Allah`ın müxtəliflik sənətinə nümunə: Qanadları olmadan uçan canlılar


newfly150tpBəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da, Allah`ın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.
Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur və Rəbbimizin canlılar üzərindəki rəhmətinin ən gözəl təcəllilərindən biridir.

Uçan sincab

Avstraliyada yaşayan, boyu 45-90 sm olan uçan sincabların bütün növləri ağaclarda yaşayır. Əslində, uçmurlar. Bir ağacdan digərinə uzun məsafədən tullanırlar. Ağaclar arasında planer kimi uçaraq hərəkət edən bu canlıların qanadları yoxdur, ayaqları arasında uçmaq üçün pərdə var. Uçan sincabların bir növü olan şəkər uçan sincablarında ön ayaqlarla arxa ayaqlar arasında uçmaq üçün dar pərdə var. Pərdənin üstü saçağa bənzər tüklərlə örtülüdür. Bəzi növlərdə isə bu pərdə kürklü dəridən ibarətdir. Bu pərdə ön ayağın topuğuna qədər uzanır. Uçan sincab ağacın gövdəsindən tullanır və gərilərək planerə bənzəyən dərinin təsiri ilə havada 30 m məsafə qət edir. Uçan sincab bu xüsusiyyəti ilə quşlar və həşəratlar istisna olmaqla uça bilən heyvanlar arasında ən uzaq məsafə qət edən canlıdır.
Sincab çətin hərəkətləri arxa ayaqları, məsafəni çox yaxşı müəyyən edən iti gözləri, güclü pəncələri və müvazinətini qoruyan quyruğu ilə bacarır. Əlbəttə, bunu edən sincab deyil. Şübhəsiz ki, bu sevimli heyvanları bütün xüsusiyyətləri ilə birlikdə yaradan və onlara bu xüsusiyyətlərdən istifadə etməyi öyrədən uca Allah`dır.

Uçan skat

Bir tondan çox çəkisi olmasına baxmayaraq, dəniz səthindən 2 m havaya qalxıb süzən Mobula skatları Allah`ın müxtəliflik sənətinin ən gözəl nümunələrindən biridir.
Planktonlarla zəngin olan Meksikanın şərq sahilində Kaliforniya körfəzində bu canlılar yüngülcə suyun səthinə tullanırlar. Bu hərəkətin səbəbi hələ məlum olmasa da, elm adamları skatların bu hərəkətləri bədənlərinə yapışan parazit balıqları təmizləmək, qida axtarmaq və ya titrəyişə həssas ovlarını qorxudaraq digər skatların ağzına doğru istiqamətləndirmək üçün etdiklərini düşünürlər. Skatları tədqiq edən bəzi tədqiqatçılar bu canlıların suyun altında ovlarını tutmaq üçün etdikləri hərəkətləri suyun üstündə də edərək ovlarını dar sahəyə sıxışdırdıqlarını və başlarının hər iki tərəfindəki çıxıntılarla ağızlarına doğru istiqamətləndirdiklərini müəyyən ediblər. Skatlar bu qüsursuz xüsusiyyətləri ilə göylərin və yerin Rəbbi olan Allah`ın sənətinin və elminin nümunələrindən biridir:

… Göylərin, yerin və onların arasında olanların səltənəti Allah`a məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)

Uçan balıq

50 cinsdən ibarət ailəyə aid olan bu balıqlar dənizdən çıxıb saatda 42 mil sürətlə uçurlar. Üzgəclərindən qanad kimi istifadə edib qısa məsafələri uçaraq qət edən bu balıqlar 1.5-2.5 m qədər hündürlüyə qalxa bilirlər. Maraqlıdır ki, bu balıqlar dənizdən kənara sıçradıqda nəfəs almamağın lazım gəldiyini bilirlər. Allah`ın ilhamı ilə bu qabiliyyətləri sayəsində milyonlarla ildir yaşayan bu canlılar yaradılış möcüzəsidir və çox mükəmməl varlıqlardır.
Yaşı 100 milyon il olan uçan balıq fosilləri bu canlıların milyon illər boyu heç dəyişmədiklərini sübut edir. Ayədə Rəbbimizin yaratma sənəti belə bildirilir:

Göylərdə və yerdə olanların hamısı Allah`ın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. (Təğabun surəsi, 1)

Uçan qarışqa

Allah`ın üstün ağlı və müxtəliflik sənətinə nümunə olan canlılarından biri olan uçan qarışqalar hamının tanıdığı qanadlı qarışqalardan fərqlidir. Çünki bu həşəratların uçmaq üçün yaradılmış qanadları yoxdur. Lakin Rəbbimiz onlara havada süzmək bacarığını ilham edib. Ona görə, yaşadıqları yerdəki ağacların birindən yıxıldıqda “J” formasını alaraq havada süzür və başqa ağacdan yapışır, canlılara yem olmaqdan xilas olurlar. Allah canlıları yoxdan yaradıb və təbiətdəki hər canlı növü Allah`ın yaratma sənətindəki müxtəlifliyin göstəricisidir. Quran ayələrində belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, qüdrətlidir, müdrikdir. (Rum surəsi, 26-27)

Uçan mürəkkəb balığı

Əksər hallarda uçan balıqlarla qarışdırılsa da, mürəkkəb balıqlarının bu növü uçan balıqlardan fərqli olaraq tərsinə uçurlar. Yırtıcılara yem olmaqdan xilas olmaq üçün dəniz səthindən 20 m hündürlüyə qədər tullana bilən mürəkkəb balıqları havada olarkən üzgəclərindən qanad kimi istifadə edib müvazinətlərini qoruyur və sürətlərini tənzimləyirlər. Allah bir ayədə canlıların xüsusiyyətlərini də yaratdığını belə bildirir:

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir… (Şura surəsi, 29)

Yer üzündə milyonlarla canlı növü yaşayır. Bu canlıların hər biri bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Qanadları olmadığı halda paraşüt və ya planer kimi havada süzən canlılar da Allah`ın yaratma sənətinin nümunələrindəndir və bu xüsusiyyətləri ilə Allah`ın sonsuz elmini nümayiş etdirirlər.

Uçan qurbağa

Allah yaratdığı canlılara çox maraqlı xüsusiyyətlər bəxş edib. Qeyri-adi hərəkətlər edən canlılardan biri də Borneo və Sumatra adalarının sıx meşələrində yaşayan qurbağa növüdür. İncə ayaqları və barmaqlarının arasında pərdə olan bu kiçik ağac qurbağasının ən əsas xüsusiyyəti pərdəli ayaqları ilə havada süzərək uçmasıdır. Ağacların üstündən uçarkən enişi yavaşlatmaq istədikdə ayaqlarından 4 ədəd paraşüt kimi istifadə edir. Ayaq barmaqları arasındakı pərdələri açaraq bədən səthinin sahəsini iki dəfə artırır. Uçan qurbağalar havada 12 m süzə bilirlər. Hətta ayaqlarını hərəkət etdirərək və pərdəli ayaqlarının mövqeyini dəyişdirərək istiqamətlərini də tənzimləyirlər.

Uçan ilan

Cənub-şərqi Asiyada yaşayan bir ilan növü qanadları və havada süzməyə kömək edən bədən üzvləri olmadığı halda, 20 m-dən çox uçur. Yetkin fərdlərinin uzunluğu 1 metrə çatan bu ilanların havada süzmək bacarığı mükəmməl aerodinamik sistemə əsaslanır.
İlan, əvvəlcə, bir budaqdan aşağıya sallanır. Bu zaman bədəni J hərfi formasına düşür. Birdən yuxarıya doğru hərəkətə keçib özünü budaqdan buraxır. Bədənini dümdüz formaya salıb başını yastıladır. Bu, gürzənin yastı ənsəsinə bənzəyir. Bu şəkildə ilanın bədən səthinin sahəsi təqribən iki dəfə artır. İlan sürətini artırdıqca başını və quyruğunun ucunu ortaya doğru qaldırır və bir ucundan digər ucuna “S” formasında dalğalanır. İlanın bu hərəkəti stolun üstündəki qamçının bir ucundan dalğalandırılmasına bənzəyir.
İlanın tullanması başqa heç bir canlıda rast gəlinməyən sistemə əsaslanır. Havada süzməyə imkan verən bu sistem, eyni zamanda, yerə yavaşca enməyi də mümkün edir.
İlanlar manevrlə yanaşı, havaya qalxarkən üstün qabiliyyət nümayiş etdirir. Havaya qalxarkən 1 saniyənin 1/10-dən az müddətdə özünü sürətlə irəliyə doğru itələyir. Bu qısa müddətdə bədənin lazımi formaya düşməsi üçün sinir hüceyrələri və əzələlər arasında mükəmməl mütəşəkkillik baş verir.
Sinir-əzələ tənzimləməsi sinir sistemi ilə əzələlər arasında xəbərləşməyə əsasən, təsir-əks təsir mexanizmi əsasında olur. Bu sayədə minlərlə əzələ lifi eyni zamanda hərəkət edir və ilan havada süzür. Tədqiqatçılar bu hərəkətdə iki müxtəlif əzələ növünün iştirak etdiyini təxmin edirlər.
İlan havada olduqda bir əzələ qrupu bədəni yastılaşdırır, digər əzələ qrupu havadakı “S” şəkilli dalğalanma hərəkətini tənzimləyir. Bu iki əzələ qrupu sinir hüceyrələrindən gələn impulslara görə uyğun şəkildə gərilir. Sinir hüceyrələrindən bu əzələlərə hər an çoxlu sayda əmr göndərilir. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə birtərəfli impulslar kifayət deyil. Əzələlərin verilən əmrə əsasən aldığı vəziyyət sinir hüceyrələrinə ötürülərək mükəmməl nəzarət mexanizmi təmin olunur.
İlanın bu qabiliyyəti və sinir-əzələ sisteminin quruluşu mükəmməl yaradılış nümunələrindən biridir. Allah canlılardakı bütün sistemləri qeyri-adi incəliklərlə yoxdan yaratmışdır. Allah`ın canlılar üzərində təcəlli edən yaratma elmi Quranda belə bildirilir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Quşlar istisna olmaqla, digər uçan canlıların xüsusiyyətlərini tədqiq edən alimlər açıqlamalarında heyranlıqlarını ifadə edirlər. Ancaq bu tərifəlayiq xüsusiyyətlərin heç biri canlıların özündən qaynaqlanmır. Çünki bu canlıların üstün dizayndan, bənzərsiz qabiliyyətlərindən heç özlərinin xəbəri yoxdur. Bu canlılar həmin xüsusiyyətləri özləri qazanmayıblar. Odur ki, bu üstün canlıların əsl sahibi və tərifə layiq olan uca Allah`ı tərifləməliyik. Ancaq unutmaq olmaz ki, Rəbbimizə həmd etməyə ancaq və ancaq bizim ehtiyacımız var. Bir Quran ayəsində Allah belə bildirir:

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”. (İbrahim surəsi, 8)

Uçan kərtənkələ

Allah tropik meşələrdə yaşayan hər heyvana özünəməxsus hərəkət qabiliyyəti ilham edib. Bunlardan biri də ayaqlarının arasında dəri olan uçan kərtənkələdir. Bu dəri sayəsində uçan kərtənkələlər iki ağac arasında 60 metrə qədər havada süzərək uçurlar. Allah yaratma sənətinin qüsursuzluğunu bir ayədə belə bildirir:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 17-18)

Uçan lemur

Uçan lemurlar havada süzən məməlilər arasında ən mükəmməl qanadabənzər dəriyə malikdirlər. Allah bu canlıları çənələrinin altından dırnaqlarına, ön ayaqlarından arxa ayaqlarına, arxa ayaqlarından quyruqlarının ucuna qədər uzanan dəri ilə örtüb. Bədəni başdan-ayağa örtən bu dəri lemura uçarkən itələmə qüvvəsi verir. Möhkəm dırnaqları isə ağacların dik gövdələrinə endikdə asanlıqla yapışmasına imkan verir. Lemurların bu xüsusiyyətləri uca Allah`ın sonsuz qüdrətini və sənətini göstərən nümunələrdəndir. Bir ayədə belə buyurulur:

Sizin yaradılışınızda və (Allah`ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

Allah`ın müxtəliflik sənətinə nümunə: Qanadları olmadan uçan canlılar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma