Allah’a necə yaxın ola bilərik?


 453031• Allah’a necə yaxın ola bilərik?
• Uca Rəbbimizə yaxın olmaq hər bir müsəlmanın ən böyük arzusudur. Ancaq bunun üçün gün ərzində diqqət edilməli mövzular var.
• Uca Allah’a yaxın olmaq üçün nə etmək lazımdır?
• Allah`a yaxın olmaq üçün hansı düşüncəyə sahib olmaq lazımdır?
İnsanlar, adətən, güclü olanın yanında olmaq istəyirlər. Bununla, həm digər insanlar tərəfindən etibar görəcəklərini, həm də güclü insanın onları qoruyacağını düşünürlər. Əslində, insanın güclünün yanında olmaq istəyi yaradılışından qaynaqlanan bir xüsusiyyətdir. Buna görə də insan bütün həyatı boyu güclü olanı axtarar, lakin heç vaxt axtardığı gücü tapa bilməz. İnsanları yanıldan da budur. Çünki onlar əsl qaynağına yaxın olmaq əvəzinə, Onun təcəllilərinə sığınır və özləri kimi bir qul olan varlıqlardan kömək istəyirlər. Halbuki, gücün əsl qaynağı bütün varlıq aləminin tək sahibi uca Allah’dır. Uca Allah’a yaxın olmağın nəticəsində insanlar həyatları boyu axtardıqları rahatlığı və etibarı qazanırlar. Elə insanın fitrətinə uyğun olan da budur. Bu sirri qavrayan möminlər sadəcə Allah’a güvənir, Onu dost və vəli edir, özlərini Ona yaxınlaşdıran vəsilələr axtarırlar. Rəbbimiz bir ayəsində qullarına çox yaxın olduğunu belə bildirir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy, onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Uca Allah’ın sonsuz böyüklüyünü və qüdrətini düşünmək
Uca Allah insanların Onun böyüklüyünü qavramaları üçün kainatdakı nizamı mükəmməl incəliklərlə birlikdə yaratmışdır. Quranda bu həqiqətə “Allah’ın hər şeyə qadir olduğunu və Allah’ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (Talaq surəsi, 12) ayəsi ilə diqqət çəkilir. Uca Allah’ın ağlı, elmi və qüdrəti sonsuzdur.
Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər təfərrüatındakı mükəmməllik, çiçəklərin görünüşündəki rəng, qoxularındakı gözəllik, göy üzünün və kainatın möhtəşəmliyi, planetlərin orbitlərindəki nizam, dənizlərin dərinliklərindəki balıqlar və ağlınıza gələn hər şeydə açıq görünən mükəmməlik və möhtəşəmlik Allah’ın varlığının və sonsuz gücünün açıq dəlillərindəndir. Uca Rəbbimiz olan Allah’ın sonsuz gücünə və ağlına bir neçə nümunə olaraq aşağıdakıları verək:
• Uca Allah insanın məhdud ağlı ilə anlamaqda çətinlik çəkdiyi və heç bilmədiyi şeyləri yaratmağa qadirdir.
• Dünyada qullarına verdiyi ucu-bucağı olmayan hər şeyin xəzinəsi Onun qatındadır.
• Bəşər tarixinin başlanğıcından bu günə qədər milyardlarla müxtəlif insan tipi, milyardlarla fərqli barmaq izi yaratmışdır və istəyərsə, bu insanlardan sonsuz sayda yarada bilər.
• Uca Allah bizim görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. Məsələn, Quranda bildirilən mələklər və cinlər fərqli aləmlərdə yaşayan varlıqlardır.
• Rəbbimiz sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Bundan başqa, hər birini çox fərqli xüsusiyyətlərlə yaratmağa qadirdir. Belə ki, axirətdə cənnəti və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünyada bildiyimizdən çox fərqli bir yaradılışda olacaq.
Yuxarıda bir neçə nümunə ilə toxunduğumuz mövzuları möminlər daim düşünür, uca Allah’ı, yaratma sənətindəki üstün ağılı və elmi təfəkkür edirlər. Allah’ın gücünün və böyüklüyünün sərhədsizliyini, hər şeyin Onun diləməsi ilə istədiyi zaman reallaşdığını qavramağa çalışırlar.
Uca Allah’ın elminin sonsuzluğunu düşünmək və Onun qədrini haqqı ilə təqdir etməyə çalışmaq möminləri Allah’a yaxınlaşdıran vacib ibadətdir. Quranda Rəbbimizin sonsuz gücü belə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

Xəbərdar edib qorxudan Quran ayələri haqqında düşünmək
Alçaq hiylələrə əl atanlar Allah’ın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? (Nəhl surəsi, 45) ayəsində diqqət çəkildiyi kimi, uca Allah Quranda bir çox ayədə qullarını xəbərdar edib qorxudur. Bu ayələri oxumaq və üzərində düşünmək isə Rəbbimizin qüdrətini təqdir edən möminləri Allah’a yaxınlaşdırar. Ayələr haqqında düşünən bir mömin Allah’a hörmət dolu qorxu ilə içi titrəyərək bağlanar, Onun sərhədlərini qoruyar. Allah’dan qorxan insan nəfsindəki pislikləri təmizləyər, səbirli, qərarlı, cəsur, gözəl əxlaqlı olar, həqiqi mənada səmimi olaraq iman gətirər və uca Allah’a eşqlə bağlanar. Əlbəttə ki, Allah’a eşqlə və böyük sevgi ilə bağlanan mömin Allah’a çox yaxınlaşar.

Cəhənnəmi təfəkkür etmək
Uca Allah Quranda səmimi olaraq iman gətirən qullarını cənnətlə müjdələmişdir. Əlbəttə, cənnət ayələrini oxumaq və onlar haqqında düşünmək möminlərə çox böyük bir şövq verir. Ancaq sadəcə cənnəti düşünmək insanı arxayınlığa apara bilər. İnsan “necə olsa, cənnətə gedərəm”, “necə olsa, bağışlanaram” kimi sapqın bir düşüncəyə qapıla bilər. Bu düşüncə isə insanın özünü bəyənməsinə, hətta ilah etməsinə səbəb olar və bu, onu uca Allah’dan uzaqlaşdıra bilər. Bu təhlükəyə qarşı peyğəmbərlər belə uca Allah’a müsəlman olaraq canlarının alınması üçün dua ediblər. Hz. Yusifin duası bu baxımdan Quranda nümunə verilir. Hz. Yusif uca Allah’a belə dua edir:
Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. (Yusif surəsi, 101)
Möminlərin bu təhlükəyə qarşı özlərini qoruya biləcəkləri ən gözəl davranış cəhənnəmi təfəkkür etməkdir. “Onları orada inilti gözləyir. Onlar orada eşitməzlər” (Ənbiya surəsi, 100) ayəsində xəbər verildiyi kimi, cəhənnəmdəki sonsuz əzablarla dolu bir mühiti düşünmək insanın içi titrəyərək qorxu duymasına və çəkinməsinə səbəb olar. Cəhənnəmi təfəkkür etmək möminin əxlaqını gözəlləşdirər, ibadətlərini və uca Allah’ın sərhədlərini diqqətlə qorumasına, daima Allah’ın razılığının ən çoxunu güdməsinə və Ona daha çox yaxınlaşmasına səbəb olar.

Dünya həyatının keçiciliyini və ölümü düşünmək
Dünya həyatında mövcud olan hər şeyin bir gün mütləq xarab olduğunu, köhnəldiyini, hətta yox olduğunu düşünmək insana ölümü, dolayısilə də bir həqiqəti- sonda uca Rəbbimizə qovuşmağı xatırladır. Bu həqiqət Quranda belə bildirilir:
(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Bədiüzzaman Səid Nursinin də “Nəsihət istəsən, ölüm yetər. Bəli, ölümü düşünən dünya sevgisindən qurtular və axirətinə ciddi çalışar” sözləri ilə bildirdiyi kimi, ölümü çox düşünmək insanı dünyaya bağlılıqdan uzaqlaşdırıb Rəbbimizə yaxınlaşdıran bir yoldur. Belə ki, dövrünün mücəddidlərindən olan İmam Qəzali də ölümü sevgilini sevgiliyə qovuşduran bir körpü kimi dəyərləndirərək, insanın uca Allah’a yaxınlaşmasında ölümü düşünməyin əhəmiyyətini bir daha xatırladır.

Diqqət və şüur açıqlığı
Uca Allah’a yaxınlaşmağa səbəb olan vasitələrdən biri də diqqət və şüur açıqlığıdır. İnsan zəif hafizəyə, diqqət dağınıqlığına, qəflətə qapılmağa uyğun yaradılmışdır. İnsan uca Allah’ın imtahan üçün xüsusi olaraq yaratdığı bu vəziyyətdən diqqətini mütəmadi olaraq açıq tutmaqla qurtula bilər. Bunun üçün Rəbbimizin hər an, hər saniyə bizimlə birlikdə olduğunu, bizi gördüyünü və eşitdiyini, hər işi nizamlayıb nəzarəti altında saxladığını unutmamaq, bütün həyatımızın müəyyən edilmiş bir qədərə görə yaşandığını xatırlamaq, edilən hər işdə, görünən hər görüntüdə Allah’ın sonsuz ağlını, heyranedici sənətini və Onun uca qüdrətini təfəkkür etmək, hər zaman təvəkküllü və təslimiyyətli olmaq, Allah’ı təsbih edib ucaltmaq lazımdır.
İman gətirənlərin gündəlik həyatının hər mərhələsində Allah’ı anma və dua halında olmaları, özlərinə verilən nemətlərə qarşı mütəmadi olaraq içdən şükür etmələri, bilərək və ya bilməyərək etdikləri xətalarından ötrü bağışlanma diləmələri və tez-tez Allah’ın adını ucaltmaları onları uca Allah’ın izni ilə Rəbbimizə dost edəcək, Ona yaxınlaşmalarını təmin edəcək. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:
…Allah’ı zikr etmək, şübhəsiz ki, daha böyükdür… (Ənkəbut surəsi, 45)
Uca Allah’ı tanımağın, qavramağın və imanda dərinləşməyin sərhədi yoxdur. Bir insan Allah’a yaxın olmaq və Onu daha yaxşı tanımaq üçün nə qədər çox cəhd edərsə, nə qədər çox düşünərsə, imanı, ağlı və Allah qorxusu da o qədər çox güclənər. Bu səbəblə, Allah yolunda xidmət etmək üçün böyük cəhd edən və Ona yaxınlaşmaq üçün dərin təfəkkür edən möminlər Allah’dan çox qorxan və Allah’a bütün qəlbi ilə bağlı olan insanlardır. Möminlərin Allah’ın hökmlərini tətbiq etmə mövzusunda göstərdikləri diqqət və vicdanlarını dinləmə mövzusunda göstərdikləri həssaslıq onlara, inşaAllah, Rəbbimizin sevgisini, rizasını qazandıracaq və Ona yaxınlaşdıracaq. Uca Rəbbimiz iman gətirənləri zatına yaxınlaşmağa Quranda belə dəvət edir:
Ey iman gətirənlər! Allah’dan qorxun, Ona vasitə axtarın və Onun yolunda cəhd edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)
İnsanların əksəriyyəti Allah’ı özlərindən uzaq zənn edirlər. Halbuki, Rəbbimiz “…Rəbbin insanları əhatə etmişdir…” (İsra surəsi, 60) ayəsində buyurduğu kimi, insanlara çox yaxındır. İnsanın hər vəziyyətini görür, hər danışığını eşidir. Hətta içindən keçən düşüncələri, qəlbindəki sıxıntı və vəsvəsələri bilir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)
İnsan isə Rəbbimizin, əslində, ona çox yaxın olduğunu bilib hər an şükür etməli və Ona çox bağlanmalıdır.

Allah’a necə yaxın ola bilərik?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma