Elm Tarixinin Ən Böyük Saxtakarlığı: Təkamül Nəzəriyyəsi


Elm tarixi həmişə müxtəlif saxtakarlıqlara şahid olub. Kəşf etdiyi dərmanla şikəstləri yeridəcəyini, keçəllərə saç 58305_436220546414786_1847592186_n

bitirəcəyini iddia edənlər, bütün xəstəlikləri sağaldacağına insanları inandıran Mesmer və ya Rasputin kimi şarlatanlar…

Bu məşhur saxtakarlardan başqa bəzən qəzetlərdə dərc olunan, başqasının elmi tezisini oğurlayaraq karyera sahibi olmağa çalışmaq kimi kiçik saxtakarlıqlar da var.

Ancaq elm tarixindəki ən böyük saxtakarlıqlar, şübhəsiz ki, təkamülçülərə aiddir. Təkamülçülərin etdiyi saxtakarlıqları digərlərindən fərqləndirən ən əsas cəhət onların saxtakarlığının sistemli olması və kollektiv hiylələrə, aldatmalara, təhriflərə əl atmalarıdır. Bunlar təkamül nəzəriyyəsi irəli sürüldüyü gündən bu günə qədər dəfələrlə və peşəkarlıqla həyata keçirilmişdir.

Bu məqalədə təkamülçülərin etdiyi saxtakarlıqlardan bəzilərini təhlil edəcəyik. Ancaq əvvəlcə bir suala cavab vermək lazımdır: nə üçün darvinizmin tarixi belə saxtakarlıqlarla doludur?

Çünki təkamül nəzəriyyəsini başqa yolla müdafiə etmək mümkün deyil. Elmi kəşflər təkamülü təkzib etdiyinə görə, yeganə yol saxtakarlığa əl atmaq olur. Ya kəşflər gizlədilir və ya ört-basdır edilir, ya da təhrif olunaraq sanki təkamül nəzəriyyəsinə dəlil imiş kimi göstərilir. Cəmiyyət bunlar haqqında kifayət qədər məlumatlı olmadığına görə, bu saxta dəlillərə baxaraq təkamülü sübut edilmiş nəzəriyyə zənn edir. Tamamilə əsassız olan təkamül nəzəriyyəsini dirçəltmək üçün edilən yeganə cəhd ancaq saxtakarlıqlardır.

İndi elm tarixindəki biabırçılıqlar kimi tanınan bu təkamül saxtakarlıqlarını təhlil edək.

Təkamülçülərin ən əsas təbliğat metodu: rekonstruksiyalar, saxta və ya fantastik rəsmlər

Təkamülçülər nəzəriyyələrini dəstəkləyən elmi dəlillər tapmağa müvəffəq olmasalar da, bir məsələdə olduqca bacarıqlıdırlar: təbliğat. Bu təbliğatın ən əsas ünsürü isə rekonstruksiya adlanan saxta rəsmlərdir.

Rekonstruksiya “yenidən inşa” deməkdir və bircə sümük parçası tapılmış canlının şəklinin və ya maketinin düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz “meymun adam”ların hər biri rekonstruksiyadır.

Ancaq insanın mənşəyi ilə bağlı fosil qeydləri çox dağınıq və natamam olduğuna görə, bunlara əsaslanaraq bir şey təxmin etmək tamamilə təxəyyül məhsuludur. Buna görə, təkamülçülərin fosil qalıqlarına əsaslanaraq düzəltdiyi rekonstruksiyalar tamamilə təkamül ideologiyasının tələblərinə uyğun hazırlanır. Harvard Universitetinin antropoloqlarından Devid Pilbim: “Mən paleoantropologiya sahəsi ilə məşğul oluram. Əvvəlcədən qazanılmış təəssüratlardan ibarət nəzəriyyə bu elm sahəsində həmişə həqiqi faktlara üstün gəlib”, – deyərək bu həqiqəti vurğulayır. Əyani vəsaitlərdən insanlar asanlıqla təsirləndiklərinə görə, məqsəd onları təxəyyül gücü ilə rekonstruksiyası hazırlanmış məxluqların keçmişdə həqiqətən yaşadığına inandırmaqdır.

Burda bir xüsusa diqqət etmək lazımdır: sümük qalıqlarına əsaslanaraq aparılan tədqiqatlarda ancaq əldə olan cismin çox ümumi xüsusiyyətlərini üzə çıxarmaq mümkündür. Halbuki, müəyyənedici təfərrüatlar zaman ərzində tez çürüyən yumşaq toxumalardır. Təkamülə inanan birinin yumşaq toxumalara istədiyi kimi forma verib fantastik məxluq düzəltməsi çox asandır. Harvard Universitetindən Ernest A. Huton bu vəziyyəti belə açıqlayır:

“Yumşaq hissələri yenidən inşa etmək çox risklidir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların sümüklərlə heç bir əlaqəsi yoxdur. Məsələn, bir Neandertal kəllə sümüyünü bu yolla həm meymuna, həm də filosofa bənzədə bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanaraq edilən rekonstruksiyaların heç bir elmi əsası yoxdur və cəmiyyəti istiqamətləndirmək məqsədi daşıyır… Bu səbəbdən, rekonstruksiyalara çox güvənmək olmaz”.

Təkamülçülər bu sahədə o qədər irəli gedirlər ki, eyni kəllə sümüyündə bir-birindən çox fərqli üzlər rekonstruksiya edilir. Australopithecus robustus (Zinjanthropus) adlı fosil üzərində edilən, bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya buna ən bariz nümunədir.

Fosillərin tərəfli şərh olunması və ya fantastik rekonstruksiyalar hazırlanması təkamülçülərin yalana nə qədər çox əl atdıqlarını göstərən dəlillərdəndir. Ancaq bunlar təkamül nəzəriyyəsi tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə edildikdə çox adi görünür.

KİV-də və akademik mənbələrdə daima təlqin edilən “meymun insan” imicini dəstəkləyən heç bir konkret fosil yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali məxluqlar çəkirlər. Ancaq bu canlıların fosillərinin olmaması onlar üçün böyük problemdir. Bu problemi “həll etmək” üçün əl atdıqları yollardan biri isə tapmadıqları fosilləri “icad etmək” olub. Elm tarixinin ən böyük qalmaqalı olan Piltdaun adamı fosili buna misaldır.

Toplanmış sümüklərdən düzəldilmiş “əcdad”: Piltdaun adamı

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Davson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çuxurda çənə və kəllə sümüyü tapdığını iddia etdi. Çənə sümüyü meymun çənəsinə bənzədiyinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Bu tapıntılar “Piltdaun adamı” adlandırıldı, 500 min illik yaş verildi və müxtəlif muzeylərdə insanın təkamülünə qəti dəlil kimi nümayiş etdirildi. 40 ildən artıq müddətdə bu tapıntı haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi, şəkillər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq tezisi yazdı. Məşhur amerikalı paleoantropoloq H.F.Osborn da 1935-ci ildə Britaniya Muzeyinə getdikdə: “Təbiət sürprizlərlə doludur; bu, bəşəriyyətin qədim dövrləri haqqında mühüm tapıntıdır”, – demişdi.

1949-cu ildə Britaniya Muzeyinin paleontologiya şöbəsindən Kennet Okli yeni yaş müəyyən etmə metodu olan ftor testini bəzi qədim fosillər üzərində sınaqdan keçirmək istəyir. Bu yolla Piltdaun adamı fosili üzərində də təcrübə keçirdi. Nəticə təəccüblü idi. Aparılan təcrübədə Piltdaun adamının çənə sümüyündə heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda ftor olan kəllə sümüyünün isə sadəcə bir neçə min il yaşı vardı.

Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün bir neçə min il yaşı olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərdə isə süni aşınma prosesi həyata keçirildiyi, fosillərin yanında tapılan ibtidai alətlərin isə polad alətlərlə yonulduğu məlum oldu. Veynerin apardığı dəqiq təhlillərlə bu saxtakarlıq 1953-cü ildə tam aşkar edildi. Kəllə sümüyü 500 il yaşı olan insana, çənə sümüyü isə yeni ölmüş oranqutana aid idi! Dişlərin insana aid olduğunu göstərmək üçün sonradan əlavə edilib yeyə ilə yonulmuşdu. Sonra da digər hissələr qədim görünməsi üçün kalium-dixromat ilə ləkələnmişdi. Sümüyü turşuya batırdıqda bu ləkələr itirdi. Saxtakarlığı üzə çıxaran tədqiqat qrupunun üzvü Le Qros Klark: “Dişlərin köhnəldiyini göstərmək üçün süni müdaxilə olunduğu o qədər aydın görünürdü ki, bu qədər açıq-aydın izlər necə nəzərdən qaça bilərdi?” – deyərək təəccübünü gizlədə bilmirdi. Bütün bunlardan sonra “Piltdaun adamı” 40 il nümayiş olunduğu Britaniya muzeyindən dərhal götürüldü.

“Nebraska adamı” adı ilə tanıtdıqları diş donuza aid imiş!

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Fayrfild Osborn qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Pliosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. İddiaya görə, bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən mövzu ilə bağlı dərin elmi mübahisələr başladı. Bəziləri bu dişin Pithecanthropus erectusa olduğunu irəli sürür, bəziləri isə insana daha yaxın olduğunu deyirdi. Böyük mübahisələr doğuran bu fosil “Nebraska adamı” adlandırıldı. “Elmi” adı da dərhal uyduruldu: Hesperopithecus haroldcooki.

Bir çox nüfuzlu elm adamı Osbornu dəstəklədi. Bu dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və bədəninin rekonstruktiv şəkilləri çəkildi. Hətta daha da irəli gedərək Nebraska adamının, arvadının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də dərc olundu.

Bütün bu ssenarilər bircə diş üzərində qurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsədilər ki, Uilyam Brayan adlı bir tədqiqatçı bir azı dişi üzərində bu qədər ön mühakimə ilə qərar verilməsinə qarşı çıxdıqda hamı ona şiddətlə qarşı çıxdı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə əsasən, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops cinsindən olan vəhşi Amerika qabanının nəsli kəsilmiş növünə aid olduğu məlum oldu. Uilyam Qreqori bu xətanı açıqladığı “Science” jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi, Hesperopithecus nə meymun, nə də insandır”. Nəticədə, Hesperopithecus haroldcookinin və “ailə”sinin bütün rəsmləri elmi ədəbiyyatdan dərhal çıxarıldı.

Ernst Hekkelin saxta rəsmləri

XIX əsrin sonunda Ernst Hekkel adlı təkamülçü elm adamı “Ontogenez filogenezi təkrarlayır” (Ontogeny Recapitulates Phylogeny) şəklində ifadə edilən və rekapitulyasiya nəzəriyyəsi adlanan nəzəriyyə irəli sürdü.

Hekkel irəli sürdüyü bu nəzəriyyə ilə canlı rüşeymlərinin inkişaf prosesi zamanı əcdadlarının keçirdiyi təkamül prosesini təkrarladıqlarını iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnində inkişaf edərkən əvvəlcə balığa, sonra sürünənə bənzədiyini, nəhayət insana çevrildiyini irəli sürürdü.

Halbuki, sonrakı illərdə bu nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan ssenari olduğu məlum oldu. İnsan rüşeyminin ilkin inkişaf dövründə meydana gəldiyi iddia edilən “qəlsəmə”lərin, əslində, insanın orta qulaq kanalının, paratireoid və çəngələbənzər vəzlərin başlanğıcı olduğu üzə çıxdı. Rüşeymin “yumurta sarısı kisəsi”nə bənzədilən hissəsinin isə, əslində, körpə üçün qan hasil edən kisə olduğu aşkar edildi. Hekkelin və davamçılarının “quyruq” adlandırdığı hiss isə insanın onurğa sümüyüdür və ayaqlardan əvvəl formalaşdığına görə quyruq kimi görünür.

Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər. Neodarvinizmin banilərindən Corc Qeylord Simpson: “Hekkel təkamül prosesini səhv tanıtdı. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq qəti məlum olub”, – deyə yazır.

“American Scientist” jurnalında dərc olunan bir məqalədə isə belə deyilir:

“Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə süqut edib. 1950-ci illərdə dərsliklərdən çıxarılıb. Əslində, elmi müzakirə kimi 1920-ci illərdə sona çatmışdı”.

“New Scientist” jurnalındakı 16 oktyabr 1999-cu il tarixli məqalədə isə bunlar yazılıb:

“Hekkel nəzəriyyəsini “Biogenetik qanun” adlandırdı və bu fikir qısa müddətdə rekapitulyasiya kimi məşhurlaşdı. Əslində isə Hekkelin qanunun tamamilə səhv olduğu yaxın gələcəkdə sübut edildi”.

Məsələn, insan rüşeyminin ilkin inkişaf dövründə heç vaxt balıq kimi qəlsəmələr formalaşmır və rüşeym əsla sürünənə və ya meymuna bənzər inkişaf mərhələsi keçirmir.

Bu mövzu ilə əlaqədar əsas xüsusiyyət isə Ernst Hekkelin, əslində, irəli sürdüyü nəzəriyyəsini dəstəkləmək üçün saxta rəsmlər çəkməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta rəsmlər çəkmişdi. Bu saxtakarlıq aşkar olduqdan sonra özünü müdafiə etmək üçün bildirdiyi fikir digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiklərini bildirmək oldu:

“Bu saxtakarlıq etirafımdan sonra özümü biabır olmuş və qınanmış hesab etməliyəm. Lakin mən bununla təsəlli tapıram ki, mənim kimi təqsirkar vəziyyətdə olan yüzlərlə yoldaş, bir çox tanınmış müşahidəçi və məşhur bioloq var ki, onların yazdığı ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif edilmiş, sxemləşdirilib yenidən çəkilmiş şəkillər var”.

Məşhur elm jurnalı “Science” 5 sentyabr 1997-ci il sayında Hekkelin rüşeym şəkillərinin saxta olduğunu açıqlayan məqalə yayımlamışdı. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi” başlıqlı məqalədə belə deyilir:

“Londondakı “St. George” xəstəxanasının Tibb fakültəsindən embrioloq Maykl Riçardson: “(Hekkelin rəsmlərinin) verdiyi təəssürat, yəni rüşeymlərin bir-birinə çox bənzədiyi təəssüratı yanlışdır”, – deyir… O və yoldaşları Hekkelin rəsmlərini çəkdiyi canlıların rüşeymlərini yenidən tədqiq edərək və fotoşəkillərini çəkərək müqayisə edirlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and Embryology) jurnalında yazdığı məqalədə: “Rüşeymlər həddindən artıq fərqli görünürlər”, – deyə qeyd edir.

“Science” jurnalı Hekkelin rüşeymlərin bir-birinə bənzədiyini göstərmək üçün bəzi orqanları qəsdən rəsmdə göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirir. Həmin məqalənin ardında bu məlumatları verir:

Riçardson və tədqiqat qrupunun bildirdiyinə görə, Hekkel təkcə orqanları əlavə etməklə və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, müxtəlif növlərin bir-birlərinə bənzədiyini göstərmək üçün ölçülərinə də əl gəzdirmiş, bəzən rüşeymləri həqiqi ölçüsündən on dəfə fərqli göstərmişdir. Habelə, Hekkel fərqləri gizlətmək üçün növlərin adını rəsmlərinin altında yazmamış və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdi. Riçardson və tədqiqat qrupu qeyd edir ki, əslində, bir-birinə çox yaxın olan balıq növlərinin rüşeymlərində belə görünüş və inkişaf mərhələləri baxımından çox böyük fərqlər var. Riçardson Hekkelin rəsmlərinin biologiyadakı ən böyük saxtakarlıqlardan biri olduğunu deyir.

“Science” jurnalındakı məqalədə Hekkelin bu mövzuda etiraflarının keçən əsrin əvvəllərindən etibarən ört-basdır edildiyi və saxta rəsmlərinin dərsliklərdə elmi həqiqət kimi tədris edildiyi də qeyd edilmişdir: “Hekkelin etirafları rəsmlərinin 1901-ci ildə “Darvin və Darvindən sonra” (Darwin and After Darwin) adlı kitabda istifadə edilməsindən sonra itdi. Rəsmlər ingilis dilindəki biologiya dərsliklərində geniş şəkildə çoxaldıldı”.

Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olması hələ 1901-ci ildə üzə çıxmış, ancaq bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.

Nəticə

Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün elmi saxtakarlıqlar bu nəzəriyyənin elmi açıqlamadan çox ideologiya olduğunu göstərir. Hər ideologiya kimi, bu ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə o qədər fanatizmlə bağlanıblar ki, əllərinə keçən hər tapıntını, təkamüllə heç bir əlaqəsi olmasa da, nəzəriyyənin böyük dəlili hesab edirlər. Şübhəsiz ki, bu, elm üçün kədərli mənzərədir, çünki elm dünyasına əsassız doqma uğrunda səhv istiqamət verildiyini göstərir.

Skandinaviyalı elm adamı Soren Lovtrup isə “Darvinizm: bir əfsanənin təkzibi” (Darwinism: The Refutation of a Myth) adlı kitabında bu barədə belə deyir:

“Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı vəziyyətə düşməsini böyük şanssızlıq olduğunu qəbul edəcək. Ancaq biologiyanın vəziyyəti məhz belədir: uzun müddətdir insanlar təkamül mövzularını darvinist məfhumlarla müzakirə edir, “adaptasiya”, “seçmə təzyiqi” və ya “təbii seçmə” kimi məfhumlarla. Sonra da bu müzakirələrlə təbii hadisələrin izah edilməsinə kömək etdiklərini zənn edirlər. Əslində isə heç kömək etmirlər… İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən böyük xəta adlandırılacaq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma