Gecikdirmək Ancaq Küfrü Artırır


1174887_443135622467799_1791007550_n  Gecikdirmək ancaq küfrü artırır… (Tövbə surəsi, 37)

Şeytanın insanların bəzilərinə verdiyi hiyləgər təlqinlərdən biri din əxlaqı ilə   yaşamağı ertələməkdir. Şeytanın təlqininə inanan insan sonsuz həyatına təsir edən   bu işi yaxın gələcəkdə asanlıqla həll etmək üçün yerinə yetirməyə vaxtı olduğunu düşünür. Bir saat sonra, bir həftə sonra, bir ay sonra, gələn il və ya yaşı bir az da irəlilədikdə edəcəyinə əmin olduğuna görə, Quran əxlaqı ilə yaşamağı ertələyir. Halbuki, uca Allah’ın hər insana dünya həyatında verdiyi möhlət bir gün mütləq sona çatacaq və bu müddətin bir il, bir ay, bir gün sonra, yoxsa indi sona çatacağı ancaq Allah dərgahında məlumdur. Buna görə, din əxlaqı ilə yaşamağı ertələmək böyük qəflətdir.

Bir bilik yarışını düşünün. Yarışda qalib gələnə böyük məbləğdə pul mükafatı veriləcək. Görəsən, iştirakçı yarış zamanı nə edər? Suallara cavab verməyi düşünər, yoxsa ətrafa tamaşa edər? Əlbəttə, sualların cavabını verməyə çalışar. Dünya həyatı da eynilə bu yarış kimidir. Bir gün sona çatacaq və hər canlı mütləq ölümü dadacaq. Elə isə hər insan dünya həyatına aldanaraq boş işlərlə vaxt keçirməməli, ömrünün hər anını, hər saniyəsini Allah rizasına uyğun keçirməlidir.

Keçən zamanı geriyə qaytarmaq mümkün deyil

İnsanın nəfsi etmək istədiklərini, fikrindən keçənləri daha sonraya saxlamağa meyillidir. Bu xislətdə olan insan görəcəyi işi vacibliyini anlamadığına görə, tənbəllik edib sonraya saxlamağa çalışır. Gündəlik həyatda təxirə salınan bəzi adi işləri insan etməsə də, zərərlərini sonradan düzəltmək mümkün ola bilər. Ancaq burada məsələ insanın din əxlaqı ilə yaşamasıdır. Din əxlaqını lazımınca qavramamış bəzi insanlar Allah’a və Qurana inandıqlarını, ancaq ibadətləri yaşlandıqda yerinə yetirəcəklərini deyirlər. Məsələn, həccə getmək, oruc tutmaq, beş vaxt namaz kimi fərz ibadətləri bu insanlar yaşlılıq dövrünə saxlayırlar. Halbuki, bir insanın şeytanın təlqini ilə Quran əxlaqı ilə yaşamağı ertələməsi düzəldilməsi mümkün olmayan səhvdir.

Ölümü yaddan çıxarmaq olmaz

İnsanların bir çoxu: “Bunu sabah edərəm”, – deyərkən sabaha qədər yaşayacağına və hər şeyin planlaşdırdığı kimi olacağına əmin olaraq hərəkət edir. Ancaq insan qədərində yazılmış sabahda onu nələr gözlədiyini bilmədən bu planı qəti əminliklə quraraq yanılır. Allah Quranda buna qarşı insanları belə xəbərdar edir:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “İnşaAllah,  edəcəyəm!” – de... (Kəhf surəsi, 23-24)

Əlbəttə, insanların sabah üçün plan qurması bu ayəyə əsasən, normaldır. Ancaq burada insanın plan qurması deyil, sonsuz həyatına təsir edən ən mühüm məsələni ertələməsi yanlışdır. Çünki ölüm insanı gözləmədiyi anda qarşılayır. Sevinib əylənərkən, ticarət mərkəzində ikən, səhərə yaxın yatarkən, işə getmək üçün evindən ayrılarkən və ya həyatı boyu hazırlaşdığı imtahana girərkən ölüm insana ani surətdə gələ bilər. Buna baxmayaraq, insanın öləcəyi vaxtı bilirmiş kimi ibadətləri yerinə yetirməyi ertələməsi böyük səhvdir. Çünki ölümlə qarşılaşdıqdan sonra insan nə qədər peşman olub geri qayıtmaq istəsə də, bir daha belə imkanı olmayacaq.

Hər insan yaşadığı anın dəyərini bilməlidir. İnsanın “mən indi gəncliyimi yaşayım, yaşlandıqda ibadətlərimi yerinə yetirər, axirətimi qazanaram” düşüncəsi ilə Allah qarşısında məsuliyyətini bilə-bilə ertələməsi böyük qəflətdir və insanın axirət həyatını itirməsinə səbəb ola bilər. Allah “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (Nisa surəsi, 18) ayəsi ilə insanlara bu həqiqəti xatırlatmışdır.

Əxlaqı gözəlləşdirməyi ertələmək də qəflətdir

İman gətirməyənlərin din əxlaqı ilə yaşamağa başlamamaq üçün daima bəhanələr gətirməsi və ertələməsi nə qədər səhvdirsə, iman gətirənlərin də yaşadıqları anın dəyərini bilməyib əxlaqlarını gözəlləşdirmək üçün lazımi cəhdi etməmələri də yanlışdır. İnsan ibadətlərini yerinə yetirməyi ertələmədiyi kimi, gözəl əxlaqla yaşamağı, imanını dərinləşdirməyi, coşqun Allah sevgisini qazanmağı da təxirə salmamalıdır. Bu, insanı axirətdə çox utandırar, peşman edər. Bir müsəlman qüsurlarını düzəltməyi, cənnətə girməsinə vəsilə olan saleh işlər görməyi: “Bunu sonra edərəm və ya bu barədə sonra düşünərəm”, – deyərək sonraya saxlamamalıdır. Çünki insanın həmin an iradəli olub dəyişdirməyə çalışmadığı bir səhvi axirətdə qarşısına çıxa bilər. İnsan bir həqiqəti əsla yaddan çıxarmamalı və bütün həyatını buna əsasən dəyərləndirməlidir: insan öz əli ilə etdiklərinin əvəzini alacaq. Buna görə, hər insan dünyasını və axirətini xilas etmək üçün cəhd etməklə məsuldur.

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz... (Munafiqun surəsi, 11)

Heç kəs qədərində müəyyən edilmiş vaxt gəldikdə ölümdən qaça bilməz, ölümünü ertələyə bilməz. Ona görə, bir saniyə sonra yaşayacağına dair zəmanəti olmayan, harada və nə vaxt öləcəyini əsla bilməyən insanın Quran əxlaqı ilə yaşamağı ertələyib uzunmüddətli planlar qurmasının nə qədər böyük qəflət olduğu aydındır.

Ağıllı insan müvəqqəti dünya həyatına aldanan və axirəti bir kənara qoyan insanların əksinə, əsl həyatın axirət olduğunu, dünyanın isə imtahan yeri olduğunu dərk edir. Bu cür baxdıqda, əslində, dünya həyatının çox qısa olduğu daha yaxşı başa düşülür. Bunun üçün heç vaxt itirmədən, Allah’ın əmr və qadağalarına əməl edərək Onun rizasına uyğun yaşamaq lazımdır.

Hər yeni gün Allah’ın qullarına rəhmətidir

Heç bir insan günlərini vaxt keçirmə psixologiyası ilə yaşamamalıdır. Keçən vaxtı geri qaytarmağın əsla mümkün olmadığını bilərək vaxtını yaxşı dəyərləndirməlidir. Oyandığımız hər yeni gün Rəbbimizin Ona yaxınlaşmağımız, rizasını qazanmağımız üçün lütf etdiyi rəhmətdir. Bir günü adi 24 saatlıq müddət kimi deyil, Allah’ın rizasını qazanmaq üçün yeni fürsət kimi dəyərləndirmək insanın bu müddətdən öz lehinə istifadə etməsi baxımından çox vacibdir. Hər insan yaşadığı hər günü yeni bir səhifə kimi qəbul etməli və bu səhifəyə gücü çatdığı qədər çox saleh əməl yazmağa çalışmalıdır. İnsanın günün sonunda bütün gününün Allah üçün bir çox xeyirlə dolu olduğunu görməsi vicdanını rahatladan vəsilələrdəndir. Sonraya saxlamadan, vaxtında edilən ibadət, gecikdirmədən qazanılan bir gözəl əxlaqi xüsusiyyət müsəlman üçün qazancdır və möminin uca Rəbbimizə olan təslimiyyətini, sevgisini, inancını, imanını göstərməsi üçün lütfdür.

Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız. (Casiyə surəsi, 19)

İnsan, Allahın izni ilə,  iradəsi ilə səy göstərib cənnəti ümid etməyin yerinə tənbəllik edib ertələyərsə, bununla, dünyasını və əbədi axirət həyatını itirəcəyini unutmamalıdır. Xeyir gətirən bir işin sonraya saxlanması insana gözlənilməz itkilər qazandırar. Xeyirli işləri yubatmaqdan çəkinən insan isə daima irəliləyər, Allah’ın izni ilə, çox qısa müddətdə kamilləşdiyini və imanını dərinləşdirdiyini görər.

Hər insan vicdanən daima doğruları bilir, lakin bu doğruları tətbiq etmək nəfsinə çətin gəldiyinə görə, bəzi insanlar müxtəlif bəhanələr gətirirlər. Ancaq bu insanlar bəhanələrlə rahatlıq tapmazlar. Əksinə, vicdanlarının səsini qulaqardına vurduqlarına görə, həmişə sıxıntı çəkərlər. Axirətdə isə əbədiyyən davam edəcək şiddətli əzabla qarşılaşarlar.

“Sonra edərsən” fikri şeytanın vəsvəsəsidir

Qədərində müəyyən edilmiş müddətə qədər yaşayan bir insan bu müddəti uzadıb ləngidə bilməz. Şeytanın əsas taktikası olan “sonra edərsən” fikri onun insanlar üzərində oynadığı oyunlardan biridir. Şeytan daima xeyirli və gözəl işlərin sonraya saxlanmasını, insanın boş işlərlə məşğul olmasını istəyir. Halbuki, Allah’ın əmrinə laqeyd yanaşmaq və ya gecikdirmək insanı məsuliyyətdən azad etməz.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma