Uca Allahın rəng sənətinin ən gözəl təcəllilərindən biri: qızılqazlar


imagesQızılqazların çəhrayı rəngi nədən qaynaqlanır?

Töküldükdə belə tüklər rəngini necə qoruyur?

Bəzi qızılqazların daha parlaq rəngdə olmasının səbəbi nədir?

Parlaq rəngləri ilə diqqət çəkən qızılqazlar uca Allah’ın rəng sənətinin ən gözəl nümunələrindən biridir. Bu quşlardakı zəngin rəng müxtəlifliyi tüklərinin içində yerləşən, tük əmələ gəlməyə başladıqda toplanan piqmentlərdən və ya tüklərin quruluşu ilə əlaqədar işıq hərəkətlərindən asılı olaraq meydana gəlir. Bu rəngarəng tüklərin ən əsas xüsusiyyətlərindən biri cansız olmalarıdır.

Bir tükün cansız olması qopan tükün rəngini qorumasının əsl səbəbidir. Keratin maddəsindən təşkil olunmuş tüklər xarici amillərin təsiri ilə qısa müddətdə xarab olduqlarına görə, müəyyən vaxtlarda yenilənirlər. Ancaq quşlar hər dəfə rəngarəng tüklərinə yenidən qovuşurlar. Çünki quşların tükləri lazımi uzunluğu, rəngi və naxışları əmələ gələnə qədər inkişaf edirlər.

Qızılqazların rəngi necə əmələ gəlir?

Tüklər fərqli quruluşlarda olduğuna görə, eynilə şüşə prizma kimi işığı müxtəlif rənglərdə əks etdirirlər. İşığın sınması ilə meydana gələn rənglər piqmentlə rənglənmiş tüklərdən daha canlı və metallik olurlar. Bu tüklərin rəngləri mavidən yaşıla, narıncıdan qırmızıya qədər dəyişir.

Quşlardakı yaşıl, mavi və metallik rənglər, əsasən, işığın əks olunması və sınması nəticəsində əmələ gəlir. Ancaq bəzi rənglər piqmentlərdən qaynaqlanır. Bunlar qara, qəhvəyi və ya donuq sarı rəng verən melanin piqmenti, qırmızı, sarı və narıncı rəng verən karotinoid piqmentidir. Karotinoidlər portağal, pomidor və yerkökü kimi qidalarda, bir çox çiçəkdə, bakteriyalarda, göbələklərdə və yosunlarda var. Dəniz yosunundan ildə təxminən 100 milyon ton karotinoid əldə edilir. Bəzi heyvanlar rənglərini karotinoidlərdən alır. Xüsusilə quşların (sarı və qırmızı tüklü quşlar), balıqların (dabanbalığı və qızılbalıq) və bir çox onurğasız heyvanın rəngi karotinoid-zülal birləşməsinə görə mavi, yaşıl və çəhrayı olur.

Qızılqazların qırmızımtıl-çəhrayı rəngi də karotinoidlərdən qaynaqlanır. Qızılqazın parlaq çəhrayı rənginin səbəbi qidasıdır. Daha çox karotinoid tərkibli qida yedikdə tükləri daha parlaq və tünd çəhrayı rəng alır. Qızılqazların insana zövq verən gözəl rənglərinin mənbəyi məhz budur. Bütün aləmlərin Rəbbi olan uca Allah qızılqazlarda yaratdığı bənzərsiz rəng sənəti ilə bizə Özünü tanıdır və yaratdığı xüsusi sistemlərlə bu canlıların rənglərini qorumasını təmin edir:

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar. (Həcc surəsi, 46)

Qızılqazların rəngi necə qorunur?

Qızılqazların rənglərinin əmələ gəlməsinə və qorunmasına yedikləri krevetka və su yosunları təsir edir. Mavi-yaşıl yosunlar adlarından fərqli olaraq qırmızı, bənövşəyi, qəhvəyi, sarı, hətta narıncı rənglərdə olurlar. Qızılqazlar bu kiçik yosun və krevetkaları uca Allah’ın onlara bəxş etdiyi dimdikləri ilə asanlıqla tutub yeyirlər. Çünki dimdik suyun içindəki qabıqlı canlıları və yosunları süzərək yeməyə uyğun yaradılmışdır. Üst və alt çənələrdə və dildə keratin lövhələr yerləşir. Üst dimdik alt dimdikdən kiçikdir və üstündə qapaq kimi oturur. Dimdik bağlandıqda hər tərəfdə bərabər aralıq saxlayaraq filtr xüsusiyyəti daşıyır. Qızılqazlar bu dimdik quruluşu ilə yemlərini balina və dəniz ilbizi kimi süzgəcdən süzürlər. Dimdiklərində sıra ilə yerləşmiş lövhələr yemin suyunu süzür. Kiçik qızılqazlarda bu lövhələrin  qalınlığı təqribən 0.05 mm olub təkhüceyrəli bitkiləri belə süzür. Şübhəsiz ki, qızılqaz balalarının təkhüceyrəliləri yemək üçün dimdik quruluşuna malik olmaları uca Rəbbimizin balalar üzərindəki şəfqət və mərhəmətinin təcəllisidir. Çünki sürətlə böyüməli olan bala hər qidadan faydalanmalıdır. Bundan əlavə, qızılqazların dilləri də suyu saniyədə dörd dəfə dimdiyindən keçirən nasos kimi işləyərək bu canlının suyu süzüb qidanı yeməsinə uyğun yaradılmışdır. Uca Rəbbimiz sonsuz elmi ilə kainatı və içindəki hər təfərrüatı yoxdan yaratmışdır. Qızılqazların bu xüsusiyyəti də hər şeyi uca Allah’ın yaratdığını sübut edir. Bu həqiqət bir ayədə belə xəbər verilmişdir:

Allah hər heyvanı sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur surəsi, 45)

Qızılqazların nəslinin davam etməsində tüklərinin rəngi mühüm rol oynayır

Quşların rənglərinin yaşadıqları mühitə uyğunlaşma, günəş şüalarından istilik toplama və zərərli ultrabənövşəyi şüaların orqanizmə daxil olmasının qarşısını alma kimi xüsusiyyətləri var. Bundan əlavə, qarşı cinslərin bir-birini tanıması və cəlb etməsində də mühüm rol oynayır. Quşların cütləşmək üçün qarşı cinsi cəlb edərkən ifraz etdikləri hormonlar tüklərinin formasının və rənglərinin fərqli olmasına səbəb olur. Bu yaradılış xüsusiyyəti qızılqazların rənginin cütləşmə dövründə daha da tündləşməsini təmin edir.

İspan elm adamlarının “Behavioral Ecology and Sociobiology” adlı jurnalda dərc olunan tədqiqatına əsasən, quşların quyruqlarının yanındakı vəzdən karotinoid piqmenti ifraz olunur. Quş cütləşmək üçün yaxınlaşdıqda yanaqlarını bu vəzə sürtür və piqmenti boynuna, sinəsinə və arxa tüklərinə sürtərək sanki makiyaj edir və çəhrayılığını artırır. Bunu çox edərsə, tüklərinin rəngi daha uzun müddət tünd çəhrayı rəngini qoruyar. Qarşı cinsi tapdıqda isə makiyaj edərək tüklərinin rəngini tündləşdirməyi dayandırır. Çünki bu proses çox vaxt və enerji tələb edir.

Qızılqazların rəngləri uca Allah’ın Müzəyyin (bəzəyən) isminin təcəllisidir

Canlılardakı təfərrüatlı və ahəngdar sistemin təsadüfən meydana gəldiyini iddia etmək olmaz. Bu ahəngdarlığı ən mükəmməl şəkildə canlıların orqanizmində və yaşadıqları mühitdə yerləşdirən bir iradə və qüvvə mütləq var. Bu gücün sahibi üstün biliyi ilə həm mühiti, həm canlını, həm də malik olduğu sistemləri əhatə edən uca Allah’dır. Bu fakt qızılqazların rənglərinin təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu bir daha sübut edir. Çünki quş bu rəngi əldə etmək üçün heç bir səy göstərmir. O, ancaq uca Allah’ın ilham etdiyi hərəkətləri edərək həyatını davam etdirir, qidalanır, nəslini artırır. Ona görə, tüklərinin rəngini, formasını və bu rəngi əldə etmək üçün nə etməli olduğunu bilmir.

Uca Allah yoxdan yaratma elmini qullarına bir daha göstərmək, yaratdığı sistemlərdəki üstün ağıl tələb edən təfərrüatları xatırlatmaq və dünyanı müxtəlif rəng və formalarla bəzəyərək bəxş etdiyi gözəllikləri göstərmək üçün qızılqazlar üzərində təcəlli edir. Allah üstün qüvvət sahibi olan yaradanımızdır.

Quranda bu həqiqət belə xəbər verilir:

Məgər Allah’ın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla müxtəlif rəngli meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allah’dan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 27-28)

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

Qızılqazların həyat tərzlərinə uyğun yaradılmış uzun nazik qıçları, pərdəli ayaqları, qidalanmalarına kömək edən dimdikləri, möhtəşəm çalarlara malik çəhrayı tükləri uca Allah’ın “Bədi” (yoxdan yaradan) isminin ən gözəl təcəllilərindəndir.

Qızılqazlarda uca Allah’ın üstün yaratmasının bir çox təcəllisi var

Qızılqazlar yumurtalarını palçıqdan tikilmiş çanaq formalı hündür yuvalara qoyurlar. Koloniya şəklində kürt yatırlar. İldə ancaq bir dəfə, əsasən, bir ədəd yumurtlayırlar. Növbəli şəkildə həm erkək, həm dişi qızılqaz kürt yatır və balanın qayğısına qalır.

Bala qızılqazlar yumurtadan çıxdıqdan sonra böyük dəstələr halında yaşayırlar. Bala qızılqaza ancaq onu səsindən tanıyan valideynləri qida verir. Ana və ata qızılqazın hər ikisinin boğazında çox qidalı parlaq qırmızı rəngli süd ifraz olunur. Balalar ilk iki ayda bu südlə qidalanırlar.

Qızılqazlar tək ayaq üstündə yatır və bədənlərinin bir tərəfi yuxulayarkən digər tərəfi yırtıcılara qarşı ayıq-sayıq olur.

Digər heyvanların su içə bilmədiyi qədər duzlu və sodalı, heç nəyin bitmədiyi və yaşamaq üçün əlverişsiz göllərdə yaşayırlar.

Gözəl rəngləri və uzun boyları ilə diqqət çəkən qızılqazlar, eyni zamanda, yaxşı üzgüçüdürlər. Qızılqazların pərdəli ayaqları üzmələrinə kömək edir. Pərdəli ayaqların yastı, enli olması qızılqazların yumşaq palçığın üzərində belə batmadan asanlıqla yeriməsini təmin edir. Bundan əlavə, barmaqların arasındakı pərdələr quşun suyu itələməsi üçün ayaq səthini genişləndirir.

Gördüyümüz kimi, qızılqazları yaşamaq və nəsillərini davam etdirmək üçün bütün lazımi sistemlərlə birlikdə uca Allah yaratmışdır.

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır! Sizin yaradılışınızda və (Allah’ın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Uca Allahın rəng sənətinin ən gözəl təcəllilərindən biri: qızılqazlar” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma