Allahın Varlığı Elmi Cəhətdən Sübut Edilə Bilər


imagesAllah’ın varlığı elmi cəhətdən necə sübut edilə bilər?

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin düzəldildiyini görəcəksiniz. Divarlar, döşəmə, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündəki stəkan və daha bir çox şey… Bircə dənəsi belə öz-özünə əmələ gəlib otağınıza gəlməyib. Ən adi görünən xalça saçağını belə toxuyan birisi var, o saçaq oraya öz qərarı ilə təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da onun bir müəllif tərəfindən müəyyən məqsəd çərçivəsində yazıldığını bilir. Bu kitabın təsadüfən meydana gəldiyini əsla düşünməz. Eyni şəkildə, bir heykələ baxan insan onun  heykəltəraş tərəfindən düzəldildiyinə heç şübhə etməz. Sənət əsərlərinin öz-özünə əmələ gəldiyini düşünmək bir yana, üst-üstə duran iki-üç kərpici belə mütləq planlı hərəkətlə düzən biri olduğunu heç kim inkar etməz. Ona görə, kiçik və ya böyük nizam olan hər yerdə mütləq həmin nizamın qurucusu və qoruyucusu olmalıdır. Bir gün birisi dəmir filizi və kömürün təsadüfən poladı, poladın da təsadüfən Eyfel qülləsini əmələ gətirdiyini iddia edərsə, bu insanın və ona inananların iddialarının yanlış olduğu dərhal başa düşülər.

Allah’ı inkar etməyin (Allah’ı tənzih edirik) yeganə yolu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqli deyil. Təkamül nəzəriyyəsinə əsasən, qeyri-üzvi molekullar təsadüfən amin turşularını, amin turşuları təsadüfən zülalları, zülallar da təsadüfən canlıları əmələ gətirib. Halbuki, canlıların təsadüfən öz-özünə əmələgəlmə ehtimalı Eyfel qülləsinin təsadüfən öz-özünə əmələgəlmə ehtimalından daha azdır. Çünki ən sadə hüceyrə belə insan əməyinin məhsulu olan hər hansı şeydən daha kompleksdir.

Təbiətdəki qeyri-adi ahəngi görüb bu müvazinətin təsadüfən və ya kortəbii şəkildə meydana gəldiyini necə düşünmək olar? Hər guşəsində Yaradanın qüdrətinin dəlilləri olan kainatın öz-özünə əmələ gəldiyini söyləmək ən məntiqsiz iddiadır.

Bədənimizdən başlayıb qeyri-adi böyüklüyə malik kainatın ən ucqar nöqtələrinə qədər mövcud olan müvazinətin bir sahibi olmalıdır. O, kainatın içindəki hər hansı maddi varlıq ola bilməz. Çünki O, bütün kainatdan əvvəl mövcud olan və bütün kainatı sonradan yaratmış iradə olmalıdır. Bu iradə hər şeyin Ondan varlığını qazandığı, Özü isə əzəli və əbədi olan uca Allah’dır.

Allah’ın varlığı hər yeri əhatə etmişdir

 

Varlığını ağılla bildiyimiz Yaradanı bizə din tanıdır. Bizə din yolu ilə bildirdiyi kimi, O, göyləri və yeri yoxdan yaradan, Rəhman və Rəhim olan Allah’dır.

İnsanların bir qismi isə bu həqiqətdən xəbərsiz yaşayırlar. Halbuki, bu həqiqəti qavrayacaq qədər məntiqlidirlər. Bir mənzərə rəsmi gördükdə, əvvəlcə, onun kim tərəfindən çəkildiyini öyrənmək istəyirlər. Daha sonra sənətkarını əsərinə görə tərifləyirlər. Lakin üzlərini çevirib baxdıqları hər yerdə o rəsmin əslləri ilə qarşılaşdıqları halda, bütün bu gözəlliklərin yeganə sahibi olan Allah’ın varlığını görməməzliyə vururlar.

Halbuki, Allah’ın varlığını anlamaq üçün uzun tədqiqata ehtiyac yoxdur. Belə ki, insan doğulduğu andan etibarən bir otaqda yaşasa da, təkcə o otaqdakı dəlillər Allah’ın varlığını qavramaq üçün kifayətdir. İnsanın bədəni cild-cild ensiklopediyaya sığmayacaq qədər çox yaradılış dəlil ilə doludur. Sadəcə bir neçə dəqiqə vicdanla düşünmək belə Allah’ın varlığını anlamaq üçün kifayətdir. Mövcud nizam Allah tərəfindən qorunur və davam etdirilir.

Təkcə insan orqanizmi haqqında düşünməklə kifayətlənmək olmaz. Dünyanın hər mm2-də insanın gördüyü və görmədiyi həyat hökm sürür. Təkhüceyrəli orqanizmlərdən bitkilərə, həşəratlardan dəniz canlılarına, quşlardan sürünənlərə qədər bütün canlılar dünyanı bürüyüblər. Əlinizə bir ovuc torpaq alıb tədqiq etdikdə içində bir-birindən tamamilə fərqli xüsusiyyətlərə malik növbənöv canlı olduğunu görərsiniz. Eyni şey nəfəs aldığımız havaya da aiddir. Hətta dərinizin üstündə bəlkə adını heç eşitmədiyiniz canlılar yaşayır. Bütün canlıların bağırsaqlarında həzm prosesinə kömək edən milyonlarla bakteriya və təkhüceyrəli canlı yaşayır. Dünyadakı heyvanların sayı insanların sayından qat-qat çoxdur. Bunlara bitkilər aləmini də əlavə etsək, dünyanın hər yerində həyat olduğunu anlayarıq. Milyonlarla km2-lik geniş sahəyə yayılmış bu canlıların hər birinin özünəməxsus orqanizmi, həyat tərzi, ekoloji sistemə faydaları kimi xüsusiyyətləri var. Bütün bunların səbəbsiz, məqsədsiz və təsadüfən mövcud olduğunu iddia etmək ağıla zidd cəfəngiyatdan başqa bir şey deyil. Çünki heç bir canlı öz qərarı və cəhdi ilə yer üzünə gəlməyib. Təsadüf isə heç nəyi meydana gətirə bilməz.

 

Allah’ın varlığı və böyüklüyü kainatdakı dəlillərlə özünü göstərir

 

Allah’ın varlığını və böyüklüyünü vicdanla qəbul etməyən bircə insan da yoxdur. Allah insanların Öz böyüklüyünü qavraması üçün kainatdakı nizamı qeyri-adi xüsusiyyətlərlə birlikdə yaratmışdır.

Quranda Allah’ın yaratdığı bu sistemdən bəhs edilərkən “… Allah’ın hər şeyə qadir olduğunu, Allah’ın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə…” (Talaq surəsi, 12) deyilir. Bu sistemin çox incəlikləri var və Allah bircə şeyin içində istədiyi qədər təfərrüat yaradır.

Biz yatarkən, oturarkən, yeriyərkən heç ağlımıza gəlməsə də, Allah kainatdakı bütün sistemləri bir-bir işlədib idarə edir. Həyatımızın davam etməsi üçün meydana gələn proseslərin hər biri Allah’ın nəzarətindədir. Kiçik bir addım atmağımız belə Yerin cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta Yerin fırlanma sürətinə qədər hər şeyin Allah tərəfindən incə-incə nizamlanmasına bağlıdır.

Dünyanın və bütün kainatın varlığını təsadüflərlə əlaqələndirmək isə çox böyük yanılmadır. Əslində, dünyadakı və kainatdakı hər sistem təsadüfə yer olmadığının və Allah’ın varlığının açıq-aşkar dəlilidir. Yer Günəşin ətrafında elə orbitdə fırlanır ki, hər 29 sm-dən bir 2.8 mm içəriyə doğru orbit xəttini əyir. Əgər bu əyilmə 0.3 mm az və ya çox olsaydı, yer üzündəki canlılar ya donaraq, ya da qovurularaq ölərdilər. Kiçik bir topun belə 1mm yolundan çıxmadan eyni orbitdə fırlanması qeyri-mümkündür, nəhəng kütləyə malik Yer kürəsi isə orbitindən çıxmadan hərəkətinə davam edir. “…Allah hər şey üçün bir ölçü təyin etmişdir” (Talaq surəsi, 3) ayəsində bildirildiyi kimi, ətrafımızda gördüyümüz möhtəşəm nizam Allah’ın çox nəhəng sistemləri millimetrdən asılı olan müvazinətlərlə qoruması sayəsində varlığını davam etdirir.

İnsanların bəzisi Allah’ın varlığına inansalar da, Allah’ın hər şeyi yaradıb, sonra öz öhdəsinə buraxdığını, sonra bu nizamın öz-özünə davam etdiyini düşünürlər. Lakin kainatın hər yerində hər an meydana gələn bütün hadisələr uca Rəbbimiz Allah’ın izni ilə, Onun elmi və nəzarəti ilə baş verir.

Hər yerə hakim olan, möhtəşəm sistemi yaradan, onu fasiləsiz qoruyan Allah’dır

 

Siz bu məqaləni oxuyarkən xəbəriniz belə olmadan kainatın hər guşəsində saysız-hesabsız proses baş verir. Bunlardan bir neçəsini sadalayaq:

  • Hər saniyə Yerə 16 milyon ton su enir və həmin miqdarda su yerdən buxarlanaraq havaya qarışır. Buxarlanma sadəcə dəniz və okeanlarda deyil, göllər və çaylarda, bitkilərdə, torpağın səthindəki sularda, hətta yerin dərinliklərində belə baş verir. Siz bu abzası oxuyarkən ən az 2-3 saniyə keçdi və hal-hazırda, Allah’ın izni ilə, 16×3=48 milyon ton su yerə endi və eyni anda bu qədər su buxarlanıb yenidən havaya qarışdı.
  • Hər saniyə təqribən 100 şimşək çaxır. Son bir saatda Yerin müxtəlif bölgələrində 36.000 şimşək Allah’ın nəzarətində çaxdı. Hər şimşək çaxdıqda trilyonlarla ton azot dioksid molekulu hasil olaraq atmosferdəki 78% azot nisbətini qorudu. Torpaq ucu-bucağı olmayan fabrik kimi içində yaşayan trilyonlarla bakteriya ilə fasiləsiz həyata keçirdiyi azot hasilatına hal-hazırda da davam edir.
  • Siz hal-hazırda bu cümləni oxuyarkən Günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma, artıq qalan 4 milyon ton hidrogeni də enerjiyə çevirdi. Bu proses nəticəsində milyonlarla atom bombasının partlayışına bərabər gücdə enerji, işıq və radiasiya əmələ gəldi. Bizə sadəcə xoş istilik və işıq verən Günəş, əslində, qıpqırmızı qaz buludlarından ibarət dərin bir quyudur. Qaynayan səthindən milyonlarla kilometr uzağa fışqıran nəhəng alov girdabları dibdən səthə doğru yüksələn nəhəng burulğanlardan ibarətdir və bir saniyədə sivilizasiyanın başlanğıcından bəri bəşəriyyətin istifadə etdiyindən də artıq miqdarda enerji hasil edir. Biz isə bu enerjinin 2 milyardda 1 hissəsindən istifadə edirik. Saniyələr, saatlar keçir, Günəş fasiləsiz enerji verir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmazdan əvvəl atmosfer və Yerin maqnit sahəsi tərəfindən süzülür. Günəş bizim həyatımız üçün xüsusi yaradılmış işıq mənbəyidir. Allah Quranda bunun hikmətini belə açıqlayır:

 

Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq  meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allah’dır! Daim hərəkət edən Günəşi və Ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 32-34)

 

Unutmaq olmaz ki, bəşəriyyət tarixinin əvvəlindən bu günə qədər milyardlarla insan yaşamışdır. Yəni Allah milyardlarla cüt göz, fərqli barmaq izi, göz toxuması, insan tipi yaratmışdır və əgər istəyərsə, bu insanlardan sonsuz sayda daha artıq yarada bilər. Ayədə belə deyilir: “… O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir”. (Fatir surəsi, 1)

Allah insanın heç bilmədiyi və məhdud ağlı ilə anlaya bilmədiyi bir çox şeyi yaratmağa qadirdir. Dünyada bizə verdiyi ucsuz-bucaqsız hər şeyin xəzinələri uca Rəbbimizin – hər şeyin Yaradanı olan üstün güc sahibi Allah’ın dərgahındadır.

Kainatın hər hissəsi Allah’ın böyüklüyünü əks etdirir. Allah bütün üstün sifətlərin və gözəl isimlərin yeganə sahibidir.  Bu məqalədə bəhs etdiklərimiz isə Allah’ın gözəl isimlərinin kainatda gördüyümüz bir neçə nümunəsidir. Allah’ın elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti, fəzli, ehsanı sonsuzdur. Hər insan isə ağlı və vicdanı ölçüsündə Allah’ın böyüklüyünü qavramaq üçün səy göstərməlidir.

Allahın Varlığı Elmi Cəhətdən Sübut Edilə Bilər” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma