Ağıl doğru düşünməyə səbəb olur


imagesAğıllı insan necə düşünür?

Ağıllı olmaq üçün nə etmək lazımdır?

Zəka ağıllı olmaq üçün niyə kifayət etmir?

Düşünmək insanın ən əsas xüsusiyyətlərindən biridir. Ancaq bir çox insan bu xüsusiyyətini, həqiqətən, hikmətli və faydalı mövzuya sərf etmək əvəzinə özünə və ətrafına heç bir fayda verməyən məsələlərdə istifadə edir. Bəzən saatlarla, hətta günlərlə düşünür, ancaq sərf etdiyi uzun vaxtdan sonra ortaya heç bir nəticə çıxara bilmir. Halbuki, bir insan faydalı işlər düşündüyünü iddia etməsi üçün gördüyü, eşitdiyi, qavradığı və ya fikrindən keçirdiyi məlumatları faydalı nəticələndirməlidir.

Ağıllı olan insanların fərqi burada özünü göstərir. Ağıllı insan ancaq düşünmək üçün deyil, nəticə çıxarmaq, fayda vermək, doğrunu tapmaq və gözəl şeylər hasil etmək üçün düşünür. Düşünəcəyi mövzuları isə ağlı ilə müəyyənləşdirir. Əsla vaxt itkisinə səbəb olan, nəticə verməyən mövzulara dalıb ağlını boş şeylərlə məşğul etməz. Məsələn, boş şübhələrə qapılmaz, şeytanın vəsvəsələrini dinləməz, gələcəyə aid narahat düşüncələrlə vaxtını itirməz.

 Ağıllı insan dünyaya bağlanmaz

 Allah yer üzünü insanların xoşuna gələn bir çox nemətlə bəzəmişdir. Bu nemətlərdən istədikləri kimi istifadə etməkdə sərbəst olduqlarını bildirmişdir. Ancaq bununla yanaşı, bu nemətlər üçün şükür etmələrini və dünyəvi həvəslərlə axirəti unutmamalarını da xatırlatmışdır. Çünki insanların dünyada yaşadıqları həyat əsl həyatları deyil. İnsanların əsl həyatı ölümlə başlayan və əbədiyyən davam edən axirət həyatıdır. Ona görə, axirəti unudub 50-60 illik dünya həyatına bağlanmaq böyük qəflətdir. Axirəti unudan insanlar həm dünyadakı bir çox gözəllikdən, həm də axirət nemətlərindən məhrum olurlar. Dünyaya bağlanan insanlar əsl yaradılış məqsədlərini, Allah qarşısındakı vəzifələrini, ölümü və ölümdən sonrakı həyatı lazımınca dəyərləndirmir və doğru düşünə bilmirlər. Bu, onların çox yanıldığını göstərir, lakin bu insanlar, əslində, yaxşı işlər gördüklərini zənn edirlər.

Bəzi insanlar yanılaraq pul, mal-mülk kimi dəyərlərin, gözəlliyin, şan-şöhrət və etibarın, geridə qalanlara mal və ad-san qoyub getməyin həyatın əsl məqsədi olduğunu düşünərək bütün ömürlərini boş yerə sərf edirlər. İllərlə cəmiyyətin gözündə yaxşı mövqe tutmağın, insanların razılığını qazanmağın yollarını axtarır, ancaq bir an belə onları yaradıb həyat verən, tükənməz ruzi və nemət bəxş edən, hər işlərində onlara kömək edən Rəbbimizə şükür etməli olduqlarını düşünmürlər. Günlərini hamıdan daha varlı olmaq üçün dincəlmədən işləyərək, yeni layihələrin arxasınca qaçaraq keçirir, ancaq bu zənginliyi onlara verənin Allah olduğunu düşünüb Ona qulluq vəzifələrini yerinə yetirməyə vaxt ayırmırlar.

Bu yanlış seçim nəticəsində dünyada insana verilən ən böyük nemətlərdən biri olan ağıldan məhrum olurlar. Bu ağılsızlıqla haqq yoldan azır və axirətdə cənnəti itirib cəhənnəmlə qarşılaşırlar. Allah Quranda dünya həyatına aldananların vəziyyətini belə bildirmişdir:

 O kəslər ki, dinlərini oyun-oyuncaq  etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq! (Əraf surəsi, 51)

 … Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya malı axirət yanında  yalnız cüzi bir şeydir! (Tövbə surəsi, 38)

 … Onlar dünya həyatı ilə sevinirlər. Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)

 İnsanlar həlaka aparan bu ağılsızlıqdan asanlıqla xilas ola bilərlər. Dünya həyatında qarşılaşdıqları hər nemətin Allah’ın bir lütfü kimi onlara verildiyini bilsələr və həyatlarının əsl məqsədinin Allah’ın rizasını qazanmaq olduğunu unutmasalar, Allah’ın izni ilə, ağıllarının qarşısını kəsən maneələr də aradan qalxar. Allah səmimi qullarına belə vəd verir:

 Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

 Quranı çox yaxşı anlayan insan ağıllı olmağın bütün sirlərini tapar

 İnsan Qurandan faydalanmaq, Quranın rəhbərliyi ilə hidayət tapmaq və şüurunu açmaq üçün Quranı layiqincə oxumalıdır. Bir ayədə Allah belə buyurur:

 Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır. (Bəqərə surəsi, 121)

 Quranı layiqincə oxumaq isə səmimi şəkildə, Allah’dan qorxub-çəkinərək və ayələrə möhkəm sarılaraq olar. Quran ayələrini yuxarıdakı ayədə tərif edildiyi kimi layiqincə oxuyanlar Quranda yazılan hər hökmə təslim olur, Allah’ın əmr və tövsiyələrini dəqiqliklə yerinə yetirməyə qəti qərar verirlər.

Quranda Allah insanları müəyyən mövzular üzərində düşünməyə təşviq edir. Bu mövzulardan ən başlıcası isə özü də daxil olmaqla, tanıdığı, gördüyü, bildiyi hər şeyi yaradan Allah’ın böyüklüyünü düşünməkdir. Ağıllı insan həyatının hər anında Allah’ın zaman və məkandan asılı olmadığını, varlığının hər şeyi əhatə etdiyini, bütün varlıqların Ona möhtac olduğunu, Onun isə heç nəyə ehtiyacı olmadığını, kainatın hakimi və sahibi olduğunu, hər an, hər saniyə bütün insanlara nəzarət etdiyini, onların fikrindən keçən və ya dedikləri hər sözü bildiyini, etdikləri hər hərəkəti gördüyünü, əzəli və əbədi biliyin Onun dərgahında olduğunu yadından çıxartmaz.

İnsanın qəlbini və ağlını örtən şeylər eqoist istəklərdir. Gələcək qorxusu, kasıblaşmaq, əlində olan hər şeyi itirmək, xəstələnmək qorxusu və buna bənzər qorxular, dünyəvi istəklər insanın ağlını örtür. İnsan bu duyğuların əsiri olur və ağlını yönəltməli olduğu əsl mövzuları görmür. Halbuki, insan ən çox Allah’ın böyüklüyü və yaratmasının mükəmməlliyi üzərində düşünməlidir. İnsan Allah’ın nemətlərini anmaq, Onu tərif edib şanını ucaltmaq və Ona ibadət etməklə məsuldur. Ancaq örtülü şüurla bunları edə bilməz.

Ağıl sahibləri Allah’ı tanıyan və Ona itaət edən, yəni dünyəvi istəklərdən, qorxulardan təmizlənmiş şəxslərdir. Eyni zamanda, öyüd-nəsihət qəbul edən insanlardır. Ona görə, Allah onları “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar…” (Zumər surəsi, 18) ayəsi ilə tərif edir.

 Allah qorxusu ağılın mənbəyidir. Bir insan çox zəkalı ola bilər, ancaq Allah qorxusu olmadıqda ağılsız olur

 Ağıllı insan ən çox Allah’ın sevgisini və rizasını necə qazanmağı düşünür. Çünki bu insan dünyadakı hər kəsdən və hər şeydən çox onu yaradan Allah qarşısında məsul olduğunu bilir. Yaşadığı hər an, qarşılaşdığı hər hadisədə onu Allah’a yaxınlaşdıran ən gözəl davranışın nə olduğunu düşünər. Ağlını daima xeyirli işlər görmək üçün işlədər, ətrafındakı insanlarla gözəl rəftar etməyə, ən gözəl sözü söyləməyə və Allah’ın istədiyi kimi ən gözəl əxlaqla yaşamağa cəhd göstərər. Quranda bildirilən əmr və qadağalara dəqiqliklə əməl edərək Allah’ın ən çox sevdiyi qullarından olmaq üçün əlindən gələni edər. Quranda ağılla düşünən bu insanların Rəbbimizin böyüklüyünü qavrayaraq ən doğru yolu tapdıqları belə xəbər verilmişdir:

 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

 Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allah’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

 Bu cür faydalı mövzular üzərində düşünmək insanın ağlının daha da artmasına və beləliklə, çox doğru davranmasına səbəb olur. Ağılla hərəkət edən insan dünyada və axirətdə böyük qazanc əldə etdiyi kimi, ətrafındakı insanları da həmişə doğru olanı etməyə təşviq edir.

Quranda nəzərdə tutulan ağıl mənəvi xüsusiyyətdir. Quranda bir çox ayədə “başa düşən qəlblərdən” bəhs edilir. Ona görə, əsl ağıl beyinin bir funksiyası olan zəkadan çox fərqlidir. Ağıl və vicdan qəlbdə olur. Quran ayələrində ağılın qəlbdə olduğu və ağılsızların qəlbləri kor olduğuna görə anlamadıqları açıq-aşkar ifadə edilir. Ayədə belə buyurulur:

 Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar. (Həcc surəsi, 46)

Ağıl doğru düşünməyə səbəb olur” üzərinə bir şərh

  1. her seye gore sagolun bu meqaleleri men goz yawiyla oxuyuram zaman cox tez kecir hele oyrenmediyim anlamadigim cox wey var cox sixliram yaxwiki bu yazilari oxudum size tewekkurmu bildirirem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma