İslamı təbliğ etmə şövqü insanı ruhlandırır


imagesMöminlər nə üçün şövqlə İslamı təbliğ etmək istəyirlər?

Möminlərin şövqünün daimi olmasının səbəbi nədir?

Allah möminlər arasında insanları yaxşılığa, xeyirə çağıran camaat olmasını əmr etmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Əməlisaleh müsəlmanlar Allah’ın bu ayəsinə əsasən, insanlara Quran əxlaqını və bu əxlaqa uyğun olmayan həyatın yanlışlığını izah etməyə və onları Allah’ın dininə yönəltməyə çalışırlar. Özləri dinə uyğun gözəl əxlaqla yaşadıqlarına və bunun insanlara necə rahat həyat qazandırdığını bildiklərinə görə, insanların da belə rahat və gözəl yaşamasını istəyirlər. Habelə, cəhənnəmin nə qədər qəti həqiqət olduğunu dərk etdikləri üçün bütün insanların Allah’ın razı qaldığı həyatı yaşayaraq cəhənnəmdəki sonsuz əzabdan qorunmalarını istəyirlər.

Onlar üçün bircə insanın belə doğrunu görməsi çox vacibdir. Çünki bu insanın dünyadakı əməllərinin qarşılığı olaraq cənnət və ya cəhənnəm həyatı var. Ona görə, bircə insanın belə cəhənnəmdən xilas olub Allah’ın rəhmətinə qovuşması üçün hər cür fədakarlıqdan keçirlər. Lazım gəldikdə aylarını, illərini, gecə-gündüz bu insanın din əxlaqına yönəlməsi üçün sərf edərlər. Eyni şəkildə, bircə insanın axirəti üçün bütün maddi imkanlarını böyük şövq və istəklə xərcləyərlər. Bu şövqləri onlara həm fiziki, həm də mənəvi güc qazandırır. Həyatlarının sonuna qədər Allah’ın dinini ən gözəl şəkildə, hikmətlə təbliğ edərlər. Ancaq bunu da qeyd etmək lazımdır ki, bütün bu səylərinə baxmayaraq, bircə nəfər də hidayət tapmasa, möminlər yenə də şövqlə təbliğlərinə davam edərlər. Çünki onların məsuliyyəti ancaq din əxlaqını təbliğ etməkdir. İnsanlara hidayət verən Allah’dır. Quranda Peyğəmbərimizin (s.ə.v) ixlaslı cəhdinə baxmayaraq, Məkkə müşriklərindən çoxunun iman gətirmədiyi və Allah’ın “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!” (Qəsəs surəsi, 56) ayəsi ilə Peyğəmbərimizə (s.ə.v) bunu xatırlatdığı bildirilir.

Möminlərin şövqü “mənfəətə bağlı şövq” anlayışından çox fərqlidir

İman gətirənlərin şövqü Allah’a olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar din əxlaqı ilə yaşamayan insanlar kimi dünyanı deyil, özlərini yoxdan yaradan, ruzi verən, yaşadan, sonsuz mərhəmət və şəfqət sahibi Allah’ı sevirlər.

Bunun ən əsas səbəbi isə möminlərin hadisələri açıq şüurla dəyərləndirməsidir. Onlara həyat verənin, hər an yer üzündəki  bütün canlı və cansız varlıqları qoruyanın Allah olduğunu və Ondan başqa bütün varlıqların Ona möhtac olduğunu dərk edirlər.

Allah’a sevgi və bağlılıqlarının nəticəsi olaraq həyatları boyu Allah’ı razı etmək üçün səy göstərirlər. Allah’ın razılığını qazanmaq istəyi möminlərin ən əsas şövq və sevinc mənbəyidir. Allah’ın rizasını qazanmaq və Allah’ın möminlər üçün hazırladığı cənnətə qovuşmaq arzusu onlara tükənməz mənəvi güc, şövq və sevinc qazandırır.

Din əxlaqı ilə yaşamayan insanlar isə şəxsi mənfəətləri olduqda çox şövqlü olurlar. Ancaq mənfəətlərinə zidd vəziyyət meydana gəldikdə şövqlərini tamamilə itirirlər. Allah’a və axirətə səmimi iman gətirmədiklərinə görə, belə anlarda dinin bir çox hökmünü unudurlar. Allah’ın dünya həyatını imtahan mühiti kimi yaratdığını, insanı xeyir və şər kimi görünən hadisələrlə sınayacağını və ancaq səbir edənləri mükafatlandıracağını düşünmürlər. Qəlblərində xəstəlik olduğuna görə (Allah’ı tənzih edirik), Allah’ın köməyindən şübhəyə düşürlər. Allah’a güvənmək əvəzinə ümidsizliyə və Allah haqqında şübhələrə qapılırlar. Beləliklə, qəlblərində gizlətməyə çalışdıqları xəstəlik danışıqlarına əks olunur. Quranda bu insanların belə vəziyyətlərdə şövqlərini bir anda itirib Allah’ın vədindən şübhəyə düşmələrinə belə misal çəkilmişdir:

O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir”, – deyirdilər. (Əhzab surəsi, 12)

Əlbəttə, bu davranış qəlblərindəki imanın sağlam olmamasından qaynaqlanır. Bu insanlar qarşılaşdıqları hər şeyin imtahan olaraq yaradıldığını və imtahana göstərdikləri reaksiya ilə iman gətirənlərlə qəlblərində xəstəlik olanların ayırd edildiyini dərk etmirlər. Qəlbdən iman gətirmiş möminlər isə hər şəraitdə Allah’a tam yəqinliklə iman gətirdiklərinə və Allah’ın köməyinin çox yaxın olduğunu bildiklərinə görə rahat və şövqlüdürlər.

Möminin şövqünün mənbəyi nədir?

Möminlər yalnız Allah’a və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Yuxarıdakı ayədə də xəbər verildiyi kimi, Allah Quranda möminləri iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşmədən Allah yolunda malları və canları ilə cəhd edənlər kimi tərif edir.  Möminlərin bu xüsusiyyəti, şübhəsiz ki, onların qəlbindəki şövqü üzə çıxarır. Çünki bütün maneələrə baxmayaraq, bir ömür boyu, heç bir şübhəyə düşmədən inandıqları dəyərlər uğrunda cəhd etmələri ancaq imanın qazandırdığı şövqlə mümkündür.

Möminlərin şövqünü bu qədər ayaqda tutan başqa səbəb də onların “…Ona (Allah’a) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allah’ın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (Əraf surəsi, 56) ayəsində bildirildiyi kimi, həyatlarının sonuna qədər qorxu və ümid arasında yaşamalarıdır. Qorxu və ümid arasında yaşamaq budur: iman gətirənlər Allah’ın onlardan razı olub-olmadığına və cənnətə layiq əxlaqla davranıb-davranmadıqlarına heç vaxt tam əmin olmazlar. Odur ki, məhşər günündə Allah’ın əzabı ilə qarşılaşmaqdan çəkinir və daima əxlaqlarını gözəlləşdirmək üçün səy göstərirlər. Eyni zamanda, Allah’ın rizasını, sevgisini qazanmaq üçün əllərindən gələni etdiklərini vicdanən bilirlər. Ona görə də sonsuz mərhəmət sahibi olan Allah’ın rəhmətinə və cənnətinə qovuşacaqlarına ümid bəsləyirlər. Bu iki hissi, yəni qorxu və ümidi eyni anda keçirdiklərinə görə, heç vaxt etdikləri saleh əməlləri kafi hesab etməz, özlərini xətalardan, nöqsanlardan uzaq görməzlər. “…Rəblərindən qorxur və pis haqq-hesabdan çəkinirlər” (Rad surəsi, 21) ayəsi ilə də bildirildiyi kimi, hər an Allah’ın əzabından çəkinirlər. Allah’ın dininə şövqlə sarılır, ciddi səy göstərirlər. Allah qorxusu onları ümidsizliyə və ya tənbəlliyə qapılmaqdan qəti çəkindirir və şövqlərini daima qaldırır. Allah’ın iman gətirib yaxşı işlər görənləri cənnətlə müjdələdiyini bilmək də onları hərəkətə gətirir və ruhlandırır. Bu tükənməz şövqlərinin əvəzində Allah’ın inananlara vəd verdiyi müjdə belədir:

Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır. (Əhzab surəsi, 47)

Möminlər ibadətlərində də şövqlü və qətiyyətlidirlər

İmanlı insan ibadətlərini diqqətlə, cidd-cəhdlə və şövqlə yerinə yetirməsi ilə özünü bəlli edir. Uca Rəbbimiz Allah’ın fərz etdiyi beş vaxt namaz, dəstəmaz və oruc kimi bütün ibadətlərini həyatı boyu şövqlə davam etdirir. İbn Ömərdən (r.ə) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

İslamın bünövrəsi beş təməl üzərində qoyulub: Allah’dan başqa ilah olmadığına və Muhəmmədin (s.ə.v) Allah’ın Rəsulu olduğuna şahidlik etmək, namazı doğru qılmaq, zəkatı layiqincə vermək, Allah’ın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq. (Buharî, Îman 1, 2, Tefsîru sûre(2) 30; Müslim, Îman 19-22. Ayrıca bk. Tirmizî, Îman 3; Nesaî, Îman 13)

Möminlərin şövqü din əxlaqı ilə yaşamayan insanların şövq anlayışından fərqlidir. Onların müvəqqəti şövqündən fərqli olaraq möminlərinki Allah inancına əsaslanan daimi coşqunluqdur.

Quranda bütün peyğəmbərlərin böyük şövqlə təbliğ etdiklərinə diqqət çəkilmişdir

Peyğəmbərlərin hər biri insanlara təbliğ edərkən müxtəlif çətinliklərlə qarşılaşdıqları halda, əsla ümidsizliyə düşməyiblər. Əksinə, qövmlərinə doğrunu göstərmək üçün hər yola əl atıblar. Quranda hz. Nuhun (ə.s) bu ixlaslı cəhdinə belə diqqət çəkilmişdir:

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”. Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!” (Nuh surəsi, 5-10)

Ayələrdə bildirildiyi kimi, hz. Nuh (ə.s) qövmünün qəlbini imana isindirmək üçün şövqlə din əxlaqını təbliğ etmişdir. Gecə-gündüz Allah’ın böyüklüyündən bəhs etmişdir. Onlar isə hər dəfə haqqı eşitdikdə inadkarlıqla təbliğdən üz çevirmişlər. Hz. Nuh (ə.s) Allah’ın əmrini yerinə yetirməkdə və din əxlaqını təbliğ etməkdə şövqlü olduğuna görə, onların bu davranışından təsirlənməmiş, qətiyyətlə vəzifəsinə davam etmişdir. Təkəbbürlərinə baxmayaraq, onlara imanı sevdirməyin yollarını axtarmışdır. Bəzən açıq-aşkar, bəzən gizli yollarla Allah’ın varlığından bəhs edərək onları din əxlaqından uzaq sistemdən xilas etmək istəmişdir. Ancaq unutmaq olmaz ki, hz. Nuh (ə.s) və onun kimi böyük şövq və ixlasla Allah’ın dinini təbliğ edənlər sərf etdikləri hər sözün, hər cəhdin mükafatını – Allah’ın izni ilə – ən gözəl şəkildə alacaqlar. Çünki Allah “Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah’ın hüdudlarını qoruyan möminləri müjdələ” (Tövbə surəsi, 112) ayəsində də bildirdiyi kimi, insanlara yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirənləri rəhməti ilə müjdələmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma