Vicdan və Quran axirətə yəqinliklə iman gətirməyi əmr edir


Makbul Olan Tevbe AnıÖlüm son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Ancaq dünya həyatında belə nəticələndirmə yoxdur. Dünyaya gəlib-gedən bütün insanlar arasında zalımlar, əxlaqsızlar, cinayətkarlar olub. Bunlarla yanaşı, Allah`ın elçiləri kimi çox yüksək vicdan və əxlaqa malik, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da olub.  Eyni zamanda, qəddar hökmdarlardan zülm görən yazıq və zəif insanlar da yaşayıb. Keçmişdəkilərin hər biri artıq ölüb. Yaxşı olan da, pis olan da torpağın altında dəfn edilib. Heç birinin sümüklərindən başqa bir şey qalmayıb. Sonsuz ədalət sahibi Allah dünya həyatını belə nəticələndirmir.

Qısası, vicdanı insana Allah`ın sonsuz ədaləti ilə hər kəsə etdiyi əməllərin qarşılığını verəcəyini bildirir. Bu haqq-hesab günü dünyada olmadığına görə,  deməli,  bunun təxirə salındığı yer var.

Vicdanla bunları düşünən insan Quranda bunun da cavabını tapar. Allah Quranda bu haqq-hesab gününü ölümdən sonrakı zamana təxirə saldığını və hər kəsin dünya həyatında etdiklərinin qarşılığını öldükdən sonra alacağını bildirir:

Allah`ın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Yunis surəsi,4)

Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, (Allah) onların nə etdiklərindən xəbərdardır. (Hud surəsi, 111)

Vicdanla Qurana müraciət edən hər insan nəzarətsiz olmadığını, hər etdiyini Allah`ın bildiyini, hər yaxşılığın və pisliyin qarşılığının veriləcəyini anlayar. Allah Quranda haqq-hesab gününü və hər kəsin haqq-hesabdan sonrakı həqiqi həyatını da bildirmişdir.

Vicdanını dinləyən insan Quran ayələri işığında çox vacib həqiqətin fərqinə varar. Dünya həyatı müvəqqəti yerdir, əsl həyat isə ölümdən sonra başlayan axirət həyatıdır. Bu, cənnət və cəhənnəmdir. Hər kəs dünya həyatındakı əməllərinə uyğun olaraq Allah`ın müəyyən etdiyi gündə sorğu-sual olunacaq və dünya həyatını Allah`ın istədiyi kimi yaşayanlar əbədiyyən ən gözəl həyatı yaşayacaqlar. Digərləri isə əbədiyyən ən şiddətli əzab və sıxıntıların olduğu yerdə – Allah`ın yaratdığı cəhənnəmdə yaşayacaqlar.

Ölüm mələklərini və cəhənnəm odunu gördükdə hiss edilən vicdan əsl vicdandır

Burada izah edilənlərin diqqətlə oxunmasını tövsiyə edirik. Çünki burada izah edilənlər əsl vicdanın nə olduğunu başa düşməyə kömək edən  üsullar və həqiqətlərdir.

Yuxarıda bəhs etdiyimiz kimi, əsl həyatın ölümdən sonra başlayacağı və hər kəsin bu əbədi həyatda dünyadakı davranışlarına uyğun olaraq qarşılanacağı Quranda xəbər verilən həqiqətdir. Ancaq fayda verməyən işlərlə məşğul olmaq, qəlibləşmiş həyat tərzi keçirmək, düşünmədən davranmaq insanın vicdanını dinləməsinə mane olur. Bəzi insanlar dünya həyatında özünə fayda verməyən işlərin arxasınca düşür. Bu planların içində ölüm və ölümdən sonrakı həyat yoxdur. Halbuki, ölüm bu planların hər birindən daha vacib və labüd həqiqətdir. Bəzi insanlar isə ölüm haqqında düşünməkdən çəkinirlər. Sanki heç ölməyəcəkmiş kimi yaşayırlar.

İnsanların bir çoxunun bu vacib həqiqəti görməzliyə vuraraq yaşamasının səbəbi nədir?

Bunun cavabını belə izah edə bilərik. Hər kəs oturub ölümü həyatı boyu neçə dəfə düşündüyü haqda fikirləşsin. Bədəninin torpağın altında dəfn olunacağını, üstünə torpaq tökən yaxınlarının, sevdiklərinin onu dəfn etdikdən sonra qəbrinin başından uzaqlaşaraq gündəlik işlərinə davam edəcəyini, sahib olduğu hər şeyin ölümlə birlikdə yox olacağını düşünübmü? Ölümün necə baş verəcəyini heç xəyalında canlandırıbmı? Bədəni torpağın altında çürüyəcək, amma ruhu nələr hiss edəcək?

İnsanın ruhu var və ruh yox olmur. İnsan öldükdən sonra ruhu üçün yeni həyat başlayacaq, lakin onu necə həyatın gözlədiyini heç düşünübmü?

İnsanların əksəriyyətinin düşünmədiyi kimi, bəlkə, siz də bu haqda düşünməmisiniz. Çünki bunları düşünmək insanı dəhşətə gətirir. Ölümü düşündükdə bu günə qədər etdiklərinin əhəmiyyəti qalmır. Bəlkə, bunu qavramaq çətin ola bilər, ancaq ölümdən sonra başına gələcəkləri təfərrüatı  ilə düşünmək insanın bütün həqiqətləri görməsinə kömək edir.

Bu vəziyyəti özünüz haqda da düşünün: hər şeydən  əvvəl, ölüm sizə heç gözləmədiyiniz anda gələ  bilər. Yəni çox güman ki, hazırlıq etməyə imkanınız olmayacaq. O anın bu an olmaması üçün heç bir səbəb yoxdur. Buna bənzər bir anda ölümlə qarşılaşacaqsınız.

Ölümün necə baş verdiyini görməmisiniz. Sizin indiyə qədər gördükləriniz insanların bədənlərinin ölümüdür. Ölümün digər tərəfinə heç vaxt şahid ola bilməzsiniz. Bəli, insanlar yalnız bədənin ölümünü görə bilir. Bir insanın xəstə yatağında rahatlıqla can verdiyi və ya müharibədə güllələnərək, nəqliyyat qəzasında can verərək öldüyü müşahidə edilə bilər. Ancaq ölüm əsnasında ruhun hiss etdikləri kənardan göründüyündən  çox fərqlidir.

Əgər ölən insan mömindirsə, onun ruhu rahat alınır və iki mələklə əbədi gözəl həyata başlamaqla müjdələnir. Bu insan nə qorxar, nə də kədərlənər. O, artıq əbədiyyən xoşbəxtlik və hüzur içində yaşayacağı üçün sevinir. Bu həqiqət Quranda belə bildirilir:

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!”(Nəhl surəsi, 32)

Ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”(- deyəcəklər.) (Ənbiya surəsi, 103)

Dünya həyatında Allah`ın razılığına uyğun yaşamayan insan üçün isə ölüm anı əzab dolu həyatın başlanğıcı olacaq. Allah bu insanlara qarşılaşacaqları çətin günü belə xatırladır.

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq? (Muhəmməd surəsi, 27)

Ona görə də insanın ölüm anını təsəvvüründə canlandırması səmimi və vicdanla davranmasına səbəb olar. Mütləq başınıza gələcək bu böyük hadisə haqqında diqqətlə düşünün. Məsələn, gündəlik işlərə başınızın qarışdığı  bir anda qarşınızdakı görüntü dəyişə bilər və iki ölüm mələyi ilə qarşılaşa bilərsiniz. Ölüm mələkləri dünya həyatında Allah`ın razılığına görə yaşamayan, ölümü və axirəti unutmuş insanlara çox əcaib görünə bilər. (Doğrusunu Allah bilir)

Quranda əbədi və geri dönüşü olmayan əzabdan bəhs edilir. İnkar edən insan artıq başına nə gəldiyindən xəbərdardır. Bu zaman yuxarıdakı ayədə bildirildiyi kimi, insanın üzünə və kürəyinə vurularaq canı alınır. Ruhu bədənindən böyük əzabla alınır. “Qiyamə” surəsində bu an belə təsvir  edilir:

O gün neçə-neçə üzlər tutulub qaralacaq. Bel sümüklərinin qırılacağını anlayacaqdır! Xeyr, (can) boğaza gəlib yetişəcəyi, “Kim xilas edə bilər?” – deyiləcəyi, ayrılıq dəminin gəlib çatdığını anlayacağı və  qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır! Beləliklə, o, nə  təsdiq etdi, nə də namaz qıldı. Amma yalan saydı, üz döndərdi.  (Qiyamə surəsi, 24 -32) 

Ölüm anı mütləq sizin də başınıza gələcək. Ölüm anınızın bu an olduğunu düşünün. Sizin üçün nə əhəmiyyət kəsb edər, nəyin heç bir mənası qalmaz? Nəyi etmiş və ya etməmiş olmaqdan dolayı peşmanlıq duyarsınız? Kimlərin sözünü eşitmək istəyərdiniz? Yaxud kiminlə heç tanış olmamağı istəyərdiniz? İşinizlə bağlı məsələlər sizi nə qədər narahat edər? Və ya bir qonaqlığa gedərkən geyinəcəyiniz paltarın, insanların sizin yaraşığınız və gözəlliyinizlə bağlı düşüncələrinin axirət həyatı ilə müqayisədə nə əhəmiyyəti qalar?

Bu suallara səmimi cavab verən insanlar vicdanlarının nə dediyini üzə çıxara bilərlər. Əgər bir insan həyatı boyu Allah`ın razılığını qazanmağı düşünməyibsə və bunun üçün var gücü ilə cəhd etməyibsə, ölüm anında duyduğu qorxu ilə yanaşı, yaşayacağı ən dərin hiss peşmançılıq olacaq. İnsanın ağlından həmişə “kaş ki, bu insanı dinləməyəydim, kaş namaz qılaydım, kaş Allah üçün yaşayaydım” kimi  peşmançılıq ifadələri keçəcəkdir.

Bu zaman ölüm anının təsirinin şiddəti daha da artacaq. Çünki bu iki mələk insanı sürükləyərək və alçaldaraq cəhənnəmə  aparacaq. Cəhənnəmə girməzdən əvvəl hər kəs bir-bir sorğu-sual olunacaq və hər kəs nə üçün cəhənnəmə  girdiyini bir daha görəcək. Bu, insana şiddətli bir sıxıntı, dəhşət və qorxu hissi verəcək. Çünki həyatı boyu etdiyi və  düşündüyü hər şey ona bir-bir göstəriləcək. Heç kimin bilmədiyini zənn etdiyi düşüncələri, özünün belə unutduğu bir çox hadisə o gün qarşısına çıxacaq:

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)

Dünya həyatında etdikləriniz bu şəkildə qarşınıza çıxarıldığına görə, nəyin sizə peşmançılıq verəcəyini düşünün. Hansı şeylər üçün “kaş etməyəydim” və ya “kaş edəydim” deyərdiniz? Ogünkü peşmançılıq bir ayədə belə bildirilir:

O (gün), gerçək bir gündür. Kim istəsə, öz Rəbbi yanında sığınacaq tapar! Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 39-40)

Hətta insanlar dünya həyatında etdiklərinə görə özlərinə qəzəblənib nifrət edəcəklər. Ancaq Allah`ın onlara qəzəbi və kini daha böyük olacaq:

Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah`ın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Ğafir surəsi, 10)

Bütün insanlar, ən azğın olanlar belə ölüm anında və haqq-hesab zamanı vicdanının bütün dediklərini anlayacaq, ancaq geri dönmək mümkün olmayacaq.

Quranda ogünkü peşmançılığın və xatırlamanın fayda verməyəcəyi bildirilir. Hər şey bitmişdir, keçmişdə edilənləri geri qaytarmaq mümkün deyil.  Cəhənnəmin qapıları əbədiyyən insanın üzünə kilidlənmişdir:

Və o gün cəhənnəmə gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası? O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 23-26)

Burada izah edilənlər vicdanınızın səsini nəfsinizdəki neqativ səs və təlqinləri dinləmədən üzə çıxarmağınız baxımından vacibdir. Çünki daima vicdanına tabe olan biri ilə vicdanına tabe olmayan bir insan arasındakı fərq vicdanlı insanların axirətə olan imanlarının gücüdür. Vicdanlı insan hər an cəhənnəmin bir göz qırpımı qədər ona yaxın olduğundan xəbərdardır. Allah ayələrdə bəzi elçilərini nümunə verərək onların daima axirəti xatırladığını belə bildirmişdir:

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. (Sad surəsi, 45-46)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma