədə davam edən bu təcavüzkarlığı və zülmü aradan qaldırmağın yeganə yolu insanlara İslam dininin gətirdiyi gözəl əxlaqın aşılanmasıdır.

Terrorizm sülhün, dostluğun, qardaşlığın, uzlaşmanın və tolerantlığın əksinə, qaranlıq fikir və ideologiyaların metodudur. İslam dininin təməlini bu gözəl əxlaqi xüsusiyyətlər təşkil edir. Ona görə terrorizm İslam dininə tam mənada ziddir.

Terror kommunizm, faşizm, irqi ayrı-seçkilik kimi ideologiyaların tez-tez əl atdığı vəhşilik metodudur. Fitnə-fəsadı üstün tutur və zorakılıq yolu ilə mövcud nizamı məhv edərək yerinə öz ideologiyası əsasında yeni idarəçilik sistemi qurmağı hədəf seçir. Terrorun ən əsas xüsusiyyəti şiddətə meyilli olmasıdır.

Qurana uyğun həyat yaşayan insan üçün bu, əsla mümkün deyil. Allah möminlərdən gözəl əxlaqlı olmalarını istəyir. Quranda bu əxlaqın necə olması da bildirilir. Məsələn, müsəlman özünə pislik edildikdə belə, yaxşılıqla qarşılıq verməlidir. Bununla bağlı ayələrdən birində uca Allah buyurur:

 

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

 

Ayədə bildirildiyi kimi hərəkət edən insanın terrorizmin məntiq və metodlarına rəğbət bəsləməsi, bu qanlı ideologiyaya azacıq meyil etməsi, əlbəttə, mümkün deyil.

Bu romantik şiddət Quranın əmrlərinə tamamilə ziddir. Quranda müsəlmanlar qəzəbləndikdə dərhal qəzəblərini boğan, mötədil və mülayim insanlar kimi tərif edilirlər. Başlarına gələn heç bir hadisə qəzəblənmələrinə və təcavüzkar olmalarına səbəb olmaz:

 

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

 

Terrorizmi istiqamətləndirən digər xüsusiyyət isə kütlə psixologiyasıdır. Dünyanın bir çox ölkəsində terror qruplarına üzv olan ağılsız və cahil insan nəyi nə üçün etdiyini belə bilmədən, kütlə şüarlarının təsiri ilə romantik isterikaya qapılır, sürü psixologiyası ilə, əslində, öz iradəsi ilə etməyəcəyi kütlə cinayətlərinə qoşulur. Bir insana səbəbsiz yerə hücum edir, iş yerini qarət edir, kütləvi surətdə insanları qətlə yetirir, hətta özünü belə ölümə atmaqdan çəkinmir… Terror hadisələrində iştirak edənlərin əksəriyyəti iradə və vicdanları zəif olduğuna görə, kütlə psixologiyasının içində assimilyasiya olmuş, “sürü”yə qarışmışdır.

Terrorizm təbiəti etibarilə din əxlaqının gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, yardımlaşma, qənaətkarlıq kimi əxlaqi dəyərlərə tamamilə zidd quruluşdadır. İlahi dinlər tərəfindən lənətlənmiş “zalımlıq” anlayışı terrorizmin mayasıdır və bu zalımlıq terror qrupları tərəfindən sistemli şəkildə təriflənir, doğru göstərilir.

Odur ki, bütün dünyada baş verən daxili çaxnaşmalardan, şiddəti günbəgün artan qanlı terror hadisələrindən tezliklə xilas olmaq lazımdır.

“Terror” məfhumu daha geniş məna ifadə edir

 

Dövrümüzdə Azərbaycan dilindəki “terror” məfhumu, əsasən, radikal ideologiyalı qruplar tərəfindən aparılan silahlı mübarizəni ifadə edir. Halbuki, “terror” uzunmüddətli qorxu və dəhşət deməkdir. Terror sıx, sistematik qorxunu və bu qorxuya səbəb olan hər cür şiddət hadisəsini ifadə edir. Ancaq hər halda, terrorun yönəldiyi hədəf dolayısilə və ya birbaşa xalqın özüdür.

Terror təşkilatları ideologiyalarından asılı olaraq ədalətsiz və zülmkar hesab etdikləri idarə sistemini və idarəçiləri devirmək, beləliklə, daha xoşbəxt və ədalətli həyat tərzini bərqərar etmək istədiklərini irəli sürürlər. Halbuki, bu heç də real yanaşma deyil. Allah “Bəqərə” surəsinin ilk ayələrində bu düşüncədə olanlar haqqında belə buyurur:

 

Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər. (Bəqərə surəsi, 11-12)

 

Terrorun əl atdığı əsas metodlar inkişaf edən dünya şərtləri də daxil olmaqla dəyişir. Xüsusilə inkişaf edən texnologiyadan asılı olaraq əldə etdiyi yeni imkan və qabiliyyətləri ilə təsirini və gücünü günbəgün artırır.

Terrora əl atan qrupların qiyam taktikaları və gizli fəaliyyətlərinin tələbinə uyğun olaraq terror hadisəsi üçün hədəf və vaxt seçmək təşəbbüsləri məhdudiyyətsizdir. İstifadə etdikləri metodların müxtəlifliyinə görə, terror hadisələrinin vaxtından əvvəl xəbər tutularaq qarşısının alınması və ya cinayətkarların tutulması çətinləşir və bu da terrorun mənfi təsirini artırır.

Habelə, terrorçular fəaliyyətlərində qarşılarına sədd çəkəcək əxlaqi və ya insanpərvər hədlər tanımadıqlarına görə zalımlıqla və mərhəmət etmədən hədəflərinə yönəlirlər.

Burada terrorun iki fərqli strategiyası, başqa sözlə, fəaliyyət metodu üzə çıxır.

Birincisi, təhlükəli hesab etdikləri müxaliflərin aradan qaldırılması və ya susdurulmasıdır. İkincisi isə cəmiyyətdə təsir gücü olan hədəflərə hücum edərək cəmiyyəti istənilən şəkildə yönləndirməkdir. Yəni provokasiya…

Ona görə, bəzən mühüm şəxs öldürülür, bəzən də kortəbii kütləvi cinayətlər törədilir. Burada yeganə məqsəd insan öldürmək deyil, ölənlərdən istifadə edərək cəmiyyətin düşüncəsini dəyişdirməkdir.

Qısaca desək, terror, terror təşkilatları tərəfindən vəhşi metod kimi dünyanın hər tərəfində tətbiq edilir. Məqsədlər fərqlənir, ancaq metod ortaqdır.

Bu gün dünyanın hər yerində vicdanlı insanların lənətlədiyi terror bəlası İslam dininin gətirdiyi gözəl əxlaqın, sülhün, uzlaşmanın, sevgi və şəfqətin bərqərar olması ilə, Allah’ın izni ilə, tarixə qarışacaq.

Bir insanın haqsız yerə öldürülməsi bəşəriyyəti öldürməyə bərabərdir

 

Terrorizm bir insanın, ya da qrupun özü üçün müəyyənləşdirdiyi “müqəddəs amal” uğrunda minlərlə məsum insanı göz qırpmadan fəda etməsi və bunu yaxşı iş hesab etməsidir. “Hədəflər vasitələri qanuniləşdirir” məntiqi ilə düşünən terrorçular, əslində, heç də qanuni olmayan hədəf üçün hər cür vəhşilik edə bilərlər.

Halbuki, Quranda insanlara haqsız yerə hücum etməyin, məsum insanları öldürməyin çox böyük günah olduğu bildirilmişdir. Terror metodlarını mənimsəyənlərin fikrincə, insan həyatının heç bir dəyəri yoxdur, ancaq İslam dininə əsasən, bircə insanın belə həyatı çox dəyərlidir. Allah bir Quran ayəsində belə buyurur:

 

… Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur… (Maidə surəsi, 32)

 

Bircə insanın haqsız yerə öldürülməsi bütün insanların öldürülməsinə bərabərdirsə, terrorçuların törətdiyi cinayət, qətliam və özünə qəsd hücumlarının nə qədər böyük günah olduğu aydın olur. Allah terrorizmin bu zalım üzünün axirətdəki qarşılığını belə bildirir:

 

Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir! (Şura surəsi, 42)

 

Terrorçular əxlaqi və insanpərvər dəyərlərini itirmiş, zalım, amansız insanlardır. Ona görə, qəzəblərinə hakim olmur, hər cür şiddətə, zorakılığa yönləndirilirlər. Terrorçu qruplar ən adi hadisədə belə qəzəblənir, ardınca dərhal dava-dalaşa başlayırlar.

Hz. Muhəmməd (s.ə.v) ictimai sülh və asayişi təmin etmişdir

 

Peyğəmbərimiz (s.ə.v) Məkkədən Mədinəyə hicrət etdikdən sonra müxtəlif qəbilələrlə qarşılaşmışdır. Həmin dövrdə Mədinədə böyük təsirə malik yəhudilər, müxtəlif xristian qruplar və hələ İslamı qəbul etməmiş, köhnə dinlərində qalmış müşriklər birlikdə yaşayırdılar. Hz. Muhəmməd (s.ə.v) belə bir mühitdə ictimai birlik və sülhü təmin etmək üçün Mədinədəki kosmopolitik quruluşu müxtəlif sosial sazişlərlə birləşdirmiş, yüzdən çox qəbilə ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq müxtəlif sazişlər imzalamış, münasibətləri uzlaşdırmışdır. İngilis missioner tədqiqatçı T.V. Arnold Peyğəmbərimizin (s.ə.v) qurduğu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:

“Əvvəllər bir hökmdara əsla itaət etməmiş Ərəbistan birdən-birə siyasi birliyə çevrildi və o mütləq hökmdara özünü təslim etdi. Yüzə yaxın kiçik sosial qrupdan ibarət və daima bir-birləri ilə qarşılıqlı düşmənçilik aparan kiçik-böyük neçə-neçə qəbilələri hz. Muhəmməd birləşdirdi”.

Peyğəmbərimiz (s.ə.v) Məkkəni fəth etdikdən sonra əvvəllər müsəlmanlara işgəncə vermiş müşrikləri belə azad etmiş, onlarla xeyirxah davranmışdır. Hz. Muhəmmədin (s.ə.v) bu üstün əxlaqı daha əvvəl ərəb cəmiyyətində rast gəlinməyən vəziyyət idi və insanlar tərəfindən rəğbətlə qarşılandı.

Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqı

Yaşadığı dövrdə başqa ölkələrdə də həqiqi ədalətin bərqərar edilməsi üçün hz. Muhəmməd (s.ə.v) bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz (s.ə.v) hökm etdiyi hər ölkənin yerli xalqları ilə də Quranda bildirilən xeyirxahlıq və ədalətlə davranmış, onlarla hər iki tərəfin razı qaldığı və ən kiçik narahatçılıq keçirmədiyi sazişlər imzalamışdır. Ona görə, hansı dinə və ya millətə mənsub olsa da, hər ölkənin xalqı İslamın gətirdiyi sülh, xeyirxahlıq və ədalətdən razı qalmışdır. Hz. Muhəmməd (s.ə.v) və yanındakı əshabələr “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində bildirildiyi kimi, insanlar arasında ədaləti təmin edən ümmət olublar.

Ərəbistan yarımadasının cənubundakı xristian nəcranlarla imzalanan saziş də Peyğəmbərimizin tolerantlığının və ədalətinin ən gözəl nümunələrindəndir. Sazişin maddələrindən biri belədir:

“Nəcranlıların və məiyyətindəkilərin canları, malları, dinləri, mal-mülkləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allah’ın və Allah’ın peyğəmbərinin himayəsi altına alınacaq”.

Peyğəmbərimiz bu və bənzər sazişlərlə İslamın gətirdiyi gözəl əxlaqın cəmiyyətdə təcəlli etməsinə və kitab əhlinin də müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq mühitində yaşamasına səbəb olmuşdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma