Din Xurafata Deyil, Qurana Əsaslanır


  • Xurafata əsaslanan din anlayışının kökündə nə dayanır?1074270_431277103653651_17549525_o
  • Bu yanlış din anlayışından uzaq olmaq üçün nə etmək lazımdır?
  • Quran ayələrini şərh edərkən edilən ən böyük səhvlər nələrdir?                                     

İnsan Qurana pis niyyətlə və birtərəfli yanaşdıqda onu anlaya bilməz. Bu, Allah’ın qanunudur. Bir insan nə qədər zəkalı və mədəni olsa da, qeyri-səmimi və pis niyyətlə Quranı dəyərləndirdikdə onu lazımınca anlaya bilməz, doğru şərh edə bilməz və ziddiyyətə düşər. Ona görə, Qurana ön mühakimə ilə yanaşan insanın bu pis niyyətli münasibəti onunla Quran arasında – ayələrdə bildirildiyi kimi – görünməz pərdə çəkər. Bu da Quranı anlayıb qavramasına mane olar. Bu həqiqət “İsra” surəsindəki ayələrdə belə xəbər verilir:

Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz pərdə çəkdik. (Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. (İsra surəsi, 45-46)

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq

Qurandakı hökmlər iman gətirənlərin asanlıqla anlayacağı və tətbiq edəcəyi şəkildə açıq və sadə üslubla bildirilmişdir. Bunlara möhkəm ayələr deyilir. Möhkəm ayələr Quranda bildirildiyi kimi, kitabın anası, yəni təməlidir. Möhkəm ayələrdən başqa Quranın mütəşabih ayələri də var. Mütəşabih ayələr müxtəlif təşbeh və bənzətməli mənaları olan ayələrdir. Mütəşabih ayələr Quran haqqında məlumatı olmayan və ya pisniyyətli insanlar tərəfindən tamamilə təhrif edilərək fərqli mənalarda şərh edilə bilər. Bu, Quranda belə bildirilmişdir:

Sənə Kitabı nazil edən Odur. Onun  bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki, onların yozumunu Allah’dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali-İmran surəsi, 7)

Mütəşabih ayələrin mənaları Allah dərgahında bəllidir. Tarix boyu Qurandakı mütəşabih ayələri müxtəlif pis məqsədlərə görə şərh edən azğın insanlar, məzhəblər və cərəyanlar olmuşdur. Bunun fitnə olduğu və ancaq qəlblərində əyrilik olanların, yəni doğru yoldan azan, imandan çıxan insanların bu yola əl atdığı ayədə xəbər verilmişdir. Allah istədiyinə bu ayələrin şərhi ilə bağlı elm verə bilər. Ancaq iman gətirənlər ayələrin hamısına inanırlar, qəlblərində əyrilik olan və fitnə çıxaranlar kimi ayələri azğınlıqla yanlış şərh etmirlər.

Qurana və sünnəyə uyğun olmayan xurafat və bidətlərlə Quranı şərh etməyə çalışmaq

Bəzi insanların ən böyük səhvlərindən biri Quranda və Peyğəmbərimizin (s.ə.v) sünnəsində heç yeri olmayan, dinin adından uydurulmuş bəzi yalan sözlərlə, bidət və xurafatla Quranı şərh etməyə çalışmalarıdır. Bu insanlar, əslində, Qurana deyil, batil inanclara tabe olur, Quranı da bu batil inanclarına uyğunlaşdırmağa çalışırlar. Bu cür insanların məntiqi Quranda belə bildirilmişdir:

Onlara: “Allah’ın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

Bu yanlış şərh etmə Quranda bildirilən əxlaqdan tamamilə fərqli, zidd əxlaq ortaya çıxarır. İslam adından ortaya atılan bu modelin Peyğəmbərimizin (s.ə.v) tətbiq etdiyi, Quranda bildirilən din, əxlaq anlayışı və həyat tərzi ilə heç bir əlaqəsi yoxdur.

Bu insanlar Qurana heç uyğun olmayan, Peyğəmbərimizin (s.ə.v) sünnəsinə və Qurana zidd fikirlər, şərhlər və hökmlərin mənbəyi kimi Quranı göstərməyə çalışırlar. Ancaq bu əsassız iddialara heç bir məntiqli açıqlama verə bilmirlər. Bəzi izahlarının isə nə qədər məntiqsiz və gülünc olduğunu hər şüurlu şəxs asanlıqla görər.

Bilmədikləri halda, ayələri şərh edərək insanları azdırmağa çalışan, uca Rəbbimiz Allah’ın ayələrini qavrama qabiliyyətindən uzaq insanların vəziyyəti Quranda belə xəbər verilmişdir:

İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan Allah yolundan sapdırmaq və məsxərəyə qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq varmış kimi təkəbbürlə arxasını çevirər. Sən də ona şiddətli bir əzabla müjdə ver! (Rum surəsi, 6-7)

Quran ilahi kitab olduğuna görə, əlbəttə, digər kitablara bənzəmir və onlarla müqayisə edilə bilməz. Quranın özünəməxsus üslubu var. Quranı, xüsusilə də Quranın mütəşabih ayələrini – düzgün şərh etmək üçün, eyni zamanda, Quranın ümumi üslubunu lazımınca qavramaq lazımdır. Quranın üslubuna uyğun düşüncə tərzinə malik olmaq Allah’ın Quranla bildirdiyi müxtəlif elmləri anlamağın əsas şərtidir.

Quranı şərh edə bilməmək

Quran insanlar üçün hər cür lazımi məlumatı ehtiva edən möcüzəvi kitabdır. Bu isə Qurandakı sonsuz ilahi hikmətdən qaynaqlanır. Müəyyən saylı ayələrdə hüdudsuz elm üstün hikmətlə yerləşdirilmişdir. Ayələrin içində zahiri, batini, iç-içə və qat-qat bir çox məna olduğu kimi, ayələrin bir-birləri ilə arasındakı əlaqələrdən də bir çox mənalar çıxır. Bəzən bircə ayənin açıqlaması belə bir kitabın mövzusu ola bilər. Ona görə, Quranı şərh etmək üçün hər şeydən əvvəl Qurana bütövlükdə yiyələnmək şərtdir.

Ayələri doğru şərh etmək, əsl mənanı anlamaq üçün Qurana bütövlükdə yiyələnməklə yanaşı, İslam alimlərinin metodlarını da bilmək lazımdır.

Bu metodlardan ən əsası bir ayəni Quranda olduğu yerə əsasən dəyərləndirməkdir. Quranda çox vaxt bir ayənin mənası o ayədə izah edilən mövzunun bütövlüyündən başa düşülür. Ayənin davamındakı ayələr o ayədəki mənanın tam başa düşülməsinə kömək edir. Bu, İslam ədəbiyyatında ayənin “siyaq və sibaqı”, yəni “gəlişi və gedişi” adlandırılır. Ona görə, bir çox ayəni olduğu yerdən ayıraraq, əvvəlini və sonunu nəzərə almadan ancaq içindəki sözlərə görə şərh etməyə çalışmaq çox yanlış mənalar çıxmasına səbəb olur.

Bir çox dövrdə bəzən cahilliklə, bəzən qəsdən ayələrin bu cür yanlış təfsir edilməsi Quranın səhv başa düşülməsinə və Qurana pisniyyətli insanlar tərəfindən müxtəlif böhtanlar atılmasına səbəb olmuşdur.

Ayələrdəki sözlərin mənalarını da ayələri əsas götürərək anlamağa çalışmaq lazımdır

Bir çox söz Quranda xüsusi mənada işlədilir. Quranın müəyyən hissəsindəki ifadənin hansı mənada işləndiyi çox vaxt həmin ifadənin Quranın başqa hissəsində istifadə edilmə formasından başa düşülür. Bəzən bir sözün birdən çox mənası ola bilər. Belə sözün işləndiyi ayədə hansı mənanı verdiyi o sözün Quranın başqa yerlərində hansı mənada işləndiyindən başa düşülür. Lüğəti açıb Quranda gördüyü hər sözün ilk mənasını əsas götürmək çox yanlış, hətta bəzən tamamilə zidd məna və şərhlərə səbəb ola bilər. Buradan da məlum olur ki, Quran öz-özünü açıqlayan kitabdır. Bir ayənin təfsiri bəzən başqa ayənin və ayələrin mənalarında gizlənə bilər.

Ayələri doğru şərh etməyin əsas şərtlərindən biri də Quranın məğzini qavramaqdır

Quranın məğzini qavramaq üçün Qurana bütövlükdə yiyələnmək lazımdır. Allah’ın sonsuz mərhəmət, şəfqət və ədalətinin Quranın bir çox ayəsindəki təcəllisi görülüb başa düşülməli və Quran bu düşüncə tərzinə əsasən dəyərləndirilməlidir.

Müsəlmanların şəxsi şərh və fikirlərinə görə Qurandan hökm çıxarmaması da çox mühüm məsələdir. Əməlisaleh müsəlman bu məsələdə böyük İslam alimlərinin şərhlərinə tabe olmalı, onların təfsirlərində verdiyi açıqlamaları əsas götürməlidir.

Möminlərin Quranı anlamasındakı ən əsas xüsusiyyətləri vicdanları və səmimiyyətləridir

Quran bütün bəşəriyyəti doğru yola çağıran dəvətdir, ancaq Quranı sadəcə iman gətirənlər lazımınca qavraya bilərlər. Möminlərdən fərqli xarakterə malik, din əxlaqından uzaq insanların Quranı anlamaması olduqca normaldır.

Quran çox açıq və sadə dildədir, ancaq səmimi və vicdanlı insanların anlayacağı xüsusiyyətə malik kitabdır. Hələ İslamla tanış olmamış, iman gətirməmiş hər hansı insan səmimi şəkildə, ön mühakiməsiz Qurana yanaşdıqda bu mömin vəsflərinə görə Quranın uca Allah’ın sözü olduğunu vicdanı ilə anlar. Çünki istər üslubundakı heybət, mükəmməllik və sadəlik, istərsə də üstün elm və hikmətlə Quranın insan sözü olmadığını, ilahi kitab olduğunu hər vicdanlı şəxs qəbul edər. Bu vicdanlı insan iman gətirib hörmət və səmimiyyətlə yanaşdığı təqdirdə Quranın hikmətli mənaları, Allah’ın izni ilə, ona açılmağa başlayar.

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr surəsi, 9) ayəsi ilə bildirildiyi kimi, Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər çox rahatdırlar. Quran insanın  hər hökmündən, hər əmrindən qəti əmin olduğu, qəlbində və vicdanında heç bir şübhə olmadan tabe olacağı haqq kitabdır. İnsanların bu cür əmin yolgöstərəninin olması çox böyük nemət və Allah qatından verilmiş rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayədə belə xəbər verir:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma